Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Введите слово для поиска :
Прочее Kamandar Şərifli: “Ömürdən yarpaqlar - gördüyüm torpaqlar”
Səyahət və memuar ədəbiyyatı orta əsrlərdə, müasir roman janrından çox öncələr yaranmağa başlamışdır. Bu ədəbi janrda yazılan kitablar bütün ölkələrdə oxucular tərəfindən maraqla qarşılanır. Bunun əsas səbəbi hansısa qələm sahibinin istedad və fantaziyasının gücünə yazdığı bədii nəsr nümunələrindən fərqli olaraq, səyahət və memuar ədəbiyyatı nümunələrinin öz müəllifini real olaylar çərçivəsində saxlamasıdır.
Başqa cür desək, bədii nəsrin ən populyar janrı olan roman heç bir sərhəd, çərçivə tanımır. Müəllifi şeirdəki kimi qafiyə və vəzn, dram əsərlərində səhnə tələbləri ilə məhdudlaşdırmır, roman oxucusunu göyün ənginliyinə, dənizin dərinliyinə aparır. Lakin tarixi romanlar bir az fərqlidir, tarixi olaylar və faktlar məhək daşı kimi daima müəllifin başı üstünü kəsdirir. Memuar ədəbiyyatı da belədir: müəllif baş vermiş, ötüb keçmiş olaylardan, onların iştirakçılarından, ayrı-ayrı fərdlərdən danışanda gerçəkliklərə, tarixiliyə əsaslanmalıdır.
Bir qayda olaraq, memuar ədəbiyyatı müəllifləri tanınmış şəxsiyyətlər olurlar. Onların keçdiyi həyat yolu nə qədər zəngin olsa, yazdıqları da oxucular tərəfindən bir o qədər maraqla qarşılanır. Məlum səbəblərdən gizli saxlanan, vaxtında deyilib yazılması mümkün olmayan siyasi olaylar müəyyən vaxt keçdikdən sonra qələmə alına bilir. Çox hallarda gerçəklikləri bilmək üçün insanların müəyyən zaman kəsiyinə ehtiyacı olur. Bu baxımdan tanınmış şərqşünas alim, doktor Kamandar Şəriflinin nəşr etdirdiyi “Ömürdən yarpaqlar, gördüyüm torpaqlar” kitabı çox önəmlidir. Keçmişini bilməyənin gələcəyi olmaz. Bu həyatda hər bir kəs öz nəslinin şaxələnmiş şəcərəsinə bağlıdır. Bu şəcərənin qol-budaqları arasında bağlılıq nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəm olar.
Filologiya elmləri doktoru, professor Kamandar Şəriflinin “Ömürdən yarpaqlar – gördüyüm torpaqlar” adlı kitabının qələmə alması da məhz onun öz keçmişinə işıq salması istəyindən irəli gəlib. Kamandar Şəriflinin keçdiyi həyat yolu – uşaqlıq və gənclik illərini, Misirə, İraqa, Yəmənə və İordaniyaya etdiyi səfərləri, eləcə də elmi yaradıcılığını işıqlandıran bu kitabın publisistik üslubda xatirələr şəklində qələmə alınması onun əhəmiyyətliliyini artıran məqamlardandır. Əxlaqi-mənəvi dəyərlərin unudulduğu, tarixə, keçmişə marağın azaldığı, yad dəyərlərin məişətimizə daxil olduğu, əsrlərin sınağından keçmiş adətlərimizin yaddan çıxdığı bir Kamandar müəllim kimi bir ziyalının qələmə aldığı avtobiqorafik kitab cəmiyyət üçün, xüsusilə də gənclərimiz üçün olduqca faydalıdır.
