Главная Карта сайта E-Mail
Навигация по сайту

Статьи

RSS / РСС
 





Введите слово для поиска :
Политика Avropalılar müharibə ərəfəsində?
Artıq elə bir zaman gəlib çatıb ki, rahat avropasayağı həyat tərzinin dağıdıcı vətəndaş müharibəsi ilə əvəzləndiyi, haqsızlığın, ədalətsizliyin tüğyan etdiyi, səfalətin, aclığın artdığı, bir vaxtlar mədəniyyətin beşiyi sayılan şəhərlərin xarabalığa çevrildiyi, uşağa, qocaya aman verilmədən günahsız insanların qətlə yetirildiyi dövrdə yaşamaq məcburiyyətində qalmışıq. İnformasiya müharibəsi, lokal konfliktlər (radikal millətçilərlə miqrantlar) və polislə toqquşmalar artıq başlayıb və yüksələn xətt üzrə inkişaf etməkdədir. 


Bəs görəsən, baş verənlərdə tez-tez adı hallanan avropalılar özləri müharibə istəyirlərmi? Sualın cavabının “Avropalılar müharibə istəmirlər” olacağına əminəm. Amma təəssüf ki, müəyyən xarici qüvvələr onları bu yola sürükləyərək “müharibə qaçılmazdır” fikrini şüurlarına məcburi şəkildə yeridirlər. Xarici qüvvələr dedikdə əlbəttə ki, okeanın o tayında qərarlaşmış yalnız siyasi və maddi maraq güdən - hərbi sənayeni, farmaseptik şirkətləri, zavod və fabrik birliklərini, nəhəng bankları idarə edənlər nəzərdə tutulur. Müharibədə ən çox bank və farmaseptik korporasiya sahiblərinin qazandığı inkarolunmaz həqiqətdir. Biri yüksək faizlə kreditlər verir, digəri dərman satmaqla yanaşı, həm də yeni ixtiralarını insanlar üzərində təcrübədən keçirməyə imkan tapır. Avropa vətəndaş müharibəsinin astanasındadır, desək, heç də yanılmarıq. Bu danılmaz faktdır. Geriyə yol yoxdur. 2015-ci ilin sonunu daxili vətəndaş müqavimətinin kəskinləşmə dövrü və qarşıdurma mərhələsinə keçidin son pilləsi kimi proqnozlaşdırmaq olar. Bunun nə ilə nəticələnəcəyi isə Böyük Fransa inqilabından, yaxud da İngiltərədə Oliver Kromvelin diktaturasının aqibəti ilə bağlı hadisələrdən oxucuların çoxuna yaxşı bəllidir.
Son iki ildə NATO-nun Suriyada başladığı müharibədən sonra Avropa İttifaqı rəsmi Ankaranı ittiham edir. Qərbi Avropaya üz tutan qaçqın axınının qarşısını almaqdan ötrü heç bir addımın atılmadığı irəli çəkilərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kəskin tənqid olunur. Əslində bu, olduqca yanlış yanaşmadır. Avropa İttifaqı özü qaçqın axınının yaranmasının əsasını qoyanlardan biridir. ABŞ generalları NATO vasitəsilə Səudiyyə Ərəbistanı, Qətər və Ərəbistan yarımadasının digər varlı ölkələrinin pulları hesabına Türkiyə və İordaniyada radikal döyüşçülərin hazırlığını maliyyələşdirirlər. İtaliya, Fransa və Böyük Britaniya isə silahla, hava qüvvələri vasitəsilə həmin ölkələrdə bütün mühüm infrastruktur obyektlərini bombalayır, yerli hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətinə salır.  
Artıq üç aydan çoxdur ki, ABŞ-la razılıq əsasında Səudiyyə Ərəbistanı Yəməndə eynən NATO-nun Liviya və İraqda etdiklərini təkrarlayır – Yəmən və onun əhalisi üçün faydalı və lazımlı nə varsa – zavod, fabrik, telekommunikasiya, hökumət binaları – hamısı hava zərbələri ilə məhv edilir.
