Artıq bir neçə həftədir ki, Qərb aləmi ABŞ-dakı prezident seçkiləri ilə əlaqədar gərginlik keçirir.
Əslində bu narahatçılıq səbəbsiz deyil. Çünki Avropa İttifaqı dövlətlərinin aqibətinin necə olacağı kimin Ağ evin sahibi seçiləcəyindən xeyli asılıdır. Buna görə də bir çox Avropa siyasi xadimləri və dövlət məmurları "Euronews xəbərlər" telekanalı və beynəlxalq mətbu orqanları vasitəsilə prezidentliyə iki namizəddən birini - Donald Trampı seçkiqabağı mübarizədə təbliğat-təşviqat qaydaları ilə yanaşı, ədalət prinsipi və hətta əxlaq normalarını pozmaqda ittiham edirlər. Həmin şəxslər sanki Barak Obamanın idarəçilikdə böyük təcrübəsi varmış kimi Trampı dövlət idarəçiliyində təcrübəsiz bir insan kimi günahlandırırlar. Bəzi hallarda isə namizədin ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinmir və o, hakimiyyətə gələcəyi halda ölkədə hərc-mərcliyin baş alıb gedəcəyini proqnozlaşdırırlar. Hətta fürsətdən istifadə edib Rusiyanı da tutduğu mövqeyə görə tənqid və Trampa yardım etməkdə ittiham edir, D.Trampı Rusiyanın agenti adlandırmaqdan da çəkinmirlər. Əgər həqiqətən Qərb aləmi Rusiyanın ABŞ-da gedən seçki proseslərinə təsir göstərmək iqtidarında olduğunu düşünürsə, bu, nəhəng dövlətin zəifliyinin və acizliyinin göstəricisi kimi qiymətləndirilməlidir.
Digər namizəd Hillari Klintona gəlincə, ona qarşı münasibət loyaldır. H.Klintonu Avropa üçün faydalı hesab edən hökumət nümayəndələri nəinki Avropanın gələcəyi, ABŞ-ın Avropadakı mövcudluğunu qoruyub saxlaması, sanki Avropanı zəbt edəcək Rusiyaya zidd olan NATO-nun möhkəmlənməsi ilə bağlı bütün ümidlərini bu xanıma bağlayıblar. Əslində Avropada həm daxili siyasətdə, həm də Suriyada terrorçularla mübarizədə uğur qazana biləcək kifayət qədər savada və təcrübəyə sahib siyasətçilərin yoxluğu onların qəlbindəki Rusiya xofunu bir qədər də artırır. Onu da qeyd etmək vacibdir ki, hazırkı dövrdə ABŞ-da prezidentliyə layiqli siyasətçilərin olmaması bütün dünyanı təşvişə salıb. Əslində kadr qıtlığı elə Avropada da özünü açıq-aşkar göstərir. Bu vəziyyət ABŞ-da prezident seçkiləri ərəfəsində bütün Avropanı təşvişə salıb. Mövzunun aktuallığını nəzərə alaraq mən də öz növbəmdə prezident seçkilərindən sonra ABŞ-ın gələcəyi ilə bağlı baxışlarımı oxucularımla bölüşmək istədim. Nə qədər çətin olsa da, Amerikada seçkilərin açıq şəkildə narahatlıq keçirmədən saxtalaşdırıldığı bir vaxtda bu mühüm siyasi prosesin gedişatı və nəticələri ilə bağlı öz gözləntilərimi dilə gətirməyə borcluyam.
Əvvəla onu qeyd edim ki, H.Klintonun hakimiyyətə gəlişi onsuz da idarəetməsi illərdir zəifləyən dövlətin tənəzzülünü bir qədər də sürətləndirə bilər. Prosesin gedişatı ştatlarla federal hökumət arasında iqtisadi-hüquqi idarəçilik münasibətlərində ciddi problemlərin meydana çıxması ehtimalını daha da artırır. Onlar arasındakı siyasi əlaqələr zəifləyəcək və son nəticədə bəzi ştatları mərkəzi hakimiyyətin tabeçiliyindən çıxmağa sövq edən bir çox amillər aktivləşəcək. Ən mühümü isə odur ki, artıq 10 ildən çoxdur Yaxın Şərq və Şimali Afrikada müharibələr aparan hərbi rəhbərlik, hərbi-sənaye kompleksi və prezident administrasiyası arasında ziddiyyətlər daha da dərinləşə bilər. ABŞ rəhbərliyində hərbi-siyasi münaqişələrin gərginləşdirilməsi ilə bağlı daxili münasibətlərin pisləşməsi isə nə bu dövlətin özünə, nə də digər dünya ölkələrinə yaxşı heç nə vəd etmir. Bu proses yeni müharibələrin başlanmasına və Yaxın Şərq, Pakistan, Əfqanıstan, Şimali və Mərkəzi Afrikadakı münaqişələrin daha da qızışmasına, yeni müharibə ocaqlarının yaranmasına gətirib çıxara bilər.
