Ãëàâíàÿ Êàðòà ñàéòà E-Mail
Íàâèãàöèÿ ïî ñàéòó

Ñòàòüè

RSS / ÐÑÑ
 





Ââåäèòå ñëîâî äëÿ ïîèñêà :
Èíòåðâüþ “Ramiz Mehdiyevə bacardığım qədər etiraz etdim” - MÜSAHİBƏ
Modern.az saytının “Siyasətçi və din” rubrikasının növbəti qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevdir. Onunla söhbəti təqdim edirik.

- Rafiq müəllim, bir neçə kitabınızı oxumuşam. Məndə belə qənaət yaranıb ki, siz İslam dininin tarixini və mahiyyətini fərqli prizmalardan dərindən araşdırmağa çalışırsınız. Siz digər dinləri də dərindən tədqiq edirsiniz, yoxsa düşünürsünüz ki, hələ bu istiqamətdə çox çalışmaq lazımdır.


- Mən İslam dinini çoxdan öyrənməyə başlamışam. Tələbə olarkən 1967-1968-ci illərdə İraqda “Quran” kurslarına getmişəm. Bağdaddakı din kurslarında İslamı dərindən öyrənməyə başlamışam. Mən bundan əvvəl uşaq olarkən də kəndimizdə, Ağdamın Quzanlı sovetliyinin İmamqulubəyli kəndində dini mərasimlərdə iştirak edirdim. Bizim kənd şiə kəndi idi. Mənim anam Ağdamın Seyidli kəndindən, atam isə vaxtilə (XIX) əsrin sonunda Lacından gəlmiş 7 kürd ailəsinden anadan olub. Elə onlarda indiki İmamqulubəyli kəndinin əsasını qoymuşlardandır. Babam Kür Əli (ona belə deyirmişlər) müharibə (1941-1945-ci) illərdə o kənddə kolxoz sədri olub. Odur ki, mənim hər iki məzhəblə qarışıqlığım var. Mənim isə sadəcə olaraq həmişə dinə marağım olub. Bununla belə, mən İslamla yanaşı, digər dinləri də öyrənmişəm.
Çünki öz dinini daha dərindən təhlil etmək üçün başqa dinlərin də öyrənilməsi vacibdir. Bu nöqteyi-nəzərindən mən xristianlığı, yəhudiliyi, hətta buddizmi dərindən bilirəm. Dinləri müqayisə etmək üçün mənim mənəvi haqqım və imkanım var.

- Şiə təfəkkür tərzi yaşadığınıza görə, yəqin ki, əsasən Aşura mərasimlərində iştirak edirdiniz. Zəncir vurub, sinə döyürdünüzmü?

- Bu mərasimlər bizim evin qonşuluğunda keçirilirdi. Mən sinə döymək, zəncir vurmaq, baş yarmaq proseslərində iştirak etməmişəm. Amma Aşura mərasimlərində olurdum. Mən şəbehlərdə adətən imam Hüseynin “atının” yüyənindən tuturdum. Bu işi mənə həvalə etmişdilər. Hamı bilirdi ki, mən baş yarmaq, sinə döymək, zəncir vurmaq istəmirəm. Mən baş yarmağı, sinə döyməyi, zəncir vurmağı özümə sığışdırmırdım. Əgər əzab lazımdırsa, onu öz daxilimdə çəkərəm. Bu əzabı başqasına nümayiş etdirmək lazım deyil.

- Bəzən insan yaşa dolduqca, uşaqlıqda icra etdiyi hansısa dini ayinlər ona primitiv gəlir. Bu sizdə də belədirmi?

- Düzünü desəm, yox. İcra etdiyim ayinlərin heç biri mənə indinin özündə də primtiv görünmür. Mən indiyə qədər gördüyüm dini mərasimlərdə insanların səmimiliyini müşahidə etmişəm. Buna görə də, heç bir təəssüf hissi keçirmirəm.

- Mənim üçün maraqlıdır, Rafiq Əliyev dindar idimi, yəni İslam dininin zəruri ibadətlərini edirdimi?

- Mən orta məktəbdə də, ali məktəbdə də oxuyanda zəruri dini ayinlərin heç birini etməmişəm. Bilirdim ki, dini biliklər və dünyəvi biliklərin çox olması, onların yayılması ən böyük savablardan biridir. Mən bu yolu seçdim, amma dindar olmadım. Lakin imanlı bir insan oldum. İmanlı insanla dindar insan fərqlidir. Əslində, özündən asılı olmayaraq hamı imanlıdır.

- Bu gün də dindar deyilsiniz?