XXI əsrin vəhşiləri, beynəlxalq “statuslu” quldurlar ibtidai icma quruluşundakılardan heç nə ilə fərqlənmirlər. Sadəcə, indi nizə, ox əvəzinə reaktiv qırıcı təyyarələrdən, kaset bombalardan və kimyəvi silahlardan istifadə olunur. İctimai obyektləri, binaları elektrostansiyaları xarabalığa çevirməyin, tarixi abidələri uçurub-dağıtmağın forması dəyişir, səbəb və məqsəd isə olduğu kimi qalır – zəngin olmaq və insan meyitləri üzərindən nəinki vicdan əzabı çəkmədən, hətta deyərdim ki, nümayişkaranə şəkildə keçərək mövcud beynəlxalq qanunlara məhəl qoymadan dünyanı idarə etməkdir. Quldarlıq dövründə də, orta əsrlərdə də, ilkin kapital yığımı mərhələsində də məhz belə olub və bundan sonra da, yəqin ki, bu cür olacaqdır. Forma dəyişir, mahiyyət isə olduğu kimi qalır – zənginləş və dünyanı idarə et! Öldür, malını zəbt et! 
Bəşəriyyət tarixində silinməz iz qoymuş qanlı-qadalı müharibələrin də, həyata keçirilən inkvizisiyaların da əsasında insanı öz quluna çevirən nəfs, şəhvət hissi, varlanmaq arzusu durur. Bu günədək bəşər tarixinə məlum olan 3600-dən bir qədər da artıq müharibə milyonlarla insan həyatına son qoyub, imperiyaları, ayrı-ayrı ölkələri, dövlətləri məhv edib. Müharibələrin əksəriyyəti kapital və hakimiyyət uğrunda aparılıb. Bu gün də kapital sevgisinə düçar olmuş acgözlər Avropanı və dünyanı uçuruma doğru sürükləyirlər. İndi Avropa özü sonu faciə ilə nəticələnəcək yerli və vətəndaş müharibələrinin astanasındadır. Neft ölkələrinin bütün sərvəti nəhəng kapitalist dövlətləri tərəfindən aşkarcasına talan olunur. İraq və Liviyada qiymətli nə varsa, hamısı iri tankerlərlə “demokratik” Qərbə - Böyük Britaniya, Almaniya, ABŞ və Fransaya daşınır. Bu gün demək olar ki, bütün dünyanı bürümüş, vətəni Benito Mussolininin İtaliyası və Adolf Hitlerin Almaniyası olan “qəhvəyi taun” virusu ilə bağlı hadisələr yenidən təkrarlanmaqdadır. Üstəlik, yeni texniki və yüksək texnologiya bazasına sahib olan bu dəhşətli virus indi daha təhlükəli və məhvedici qüvvəyə malikdir. Yaxın və uzaq keçmiş göstərir ki, “qəhvəyi taun” heç bir sərhəd tanımır, onu idarə edənlər  obyektdən lap uzaqlarda da yerləşə bilərlər.
Fikrimcə, neofaşizm daşıyıcısı olan radikal-millətçilər Avropanın əsas ağası sayılan, okeanın o tayından gələn əmrlərə tabe olan “sivilizasiyalı” avropalılardır. Amerikalılar isə elə zənn edirlər ki, verdikləri əmrlər onlar üçün tamamilə zərərsiz və təhlükəsizdir. Amma bu, çox yanlış fikirdir. XIX əsrdə olduğu kimi yenə də transnasional dəniz quldurları, müasir terrorçular üçün əlçatmaz olduqlarını fikirləşməklə bəşəriyyəti böyük təhlükəyə sürükləyən tarixi səhvə yol verirlər. Bir sıra ABŞ konqressmenləri özlərinin tərki-dünya psixologiyasını, məhvedici ambisiyalarını Avro-Asiya məkanında reallaşdırmaq məqsədi güdürlər. Dəhşətli 11 sentyabr hadisələrindən sonra Nyu-York, Vaşinqton və digər ştatlarda baş verən antikapitalist ruhlu aksiyaları nə tez unutdunuz, cənab senator və konqresmenlər?!
