ANN.Az-ın müsahibi "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevdir. Sabiq komitə sədri müsahibə zamanı Nardaranda baş verən hadisələrin əsl mahiyyətindən, bundan sonra yaranacaq vəziyyətdən və məlum hadisədən sonra dinə qarşı münasibətin hansı səviyyədə olmasından söz açıb.
- Noyabrın 27-də Bakının Nardaran qəsəbəsində baş verən insidentdin mahiyyət etibarilə əsas səbəbi nə idi?
- Nardaran hadisələrinin əsl səbəbini axtarsaq, o səbəb indi deyildiyi kimi sosial, iqtisadi məsələlərlə bağlı deyil. Burada söhbət siyasi dövlət məsələlərindən, sistemi dəyişməkdən gedir. Yəni bizim dünyəvi sistem mini sistemə çevrilib. Oranın öz astanası var. İllərdi sistem bu şəkildə işləyib davam edirdi. Amma hadisələr bu səviyyəyə yəni terror səviyyəsinə gəlib çatmamışdı. Çox təəssüflər ki, terror da baş verdi. Buna görə də biz artıq deyə bilərik ki, Nardaranda eksretmizm ocaqları var. Bu ocaqları da söndürmək lazımdır. Bunun üçün dövlət gərək cəsarət göstərsin. Ümumiyyətlə, hadisələr baş verməmişdən öncə hər kəs bunu dərk etməlidir ki, dövlətin polisinə güllə atan hər bir şəxs layiqli cəza alacaq. Bu hadisəni törədənlər və bunun üçün xüsusi canfəşanlıq göstərənlər, terroru törətməyə vadar edənlər də öz cəzalarını almalıdırlar.
- Bu hadisələrdən sonra ölkədə xarici qüvvələrin təxribat törətmək ehtimalı varmı?
- Hesab edirəm ki, vəziyyətdən istifadə edə bilərlər. Çünki həmin hadisələr zamanı dövlətin əleyhinə bir neçə təhdidlər səsləndirildi. Dövlət məmurlarına qarşı, terror aktı etmək, "paytaxtda terror törətmək” bu ifadələri onlar öz aksiyaları zamanı dilə gətiriblər. Bizim ölkədə tək bu kimi şəxslər dövlət əleyhinə işləmirlər, həmçinin ölkədə başqa dini qruplar da var ki, dövlətçilik əleyhinə işlər aparırlar. Artıq bir qrup dindarlar Suriyaya, İraqa gedib. Başqa bir qrup isə başqa dini təşkilatlara qoşulub. Digər qrup isə ölkəmizdə fəaliyyətdədir. Əgər bu qruplardan hansısa biri burda, yəni Bakının özündə terror aktı törətsə, ilk növbədə terror törədəni tapana qədər artıq bütün şübhələrin hamısı Nardaranın üzərində toplanacaq. Çünki bu ifadələri onlar özləri işlədib. Onlar bu kimi ifadələri işlədiblərsə, artıq başqa qruplar da Azərbaycanda terror törətməkdə maraqlı olacaqlar. Bu həm ictimaiyyət, həm də dövlət üçün çox qorxulu, təhlükəlidir. Buna görə də bu kimi tədbirlərin qarşısını almaq üçün indidən tədbirlər görülməlidir.
- Nardaran da baş verən insidentdən sonra ölkədə dinə qarşı münasibət dəyişəcəkmi?
- Son 15 ili nəzərdə tutub deyirəm ki, Azərbaycanda dövlətlə din arasında gərginlik yoxdur. Bunu açıq şəkildə demək lazımdır. Azərbaycanda dinlə dövlət arasında heç bir anlaşılmazlıq yoxdur. Nardaranda gedən proseslər dindən istifadə edib siyasi sistemi dəyişmək və digər sistemə keçməyi planlamaq deməkdir. Yəni dövlətin dinə qarşı münasibəti, bundan sorada dəyişməyəcək. Yəni bu proseslərin baş verməsi, Azərbaycanda dinə qarşı heç nəyi dəyişməyəcək. Bu hamıya aydındı. Dinə münasibətin dəyişməyi o halda baş verə bilərdi ki, dinlə dövlət arasında hansısa neqativ hallar mövcud olsun.
- Nardaran qəsəbəsinin mühasirəyə alınması və orada yaşayan əhaliyə verilən elektrik enerjisinin kəsilməsini necə qiymətləndirisiz? Sizcə bu addımın atılması Nardaran əhalisini dövlətə münasibətini pisləşdirməyəcək?
- Hesab edirəm ki, məlum hadisələrdən sonra Nardaranın mühasirəyə alınması, orada postların qoyulması düzgündür. Amma postlarda olan polislərin yoxladığı maşınları daha sonra Nardaran əhalisi yoxlayırsa, orada tam şəkildə dövlətə inamın olmadığı bir daha üzə çıxır. Bunun özü mənfi haldır. Əgər bu avtomobilləri dövlətin özü yoxlayırsa, o avtomobil qəsəbəyə keçməlidir. Bunu ikinci dəfə başqaları tərəfindən yoxlanılması isə anormal haldır. Yəni ora gedən şəxs polis nəzarətindən keçibsə, ikinci dəfə kiminsə tərəfindən yoxlanılmaına nə ehtiyac var? Bundan başqa qəsəbədə işığın kəsilməsinə gəlincə, fikrimcə, belə bir addımın atılmasına ehtiyac yoxdu idi. Bu ancaq qəsəbə sakinlərini qıcıqlandıra bilər. Çünki onsuz da onlar indiyə kimi işıq və su pulu vermirdilər. İndi kimi niyə kəsilmirdi? İndi kəsdilər. Əksinə indi işıqları və digər kommunal vasitələri kəsməli deyildilər, dövlət göstərməli idi ki, onlara diqqət həmişə olub, indi də var. Söhbət orada işığın, suyun kəsilməsindən getmir, söhbət orada olan ideoligiyanın dəyişdirilməsindən gedir. Çünki işığın kəsilməsi ilə o ideologiya dəyişilməyəcək. Əksinə o ideologiyanın sahibləri, dövlətə qarşı nifrətlərini daha da artıracaqalar.
- Cəmiyyət belə məqamlar da hansı addımı atmalıdır?
- Ümumiyyətlə, belə məsələlərdə ictimaiyyət kənarda saxlanılmalıdır. İctimaiyyət başa düşməlidir ki, bu dinə qarşı, islama qarşı olan bir hərəkat deyil. Bu yalnız dindən esktremizm, terrorizm üçün istifadə edən insanlara qarşı götürülmüş ölçüdür. Heç bir ideologiya, o cümlədən dini ideologiya dövlətçiliyin əleyhinə istifadə olunmamalıdır. Cəmiyyət bunu başa düşməlidir.
"Nardaran Azərbaycanın Konstitusiyası çərçivəsinə qaytarılmalıdır..."
Qanunlar orada da tətbiq olunmalıdır. Azərbaycanın Konstitusiyası Nardaranda da işləməlidir. Əgər bu gün Azərbaycan Respublikasının Konstitusiyası Nardaranda işləmirsə, orada icra hakimiyyəti yoxdursa, polis qüvvələri orada özlərini qorxulu vəziyyətdə hesab edirsə, deməli, bura Azərbaycanın qanunla idarə olunan qəsəbələr siyahısına daxil deyil. Bunu nəyin hesabına olursa olsun, geri qaytarmaq lazımdır. İstər gücün, istər təbliğatın hesabına, nəyin hesabına olursa olsun, Nardaran Azərbaycanın Konstitusiyası əhatəsinə qaytarılmalıdır.