- Bu günün özündə də dindar deyiləm.

- Amma dini hərtərəfli şəkildə araşdırırsınız. Buna görə ilk baxışda belə təəssürat yaranır ki, Rafiq Əliyev ilahiyyatçı, ya da dindardır.

- İmanlı insanın özü dinə çox böyük hörmət bəsləyir. Hesab edirəm ki, din, iman mütləq cəmiyyətin həyatında olmalıdır. Bu hər ikisi olmasa, insan çox böyük boşluq hiss edər. Elm, incəsənət kimi, din də vacibdir. Bu üç elementdən hansı birini cəmiyyət həyatından çıxarsalar, cəmiyyətdə çox böyük hərc-mərclik olar. Cəmiyyətə din mütləq lazımdır, çünki bəzən insanlar özlərinə aid məsələləri, təskinlikləri məhz dində tapır.

- Beyninizdə sizin də nə zamansa dinlə təskinlik tapacağınıza dair düşüncə varmı?

- Mən din deyərkən, təkcə, Allahın mövcudluğunu, başqa bir elementləri qabartmaq istəmirəm. Bu dünyanı, kainatı yaradan bir qüvvə var. Biz də, hər bir canlı da, cansız da, planetar energetikanın bir hissəsiyik. Mən də bu bir hissə olduğum üçün hesab edirəm ki, bütün kainat hər kəsə kömək edir. Mən də bu kainatın bir parçasıyam.
Mən arzularım, niyyətlərimə görə ilahi bir qüvvəyə, mələklərə, paralel dünyaya müraciət edirəm. Bəzən də mənə elə gəlir ki, onlarla söhbət edirəm. Düşünürəm ki, onlar bizim üçün pislik istəmirlər. Onlar bizim arzularımızın yerinə yetirilməsinə köməklik edirlər. İndi də tibb elmində müəyyən olunur ki, bu cür varlıqlar haqqında informasiyalar bizim şüuraltımızda yerləşir. Şüuraltı səviyyədə olan bütün məlumatlar bizim üçün ən böyük yardımdır. Şüuraltı birbaşa kainatla bağlıdır. Lakin kainatın kimlə bağlı olduğunu mən dəqiq deyə bilmirəm. Mən çətinliyə düşəndə onlara müraciət edirəm. Hələ mən bu günə qədər müraciətlərimə “yox” cavabı almamışam.

- Bayaq dediniz ki, Bağdadda “Quran” kursları keçmisiniz. Bu, necə baş vermişdi? SSRİ kimi ateizm təbliğatı aparan nəhəng imperiya buna necə şərait yaratmışdı?

-Heç vaxt sovet ölkələrindən gedən tələbələri “Quran” kurslarına buraxmırdılar. Biz dövlətin xətti ilə dördüncü kursu Bağdad universitetində oxuyurduq. Yalnız mən və tələbə yoldaşım gizli şəkildə “Quran” kurslarına getdik. Bundan sovet hökumətinin xəbəri yox idi. Sonradan səfirlik bundan xəbər tutdu. Bizi səfirin müşaviri yanına çağırdı.
Bizimlə söhbətində niyə “Quran” kurslarına getdiyimizi sual etdi. “Siz axı komsomolsunuz. Biz ateizm ideologiyasını təbliğ edirik. Biz dini ideologiyanın əksi olan ateizm ideyasının daşıyıcısıq. Amma siz gedib “Quran”ı, dini öyrənirsiniz. Deməli sizin sovetin ateizm ideologiyasına inamınız yoxdur?” dedi. Bu zaman mənə ola bilsin ki, yuxarıdan gələn bir kəlam kömək etdi.
“Siz dini düşmən hesab edirsiniz?” deyə sual etdim. Dedi ki, “bəli!”. Mən isə ona bildirdim: “Düşmənlə mübarizə aparmaq üçün birinci onun ideologiyasını öyrənmək lazımdır”. Səfirin müşaviri başa düşdü ki, mən bunu həqiqətən demirəm. Lakin diplomatik ifadəni tapıb işlətdiyimə görə bizə “Quran” kurslarına getməyə icazə verdi.
Məsuliyyəti də boynuna götürdü. Din kurslarında birinci azərbaycanlılar olduğumuz üçün o fakültənin dekanı bizi evinə qonaq çağırdı. Qayıdanda aeroportda çoxlu yükümüz var idi. Yükümüz normadan 80 kilo artıq idi. Biz həmin dekana zəng etdik, o da yükümüzü pulsuz olaraq keçirtdi.