11 sentyabr terror aktını törədənlərin kimlər olduğunu yaxşı bilə-bilə, bu yalanı dünya ictimaiyyətinə zorla sırıyaraq yeni müharibə ocaqları yarada-yarada hara gedirsiniz?! Başqasına quyu qazanın özünün də sonda o quyuya düşdüyünü təsdiqləyən tarixi faktları unutmusunuzmu?! Olmaya dünya şöhrətli alimlərin kəşfləri ilə təsdiqlənən faktları da danmaq niyyətiniz var?! Siz də, biz də bilirik ki, bəşəriyyət nəhəng kainatın bir hissəsidir. Bizim məskənimiz olan Yer kürəsi vahid struktura malikdir. Bu, təbiətin inkarolunmaz qanunudur. Bir ağac nəsli qorxulu virusa yoluxanda bağdakı digər bitkilərin də həyatı təhlükə altına düşür. XXI əsr alimləri, müasir elmi nailiyyətlər bunu artıq sübuta yetirib. Elə isə niyə bəşəriyyətin gələcəyini düşünmürsünüz?! Məgər cəmiyyətin müharibə virusuna yoluxmuş üzvləri öz ailələri, dost-tanışları, qonum-qonşuları üçün təhlükə mənbəyi deyilmi?! Bu gün planetin bir ucunda baş verən hadisənin sədası çox çəkmir ki, dünyanın o biri başından gəlir. Guya demokratiyanın istinadgahı olan Köhnə Dünyada haray salınsa, ilk növbədə Yeni Dünyada – kapitalizmin və imperializmin vətəni sayılan ABŞ-da sədası eşidiləcək. 11 sentyabr terror aktını törədib birbaşa dünyaya nümayiş etdirənlərin öz içinizdən olduğunu bilmirsiniz?! Yalan ayaq tutar, amma yeriməz. Hər şeyin sonu olduğu kimi, bunun da bir axırı var. Yalanınızı etiraf etsəniz, hər şey gün kimi aydın olar.
Özlərini Yer kürəsinin və onun sərvətinin yeganə sahibi hesab edən Qərbdəki və Şərqdəki kapitalizm qulları bütün bunlardan sonra yenə də qədim dövrlərdə və orta əsrlərdəki kimi düşünməyə davam etsələr, bütün dünyaya öz sadəlövhlüklərini nümayiş etmiş olacaqlar. Bu halda planetimizin sözün əsl mənasında cəhənnəmə çevrilməsi reallaşacaq. Hara baxırsan yalnız yalan, şou-biznes əhli və əzablı talelər, dözülməz ağrılar içində  qıvrılan insanlar, çirkabın içində yaşayan və ümidli gələcək vəd etməyən bədbəxtlik nümunəsi olan uşaqlar, körpələr, yeniyetmələr, gözlərində həyat eşqindən əsər-əlamət qalmamış analar, hər cür rahatlıqdan, həyatın bütün zövqlərindən məhrum olmuş, təhsilsiz, işsiz-gücsüz gənc nəslin nümayəndələrini görəcəyik. Belələrinin sayı artıq milyonlarladır. Onları xoşbəxt gələcək qurucuları kimi görmək olarmı?! Şüurları korlanmış, neçə-neçə əzablı insan ömrünün şahidi olmuş insanlardan Avropa hansı mərhəmət hissini gözləyə və ya tələb edə bilər?! Artıq onların normal inkişafı belə sual altındadır. Yaxın və Uzaq Şərqin doğma yurd-yuvalarından didərgin düşmüş bir qaçqın üçün yaşadığı həyatdan dəhşətli cəhənnəm ola bilməz. Müqəddəs kitablardan oxuduğumuz ən qorxulu cəhənnəm əzabını görüblər bu günahsız insanlar. Əşya kimi alınıb-satılan