“İnsan ağappaq qar almış kamillik zirvəsindən geriyə boylanaraq ömür yolunu vərəqlədikcə acılı-şirinli, sevincli-kədərli xatirələr yada düşür, xatirələrin axarına düşərək, sanki keçmiş həyatını yenidən yaşamağa başlayır. Mən də həyatımın enişli-yoxuşlu illərini yarpaq-yarpaq çevirdikcə uşaqlıq dövrünün ağrılı, çətin və acı xatirələri gözlərimin önündə canlanır. Hələ gənclik yaşlarında “quşkeçməz” Sovet sərhədlərini adlayaraq, xarici ölkələrə qədəm basmağım, milyonların görə bilmədiyi, ancaq haqqında kitablardan oxuduqları torpaqları, ölkələri, qədim dünyanın möcüzəli mədəmiyyət abidələri ilə ilk tanışlığım, nəhayət demək olar ki, bütün ömrümü həst etdiyim əlyazmaların sehrli dünyası, həyatda və elmdə əldə etdiyim uğurlar yada düşür. İndi bu xatirələri söz-söz, cümlə-cümlə kağıza köçürməyin vaxtı çatmışdır”, - deyən yazan müəllif kitabda təkcə mənsub olduğu nəslin deyil, ümumilikdə yetirməsi olduğu Borçalı mahalının keçmişinə, tarixinə işıq salır. Onun böyüyüb boya-başa çatdığı Ləmbəli kəndinin təbiətindən tutmuş adət-ənənələrinə, tarixinə, əhalisinin ata-baba yurdundan deportasiya edilməsinə qədər hər bir faktı qələmə alması bu kitabın publisitika ilə yanaşı, tarix elmi üçün də qiymətli tapıntı olmasından xəbər verir. Hər birimizə yaxşı bəllidir ki, Vətənimizin dilbər guşələrində sığınacaq verib, yeidrib-içirdiyimiz,
özümüzə dost, kirvə, qızlarını gəlin etdiyimiz ermənilər uzun illər boyu üzümüzə gülə-gülə ayağımızın altını qazaraq, arxadan bizə zərbə vurublar. Onların öz ölkəmizdə özümüzə qarşı törətdikləri xəyanətlərin, qırğınların, faciələrin dəfələrlə şahidi olmuşuq. Taleyinə uzaq ellərdə köçkünlük həyatı keçirmək yazılmış Kamandar Şərifli bütün bu ağrı-acını yaşamış bir insan kimi gəncləri tarixi unutmamağa, törədilən qırğnlardan, təxribat və sui-qəsdlərdən nəticə çıxarmağa səsləyir.
Kitabın ən maraqlı hissələrindən biri də müəllifin Misir, İraq, Yəmən və İordaniya səfərləri ilə bağlı qələmə aldığı xatirələridir. Universitetin üçüncü kurs tələbəsinin a sərhədləri aşaraq xarici ölkəyə getməsi ətrafına poladdan “çəpər” çəkilmiş SSRİ kimi dövlətin mövcud olduğu zamanda həqiqətən həsəd aparılacaq hal idi. SSRİ ilə ərəb ölkələri arasında imzalanmış tələbə mübadiləsi qərarına əsasən, üç tələbə - mən, Kamandar Şərifli və Ziyəddin Yusifov seçilərək Bağdad və Qahirə universitetlərinə göndərildik. Həmin universitetlərdə dövrün görkəmli alimləri, şair və yazıçıları fəaliyyət göstərirdilər. Kamandar Şərifli Misirdə təhsil aldığı və daha sonra tərcüməçi kimi ora göndərildiyi illərlə bağlı bütün xatirələrini, oradakı tarixi abidələr haqqında əldə etdiyi maraqlı faktları, misirlilərin adət-ənənələrini və fərdi keyfiyyətlərini “Ömürdən yarpaqlar – gördüyüm torpaqlar” kitabında qələmə alıb. Müəllifin Bağdad və Yəmən səfərləri zamanı apardığı müşahidələr sayəsində qələmə aldığı xatirələr də ərəb ölkələrinin tarixi ilə tanış olmaq baxımından olduqca maraqlıdır. Kamandar Şərifli görüb-eşitdiklərini, hiss etdiklərini səmimi şəkildə qələmə almaqla, oxucunun qəlbinə yol tapmaqla sanki onunla öz arasında körpü salmağa çalışır. Kitabı maraqlı edən cəhətlərdən biri də məhz budur. Ümid edirik ki, Kamandar Şəriflinin “Ömürdən yarpaqlar – gördüyüm torpaqlar” kitabı keçmişi, tarixi öyrənmək baxımından qiymətli mənbə rolunu oynamaqla yanaşı, həm də gənc nəslə əsl həyat dərsi vermək baxımından olduqca faydalı olacaq.
TEXT +   TEXT -   Печать Опубликовано : 10.08.15 | Просмотров : 3549

Рекомендуем