- Mən yaşımın və vaxtımın imkan verdiyi qədər “Quran”ı iki dəfə oxumuşam. Amma hələ də mənim üçün “Quran”da tam aydın olmayan, ziddiyyətli məqamlar var. Siz özünüz də dini araşdırmısınız, maraqlıdır bununla belə, sizin üçün paradoksal məqamlar hələ də qalıbmı?

- Əlbəttə ki! Mənim üçün bu günün özündə də “Quran”da başa düşmədiyim məqamlar çoxdur. Mən onları sadalamaq istəmirəm. İnsanın “Quran”ı başa düşməsi tədricən olan prosesdir. İnsan dini yalnız tədricən qəbul edə bilir. “Quran”ı birinci dəfədən tamamilə qəbul etmək və orada yazılanları mükəmməl bilmək heç böyük din alimlərinə də nəsib olmayıb. “Quran”ın böyük hissələri hələ tam öyrənilməyib. Buna görə də mən deyə bilmərəm ki, “Quran”ı 100 faiz başa düşürəm.

- Rafiq müəllim, mənə elə gəlir ki, “Quran” kimi, ateizmin özündə də çoxlu başa düşülməyən məsələlər var. Yəni, ateizmdə də məntiq, rasional təfəkkürə söykənən arqumentlər var. Bilmirəm, bunu etiraf edəcəksiniz, yoxsa yox!

- Mən düşünürəm ki, ateizmlə din eyni vaxtda yaranıb. Çünki Məhəmməd peyğəmbər dini təbliğ edərkən onun əleyhinə olan qüvvələr fəaliyyət göstərib. Onlar təkallahlılığı rədd edirdilər. Bu, dinlə eyni vaxtda yaranıb. Onların da arqumentləri var idi. Bu gün ateizmin arqumentləri başa düşülsə də, yeganə bir məqam həmişə məni narahat edib. Bu gün insanın, kainatın necə ardıcıl şəkildə yarandığını təyin edən nə din, nə də elmi əsaslar var. Bu iki zəiflik həm dində, həm də ateizmdə mövcuddur. Buna görə də onlar arasında mübarizə uzana-uzana gedir.

- Dediyinizdən belə başa düşdüm ki, “Quran”da dünyanın yaranması ilə bağlı ayələri tam həzm edə bilmirsiniz.

- Bəli, elədir ki, var. Çünki mən o ayələri tam başa düşə bilmirəm. Həm də məsələn, xristianlıqda var ki, Allah 6 günə dünyanı yaratdıqdan sonra, yeddinci gün istirahətə getdi. O zaman sual olunur ki, Allah bu qədər güclüdürsə, onun istirahətə nə ehtiyacı var?! Yaxud xristianlıqda hansısa keşişin günahları bağışlamasını anlaya bilmirəm. Rahiblik xristianlıqda yoxdur, amma bu gün bu dini status xristianlıqda geniş yayılıb.
İslamın özündə də bəzi təriqətlər var ki, onlar “Quran”ın dediyi məzmundan tamamilə kənardır. Bu gün bəziləri zahidlik həyatı sürür, bunu dinlə əlaqələndirir. Halbuki dünya nemətlərindən imtina “Quran”da buyurulmayıb.

- Söhbətimizin əvvəlində dediniz ki, dinləri müqayisə etməyə mənəvi haqqınız çatır. Bəs 3 səmavi dini müqayisə edəndə onlar arasında hansı ziddiyyətləri üzə çıxarmaq olar? Nəzərə alaq ki, “İncil”in prinsipləri ilə “Quran”ın və “Tövrat”ın hökmlərindən fərqlidir.

- Bu ziddiyyətlər nədən əmələ gəlir?! Buna baxmaq lazımdır. “Tövrat” bir millətə göndərilən kitabdır. Yəhudi olmadan “Tövrat”a itaət etmək buyurulmayıb. Mən hesab edirəm ki, yəhudilərin dini ağaların, aristokratların dinidir. O, kütlə üçün yaranmayıb. Xristianlıq isə əzab çəkmiş təbəqənin, yoxsulların, imkansızların dinidir.
Xristianlıq yəhudilərin dininin içərisindən çıxıb. O, İsa peyğəmbərin vasitəsi ilə təbliğ olunmağa başlayıb. İsa peyğəmbəri ona görə çarmıxa çəkdilər ki, o, aristokratların dinini kasıbların, fəhlələrin səviyyəsinə endirmişdi. Xristian dinində məni maraqlandıran Allahın üç sifətinin olmasıdır - Ata, Oğul, Müqəddəs Ruh. Mən düşünürəm ki, bu, ola bilməz.
Bunu “Quran” özü də inkar edir. İslam dinində İsa peyğəmbər bir peyğəmbər kimi qəbul olunur, amma onun Allahın oğlu olması təkzib edilir. Bizim adamların çoxunun bilmədiyi bir şeyi demək istəyirəm.
Bu günə qədər katoliklər Məhəmməd peyğəmbəri İslam dininin peyğəmbəri kimi qəbul etməyiblər. Məhəmməd peyğəmbər heç zaman xristianlar tərəfindən Allahın peyğəmbəri kimi qəbul olunmur.