azyaşlı qızların, hamilə qadınların, xəstə qocaların çəkdikləri əziyyətlər həmin kitablarda oxuduğumuz heç bir cəhənnəm əzabından geri qalmır. İndi özünüz deyin, axirətdəki cəhhənnəmin kapitalizm və imperializm krallarının bu dünyada yaratdıqları cəhənnəmdən nə fərqi var? Ən azından axirətdəki cəhənnəmdə hər kəs öz əməllərinə, günahlarına görə cavab verir. Bu dünyadakı cəhənnəmdə isə bətnində körpə daşıyan ana həm öz, həm də hələ dünyaya gəlməmiş övladının əzablarına qatlanır, cəhənnəm odunda yanır. Budurmu texnologiyanın sürətli inkişafı, bəşəriyyətin tərəqqisi?! Budurmu barəsində ağızdolusu danışdığınız Qərb demokratiyası, tərifini yerə-göyə sığdıra bilmədiyiniz Qərb sivilizasiyası?!
Afro-Ərəb ölkələrindən gələn qaçqın axınının qarşısını necə almaq olar? Bu gün bütün dünya bu sual ətrafında düşünür. Amma heç kim onların kimin günahı ucbatından doğma yurd-yuvalarından didərgin düşdüyü haqda danışmaq istəmir. Axı onlar da bir müddət əvvəl bizim kimi suveren dövlətin vətəndaşı idilər. Avropanın kütləvi informasiya vasitələri bu mövzuya toxunmaq belə istəmir. Düşündüyünü dilə gətirməyə cəsarət edən tək-tük jurnalistlərin taleləri isə sonda qaçqınlarınkından da pis olur. 
Çəkdikləri əzablara baxmayaraq, bu məsum insanlar başlarına gələnlərdə Avropanın sadə vətəndaşlarını günahlandırmırlar. Qərb siyasətçiləri kimi “dahi”, “geniş dünyagörüşlü”, “mədəni” olmasalar da, onlar yaxşı anlayırlar ki, iddialı Qərb və Şərq siyasətçilərinin acgözlüyünün qurbanı olublar.  Okeanın o tayından idarə olunan, əvvəlcə millətini uçuruma sürükləyən, ardınca isə özləri bu uçurumun dibinə yuvarlanan siyasətçilərin... Bu uçurumda hamıya yer var – qaçqınlara da, mühacirlərə də, sülhsevər avropalılara da, faşist ruhlu və düşüncəli radikal avropalılara da. Baş verənlərin əsas səbəbkarı olan, şəxsi mənafelərindən başqa heç nə barədə düşünməyən radikal millətçilər, neofaşistlər sonda özləri də NATO və onun şərqli dostları tərəfindən viran qoyulmuş torpaqların məcburi köçkünləri üçün hazırladığı uzunmüddətli tələyə düşəcəklər.
Əgər demokratiyanın işığı budursa, görəsən Qərbdəki bu idarəçilik sisteminin zülməti necədir? Olmaya işıqla zülmət qarışıb yaradıcılıq üçün yararsız olan donuq və sönük rəng çaları əmələ gətirib ki, onun da nə işığı, nə kölgəsi heç nəyə yaramır?
Bir zamanlar maarifçiliyin beşiyi sayılan Avropa indi ABŞ-ın və qismən də Böyük Britaniyanın əsirinə, müharibə poliqonuna çevrilib. Hər iki ölkə öz siyasi-iqtisadi prioritetlərini irəli sürmək və onları Avropa İttifaqına “sırımaq”la məşğuldur. Guya bu yolla indiyə kimi ABŞ, İngiltərə və Fransanın koloniyası qismində qalmış Almaniya öz iqtisadi çiçəklənmə dövrünü davam etdirəcək!