- Maraqlıdır. Mən şəxsən bunu birinci dəfədir sizdən eşidirəm. Bəs səbəb nədir?

- Çünki Məhəmməd peyğəmbər İsanın Allahın oğlu olmamağını deməsi, bu barədə ona ayə gəlməsi, xristianlıq dinini məhv edir. Xristian dininin içərisindən İsa peyğəmbəri çıxartsaq, o dində heç nə qalmır. İslamla xristianlıq arasında belə fundamental ziddiyyətlər hələ də mövcuddur.
İslam dini o biri səmavi dinlərdən fərqli olaraq bütün dünyaya, bütün insanlar üçün gəlib. Burada nə varlı, nə kasıb, nə döyülmüş, nə də sarsılmış təbəqə var. Dinimizdə qeyd olunur ki, bütün insanlar Allah qarşısında bərabərdir və onlar hamısı zümrəsindən asılı olmayaraq, Allah qarşısında cavab verəcəklər.
3 səmavi dinin fərqini burda axtarmaq lazımdır. İslam Allahla insan arasında heç bir vasitəçi qoymur. İslam heç bir zümrəyə xidmət etmir. Xristianlıqda dini mərtəbələr var. İslam isə belə bir şeyi tanımır.

- Amma ierarxik mərtəbə İslam dininin yayıldığı coğrafiyada var. Məsələn, molla, axund, şeyx və s. Bəs bu nədir?

- Bu, sonradan ortaya atılan şeylərdir. “Quran”da belə bir şey yoxdur.

- Mənə elə gəlir ki, Rafiq Əliyev dinləri araşdırsa da, onda həmin dinlərin ilahi vəhyin təcəssümü olduğuna dair fikirlər yoxdur.

- (Gülür). Mən həmin səmavi dinlərin ilahi mənbəyinin olduğunu bilirəm. Mən kitabların birində yazmışam ki, uşaq ana bətnində olarkən 21-ci gün onun ürəyi döyünməyə başlayır. Bu anda ora kosmik enerji, ilahi enerji gəlir. İman da həmin 21-ci gün insanın ürəyinə daxil olur. İnsan öləndən sonra həmin enerji onun ürəyindən çıxır. Mən onun ilahi enerji olduğunu bilirəm. Hər üç səmavi dinin ilahi enerjisi var.

- Müqayisəni “İncil”lə “Quran” arasında quracağam. Çünki sualım sırf bu iki dinin kitabı ilə bağlı yaranan ziddiyətli fikirlərlə bağlıdır. İddia olunur ki, “İncil” Allahın kitabı olsa da, o dəyiikliyə məruz qalıb, “Quran” isə yox. Maraqlıdır hər ikisi Allahın kitabıdırsa, bu paradoksal düşüncə hardan qaynaqlanır?

- Sualınıza cavab verəcəyəm. Amma bir məqamın üzərindən keçmək istəmirəm. Mən “Tövrat”ı oxumuşam. Ordakı Allah çox zalımdır. “Tövrat”da Allahın öz bəndələrinə dedikləri məni o qədər sarsıdıb ki, elə bir Allahı qəbul edə bilmirəm. Orada Allah onun dediklərini etməyənləri sərt şəkildə cəzalandıracağını bəyan edir. Sonda isə buyurur ki, insanlar onun dediklərini etməsə, həmin adamları öz övladlarının ətini yeməyə məcbur edəcək. Mən belə bir Allahı təsəvvür edə bilmirəm. Bu gün “Tövrat”da olan bu məqamı heç kim üzə çıxarmaq istəmir. Mən isə bunu qabartmışam. Buna görə Amerikadan mənə etirazlar gəldi. Dedilər ki, iddialarım yanlışdır. Mən isə iddiamı sübut etmək üçün “Tövrat”ın özündən sitatlar gətirdim. Sonra inandılar və düz dediyimi bildirdilər. “Tövrat”da olan bu nüansı yəhudilər irəli çəkmirlər, amma öz dinlərini aristokrat dini kimi saxlayırlar.
Xristianlıqda dəyişiklikər dedikdə isə bəzi nüansları nəzərə almaq lazımdır. Birincisi, xristianlığın Allah tərəfindən göndərilmiş dini kitabı yoxdur. İsa peyğəmbər çarmıxa çəkiləndən sonra onun şagirdləri tərəfindən “İncil” qələmə alınıb...

- Sözünüzü kəsməli olacağam. Çünki, bu məntiqdən çıxış etsək, eyni məqamı “Quran”a da aid etmək olar. Çünki “Quran” özü də Məhəmməd peyğəmbər vəfat edəndən sonra bir kitab halına salınıb. Belə çıxmırmı ki, siz məsələni tərəzinin eyni gözünə qoyursunuz?

- Diqqətli olmaq lazımdır. Məhəmməd peyğəmbərə ayələr nazil olduqca, onlar daşlara, dəri üzərinə yazılırdı. Həmin ayələr Osmanın dövründə bir araya gətirilib sistem halına salınıb. Xristianlıqda isə İsa peyğəmbərə ayələr gəlməyib. Xristianlıq İsa peyğəmbərin həyatının necə keçdiyini aydınlaşdıran kitabdır. Bu kitab İsa peyğəmbərin 4 həvarisi tərəfindən yazılıb. Onlar arasında da fərqlər var. Bir sözlə, xristianlığın Allah tərəfindən gələn kəlamları yoxdur.

- Məhəmməd peyğəmbərə gələn ayələri qələmə alan xəttatlar olub. Bəzi mənbələrdə oxumuşam ki, həmin xəttatlar öz şəxsi hisslərini də bu ayələrə qatıblar.

- Belə ziddiyyətlər ortaya çıxa bilər. Bir ziddiyyət də Osmanın “Quran”ı kitab halına salması ilə bağlı ortaya çıxa bilər. İndiki əlimizdə olan “Qurani-Kərim” Məhəmməd peyğəmbərə Allah tərəfindən nazil olunduğu kimi deyil. İndi biz oxuduğumuz “Quran” redaktə olunmuş bir kitabdır.

- Yəni bu iddiadasınız ki, “Quran” təhrif olunmasa da, müəyyən dəyişikliyə məruz qalıb?

- Mütləq şəkildə redaktələr olub. Çünki ayələrin yerləri dəyişdirilib, məsələn ilk ayələr sona, son ayələr isə başqa yerlərə gətirilib çıxarılıb. Osman öz təsəvvürünə görə ayələri “Quran”da yerləşdirib. Osman “Quran”ı dörd nüsxədə yazdırıb. Bizim alimlər bəzi detalları üzə çıxarmaq istəmirlər. O zamankı tarixi mənbələrdə belə bir şey var: “Xəlifə Osman “Quran”ı redaktə etdi”. Redaktə sözünün özü kifayətdir. Redaktə vaxtı ola bilər ki, nələrsə dəyişilsin. Amma bizim müsəlmanlar redaktə sözünü ortaya çıxarmaq istəmirlər. Bu günümüzdə olan “Quran” Osmanın redaktə edib, ortaya qoyduğu mətndir.

- Bəs redaktədən qabaqkı mətnləri haradan əldən etmək olar? Mənbələr bu haqda nə deyir?

- Dinə qarşı çıxanların bəzi arqumentlərinə fikir vermək lazımdır. Bu arqumentlərin mənbəyini araşdırmaq vacibdir. Mən düşünürəm ki, ola bilsin ki, “Quran”da dəyişikliklər olub. Lakin dinlərin yaşaması onların nə dərəcədə konservativ olması ilə əlaqədardır. Dinlərdə, o cümlədən səməvi dinlərdə liberallıq yoxdur. Bütün dini kitablar insanın azadlıqlarını məhdudlaşdıran ən böyük qanunlar toplusudur.

- Amma “Quran”ın təbliğatından ilkin məqamda belə nəticəyə gəlmək olur ki, bu kitab insana saysız-hesabsız azadlıqlar tanıyır. Çünki bu təbliğatı aparan dindarlar, ilahiyyatçılar ayələri müasir insan hüquq və azadlıqları ilə bərabər səviyyədə tuturlar. Bu nədən qaynaqlanır?

- Onlar bilmədiklərinə görə belə danışırlar. Onlar həm də elə bilirlər ki, “Qurani-Kərim” haqqında heç bir tənqidi fikir səsləndirmək olmaz.