1980-ci ilin ortalarında SSRİ könüllü şəkildə öz payından – II Dünya müharibəsində məğlubiyyətə uğratdığı Almaniyanın dörddə birindən imtina etdi. 1986-cı ildə SSRİ həmin torpaqları bütünlüklə Qərbin ixtiyarına verdi. Təkcə bu əməlinə görə SSRİ-nin o zamankı prezidenti, əslində isə Qərbin rezidenti olan (Mənim buna şübhəm yoxdur)  M.Qorbaçovu ciddi şəkildə cəzalandırmaq lazım idi. O cümlədən də onun paxırlarını ört-basdır edən silahdaşı E.A.Şevarnadzeni. Təəssüflər olsun ki, onların heç biri öz cəzasını çəkmədi. Biri bütün SSRİ xalqına qarşı törətdiyi günahı özü ilə o dünyaya apardı. Digəri isə vicdan əzabı çəkmədən yaşayır və hələ bundan sonra da uzun illər yaşamaq niyyətindədir.
Kimsə deyə bilməz ki, M.Qorbaçovun bu gün Avropada, eləcə də Şərqdə baş verən faciələrlə birbaşa əlaqəsi yoxdur. Mühakimə etmək əvəzinə onu hələ Rusiyanın “Müqəddəs apostol Andrey Pervozvannı”ordeni ilə mükafatlandırdılar. Görəsən, hansı xidmətlərinə görə?! Rəsmi dildə deyildiyi kimi, “Sovet İttifaqını layiqincə idarə etdiyi üçün?” Bu, siyasi riyakarlıqdan başqa bir şey deyil! Onun səhvinin qurbanı olmuş Rusiya xalqının ünvanına birbaşa təhqirdir!!!
Bu gün gah orda, gah burda alovlandırılan müharibə ocaqları hər iki qitə və ümumilikdə dünya tarixində silinməz qara iz qoyacaq. Qardaşın qardaşa silah çəkəcəyi həmin savaş bu gün Ukraynada baş verənlərdən qat-qat qorxunc və dəhşətli olacaq.
Müharibənin əleyhinə olan avropalı siyasətçilər, dövlət başçıları, məmurlar və sadə xalq isə iki od arasında qalacaq. Bir tərəfdə ABŞ-a itaət etməmək qorxusu, digər tərəfdə gündən-günə sərtləşən yumşaq demokratiya sisteminin qaçılmaz məhvi. Tezliklə bu sistemdən yalnız bəzi az yararlı elementlər qalacaq.  
Məqalənin başlığındakı suala gəlincə, bunun bir cavabı var: “Avropalılar müharibə istəməsələr də, tezliklə savaş başlayacaq”. Avropa siyasətçilərinin ciddi yanaşmadıqları əksər avropalıların iradəsi əleyhinə olsa belə bu müharibə başlayacaq.
Baş verənlərin bizə necə təsir göstərəcəyinə gəlincə, buna cavab vermək o qədər də asan deyil. Amma əminlik hissi ilə bildirmək istərdim ki, bizim dövlətimiz Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya və Gömrük ittifaqlarının komandasında olacağı təqdirdə çox cüzi itki verməklə xilas ola bilərik. Bu təşkilatlara üzv olan dövlətlərin qarışıq yolla – eyni vaxtda həm kapitalizm, həm də sosializm yolu ilə addımlamaq şansı var.
Yaxın qonşudan yaxşı dost yoxdur bu həyatda. Bundan gözəl nativ ola bilməz. Bu, mənim şəxsi fikrimdir. Və mən əminəm ki, dünya maliyyə, iqtisadi, ideoloji böhranının və idarəolunmaz hərbi-siyasi hərc-mərcliyin itkilərini məhz bu yolla minimuma endirmək olar.
TEXT +   TEXT -   Печать Опубликовано : 08.09.15 | Просмотров : 2203

Рекомендуем