- Dinlərin azadlığı məhdudlaşdırdığını vurğuladınız. Həmin dinlərin ortaya çıxdığı sosial, siyasi, iqtisadi şərait bu günkündən fərqli olub. Ola bilsin ki, o dövrlərdə dinin hökmləri çox böyük əhəmiyyətə, maarifləndirici rola malik olub. Amma o hökmlərin hamısını müasir dövrlə ayaqlaşdırmaq mümkün deyil. Sizə elə gəlmirmi ki, buna görə İslam dinində müəyyən islahatlara ehtiyac var?

- Xristianlar müəyyən islahatlar apardılar. Elə buna görə də xristian aləmində bu gün birlik, həmrəylik yoxdur. Xristianlıqda konservatizm az olduğuna görə, o, bir neçə yerə parçalanıb. Katoliklər, provaslavlar, protestantlar arasında kəskin fərqlər mövcuddur. Bu gün biz “Quran”ın hökmlərini modernləşdirə bilmərik. Biz “Quran”ın bu günlə ayaqlaşan maddələrindən daha çox istifadə etməliyik. Müasirliklə uyğun olmayanları isə bir kənara qoyuruq və o “Quran”da qalır. İslam dininin gücü onun mühafizəkarlığını saxlamaqdadır.

- Rafiq müəllim, xristianlıqdakı parçalanmanı islahatlarla əlaqələndirdiniz. Amma İslam dinində heç bir reform olmaya-olmaya da çoxlu sayda təriqətlər var. Bu da parçalanmalara gətirib çıxarır. 

- İslamda məzhəblər var. Amma bunlar “Quran”ın məzmununu dəyişmir. Vəhhabilər klassik İslama, fundamentə qayıtmaq istəyirlər. Hər şeyi yaddan çıxarıb onun əvəzinə nativ bir sistem qoymaq mümkün deyil. Bu gün İslam din o cərəyanlar olduğuna görə yaşayır.
Vəhhabilərə bu gün ekstremist deyirlər. Amma bizdə bu sözün mənasını düzgün anlamırlar. Ekstremizm başqasının əqidəsini qəbul etməyəndir. Bu, daha çox vəhhabilikdə müşahidə olunur.
Vəhhabilikdə göstərilir ki, insanları İslam dinini qəbul etməyə məcbur etmək lazımdır. Göstərilir ki, əgər onlar dini qəbul etmirlərsə, onları öldürmək olar və malları halaldır.
Biz heç biri dini tam şəkildə müdafiə edib, ona mütləq formada bəraət qazandırmalı deyilik. Bütün dinlərdə radikalizm, ekstremizm üçün yer var.
Lakin bir problem də var. Azərbaycanda “Dini ekstremizm haqqında” qanun qəbul edildi. Halbuki, dini ekstremizmin təyinatını bilmirlər. Adamı öldürməyi də, terror törtəməyi də dini ekstremizm hesab edirlər. Halbuki, təkcə bunlar ekstremizm deyil. Ümumiyyətlə, başqasının əqidəsini qəbul etməyənlər də ekstremistlərdir. Mən bu sözün mənasını bizim siyasətçilərə də başa salmaq istəyirəm.

- Qafqaz Müsəlmanları İdarəsi əleyhinə çoxlu ittihamlar səslənir. Sizcə, bu idarə fəaliyyətini düzgün istiqamətdə qurub?

- Bu qurum Azərbaycan dindarlarını idarə etmək iqtidarında deyil. Səbəbi çoxdur. Səbəbini təkcə Şeyxülislam Allahşükür Paşazadə ilə bağlamaq da düzgün olmazdı. Ümumi səbəb korrupsiyadır. Bu gün ekstremizmə, radikallığa qarşı effektiv mübarizə aparılmamasının əsas səbəbi korrupsiyanın olmasıdır. Bu gün korrupsiyaya qarşı mübarizədə uğurlar əldə etsək, dini ekstremizm və radikalizmlə mübarizə çox asanlaşar.

- Həcc ziyarəti üçün Qafqaz Müsəlmanları İdarəsi yüksək qiymətlər qoyur. Elə düşünmürsünüz ki, qiymət məsələsini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, ya da başqa bir dövlət qurumu tənzimləməlidir?

- İndiki vaxtda bu mümkün görünmür. Bu gün Qafqaz Müsəlmanları İdarəsi böyük səlahiyyətlərə malikdir. Bu səlahiyyətləri onun əlindən almaq bu günkü qanunlarla mümkünsüzdür. Bu gün şeyx Allahşükür Paşazadənin Azərbaycanda, cənub bölgəsində böyük hörməti var. Şeyx arxayındır ki, Həcc qiymətlərini endirəcək nativ bir qurum yoxdursa, bu, monopoliyadan istifadə etmək olar.
Əslində Həcci təşkil edənlər də qazanmalıdır, bu normaldır. Amma qazanmağın bir həddi var. Biri var ki, bir ziyarətçinin getməsindən 200 dollar qazanasan, biri də var ki, 1000-2000 dollar qazanasan. Dövlət bütün xərcləri müəyyənləşdirə bilər və limitlər qoya bilər. Amma hələ ki, belə bir şey gələcəkdə görünmür.

- Həccdən söz düşmüşkən, siz özünüz də bu ziyarətdə olmusunuz...

- Həcc ziyarətində olmuşam. İki dəfə də Ümrə ziyarətində olmuşam.

- Amma bayaq söylədiniz ki, zəruri dini ayinləri icra etmirsiniz. Paradoksal deyilmi?

- Bəli. Mən ayinləri bilirəm, amma icra etmirəm. Mən bilirəm ki, alimin bir saatlıq işi 60 illik ibadətə bərabərdir. Bu günə qədər yazdığım kitablar yəqin ki, o biri dünyada gühahımı müəyyənləşdirərkən tarazlıq rolunu oynayacaq (gülür). Mənim İslam dininin öyrənilməsi, mənimsənilməsi üçün etdiklərimi heç bir din xadimi etməyib.

- Səhv etmirəmsə, spirtli içki də qəbul edirsiniz.

- Xeyr.

- Amma sosial şəbəkələrdəki hesabınızda bəzi fotolarınızı görmüşəm, əlinizdə də qədəh.

- (Gülürük). Mən hansı məclisdə olsam, mənim üçün qədəhə süzürlər. Amma o spirtli içki yox, su olur. Mən ümumiyyətlə içki içə bilmirəm, bədənim də bunu götürmür.

- Ərəb dilini bilirsiniz, dini araşdırmısınız. Bəs nə əcəb bu vaxta qədər “Quran”ı tərcümə etməmisiniz?

- “Quranşünaslıq” çox çətin elmdir. Dostum Tariyel Həsənov “Quran”ı tərcümə edərkən çox çətinlik çəkdi. Onun tərcümə etdiyi “Quran” məni qane edir. Oxuyanda tam başa düşürəm. Ondan yaxşı tərcümə etmək imkanımın olduğunu bilmirəm. İkincisi “Quranşünaslıq” mənim ixtisasım deyil. Mən islamşünasam. Bunlar fərqli-fərqli sahələrdir.

- Azərbaycanda bir ilahiyyatçının dediyi o birinin boğazından keçmir...

- Mən ümumiyyətlə onların çoxunu ilahiyyatçı adlandırmıram. İlahiyyatçı ilahi qayda-qanunlara uyğun hərəkət etməlidir. Yoxsa kimsə mətbuat, mediada digərinin əleyhinə danışırsa və ədalətsizlik göstərirsə, o ilahiyyatçı deyil.

- Azərbaycanda əsl ilahiyyatçı statusunu çiyinlərində daşıya biləcək bir şəxs varmı?

- Belə bir şəxs demək olar ki, yoxdur. Azərbaycanda dini yaxşı bilən, onun haqqında düzgün danışan bir insan varsa, o da Vasim Məmmədəliyevdir. Bir də nisbətən Hacı Fuad Nurullayev fərqlənir. Yerdə qalanları isə insanlarını isə ilahiyyatçı saymaq olmaz. Çünki insanları İslamı başa düşməkdən məhrum edən, adamları başdan çıxardan elə onlardır. Çıxırlar, ilahiyyatçı kimi nəsə deyirlər, bir-birləri ilə mübahisə edirlər.
İlahiyyatçılığı şou səviyyəsinə gətirib çıxarırlar. Bu gün televiziyalarda, mətbuatda din haqqında danışan ilahiyyatçıların səviyyəsi şoumenlərin səviyyəsinə gəlib çıxıb. Hamısı bir-birini inkar edir, sərt şəkildə tənqidlər səsləndirirlər. Azərbaycanda ilahiyyatçılar olmadığına görə ali məktəblərdə də, orta məktəblərdə də din normal tədris olunmur.

- Söhbətimiz zamanı qeyd etdiniz ki, şiəliyin mərasimlərində iştirak etmisiniz. Bu gün də sizdə şiəliyə məhəbbətiniz qalırmı?

- Mənim həmişə şiəliyə məhəbbətim olub. Mənim imam Hüseynə çox böyük məhəbbətim var. Mən hələ uşaq olarkən, onun həyatını öyrənmişəm. Məni evdə heç kim Aşura mərasiminə getdiyimə görə danlamırdı. Atam da, anam da mərasimlərə gedərdi. Amma onlar dindar deyildilər. Amma qırx gün yas saxlamağı düzgün hesab etmirəm. Lakin buna da normal baxmaq lazımdır. Bu, artıq ənənəyə çevrilib, adət halını alıb, nəsildən-nəslə keçib.

- “Dini etiqad azadlığı” haqqında qanuna edilən dəyişikliyə görə, xaricdə dini təhsil alanlar ölkədə mərasim apara bilməyəcəklər. Amma din xadimlərinin çoxu elə xaricdə təhsil alıblar. Bu məsələ necə tənzimlənəcək?

- Mənə elə gəlir ki, ekstremizmə, radikallığa qarşı qanunlarla mübarizə aparmaq mümkün deyil. Xaricdə oxuyub gələnlərə sən başqa bir iş vermirsən, öz ixtisasları üzrə də işləməyəcəklər. Yaxşı bunlar çörək pulunu necə qazanacaqlar?! Dövlət onları sosial cəhətdən təmin etməsə, bunlar mütləq öz biliklərini dövlətə qarşı çevirəcəklər. Qanunla etik düşüncələr yaratmaq mümkün deyil.

- Ölkədə dini təhsil verən Bakı İslam Universitetidir. Bir də Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsi. Sizcə, bunlar nativ din xadimi yetişdirən mərkəz rolunu oynayacaqmı?

- Belə düşünmürəm. Sadəcə, din təhsili verən mərkəzləri normal hala salmaq lazımdır. Eyni zamanda bu tədris mərkəzlərində dünyvə elmlər də öyrənilməlidir.

- Övladlarınız dinə inanırlarmı?

- Onlar dinə inanırlar və mənim dinlə bağlı dediklərimə əməl edirlər. 7 yaşlı nəvəm Riyad gəlib deyir ki, baba, namaz nə olan şeydir? O da dinlə maraqlanır. Mən də ona dini başa salıram, deyirəm ki, heç kimə qarşı nifrət olmaz, yalan danışmaz olmaz, başqasına pislik etmək olmaz.

- Sonuncu sualım: Bu qədər kitab yazırsınız, amma mən bildiyimə görə onlar ali məktəblərdə tədris edilmir. Kimsə buna mane olur?

- “İslam” adlı kitabım ilahiyyat fakültəsində bir dərs vəsaiti kimi istifadə edilir. Amma o, dərslik kimi keçilsə, daha yaxşı olardı. Misir Mərdanov təhsil naziri olanda buna imkan vermədi. Sonra isə orta məktəblər üçün dini dərsliklər məsələsi ortaya çıxdı.
Mən o zaman dini komitənin rəhbəri idim. Məni çağırdılar və tapşırdılar belə bir dərslik yazım. Mən isə etiraz etdim və dedim ki, bunu yazmaq üçün şərqşünaslıq fakültəsi, Vasim Məmmədəliyev var. Sonra ərəbcə-azərbaycanda lüğət yazmaq məsələsi ortaya çıxdı. Bu lüğəti də mənə tapşırdılar. 1200 səhifəlik lüğəti 5 ilə yazıb bitirdik.
Bu kitabları yazmaqla bağlı Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev məni kabinetinə çağırdı. Bacardığım qədər etiraz etdim. Ramiz Mehdiyev isə dedi: “Biz sənə başqalarının etmədiyini tapşırırıq. Sən onların etmədiklərini edə bilərsən”. Bu sözdən sonra mən lüğəti hazırladım.
Bir dəfə “Dinin əsasları” adlı orta məktəblər üçün dərslik yazmağı da mənə tapşırdılar. Mən yenə dövlət komitəsinin sədri kimi imtina etməyə çalışdım. Amma bildirdilər ki, bu işin altına mən girməliyəm. Bunu da yazdıq, hətta rus dilinə də tərcümə etdik. O zamanın təhsil naziri Misir Mərdanov, Vasim Məmmədəliyev və Allahşükür Paşazadənin adı bu kitaba düşməmişdi. Nə redaktor, nə də rəy verən qismində. Onda Misir Mərdanov açıq şəkildə mənə dedi ki, bu kitabı tədrisə verə bilməzlər. Çünki özlərinin adı yox idi.

- Çox sağ olun! Maraqlı söhbətə görə təşəkkür edirəm.
TEXT +   TEXT -   Ïå÷àòü Îïóáëèêîâàíî : 07.12.15 | Ïðîñìîòðîâ : 4428

Ðåêîìåíäóåì