Baş verənlər dünyanın nəhəng dövlətlərindən olan ABŞ-ı nəinki zəiflədəcək, üstəlik, nüfuzuna və hərbi gücünə görə onu Rusiya və Çindən sonra ikinci və ya üçüncü pilləyə salacaq. Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon belə vəziyyəti H.Klintona heç vaxt bağışlamazlar. Baş verənlər həmçinin Cənub-Çin dənizində Çin, Yaponiya, Cənubi Koreya, bəlkə də Hindistan və Rusiya kimi nəhəng dövlətlərin də qoşulacağı böyük hərbi münaqişənin başlamasına səbəb ola bilər. Müharibə ab-havası artıq aydın hiss edilir. Söhbət dünya əhalisinin yarısının məhvindən, ABŞ-ın isə bir dövlət kimi süqutundan gedir. Hadisələrin gedişatı böyük münaqişənin başlanması və atom sahibi olan bir neçə dövlətin həmin münaqişədə iştirakı ehtimalını artırır.
Digər tərəfdən, təkcə Rusiya ilə deyil, Almaniya, Fransa və NATO-nun digər üzv dövlətləri ilə münasibətlər korlanacaq. Avropa İttifaqı və İtaliya, İspaniya, Fransa, Portuqaliya, Macarıstan kimi dövlətlərin rəhbərliyinə son dövrdə açıq-aşkar təzyiqlərin müşahidə olunması bu ölkələrin ABŞ-la mövcud olan münasibətlərində ciddi gərginliyi bir qədər də arta bilər. Şərqi Avropa ölkələri ilə münasibət eyni deyil. Bu məqamda ABŞ-ın Polşa ilə dostluq və strateji partnyorluq münasibətləri xüsusilə vurğulanmalıdır. Siyahıda Baltikyani respublikaların, NATO tərəfindən parçalanmış Yuqoslaviyanın dağıntıları üzərində yaradılmış Albaniya, Makedoniya, Xorvatiya ... kimi kiçik dövlətlərin də adları var.
H.Klintonun "prezidentliyi" dövründə ABŞ-ın tənəzzülü və hadisələrin Avropaya təsiri yuxarıda sadaladığım proseslərlə müşayiət olunması mümkün deyil. Mövcud xəstəliklərini nəzərə alanlar arasında səhhəti ilə bağlı onun prezidentlik müddətini, yəni, 4 ili uğurla, sağ-salamat başa vura bilməyəcəyini söyləyənlər də var. Çox güman ki, H.Klintonun B.Obamanın zamanından həll edilməmiş problemlərə qarşı etiraz səsini yüksəldən narazı generallar və vətəndaşlarla mübarizəyə gücü yetməyəcək.
D.Trampa gəlincə, o, prezident seçiləcəyi halda, çətin ki, bu proseslərin hamısı arxa plana keçsin. Çünki sadaladıqlarım son iyirmi il ərzində baş verənlərin məntiqi nəticəsidir. Sadəcə olaraq, həmin proseslər nisbətən ləngiyə və onların bəziləri öz aktivliyini itirə bilər. Söhbət Rusiya və Çinlə münasibətlərdən, ABŞ-ın Yaxın Şərqdə hərbi mövqeyinin nisbətən yumşalmasından gedir.
D.Trampın hakimiyyətə gəlişi ilə Cənubi Çin dənizində hərbi münaqişənin qısa müddətə də olsa, səngiyəcəyinə, dondurulacağına inanmaq istərdim. Bunun sayəsində o, ölkənin daxili sosial-iqtisadi problemlərinin həllinə, Amerikanın müxtəlif rəngli vətəndaşları arasında münasibətlərin nizama salınmasına daha çox diqqət və vaxt ayıra bilmək imkanı əldə edə bilər. Bu amerikalılar üçün ən vacib məsələdir, desək, yanılmarıq. ABŞ-da irqi ayrı-seçkiliyin yaranmasına və dərinləşməsinə səbəb olan münaqişələr iki il əvvəl meydana çıxanda polis beynəlxalq ictimaiyyətin gözü qarşısında dinc yolla nümayişə çıxan insanlara qarşı həddən artıq zor tətbiq edir, onlarla qatı cinayətkar kimi davranırdı. ABŞ hökumətinin bəxti gətirdi ki, bu iki il ərzində Amerika polisi dinc yolla etiraz aksiyası keçirənlərlə az da olsa, daha münasib yollarla davranmağı öyrənib. Bu amil ştatlarda etniklərarası gərginliyi, qaradərili vətəndaşların ağdərili polislər tərəfindən ciddi əsas olmadan tez-tez qətlə yetirilməsi hallarını azaltmaqda D.Trampa yardım edəcək. Eyni zamanda NATO siyasətinə qarşı çıxan D.Trampın ABŞ-ın daxili siyasətini tənqid edən avropalı tənqidçilərinin sayı da artacaq. Təsadüfi deyil ki, D.Tramp çıxışlarında Şimali Atlantika Hərbi Alyansının saxlanma xərclərinin dövlət büdcəsinə çox baha başa gəldiyini dilə gətirmiş, ABŞ-ın Yaxın Şərqdəki müharibələrin yaranmasında rolunu açıq şəkildə pisləmişdi. NATO-nun zəiflədilməsinə doğru yönələn addımlar D.Trampa baha başa gələ bilər. Bu, çox təhlükəli bir addım ola bilərdi.
Mənim proqnozlarım əsasən seçkiqabağı kampaniyadan götürülmüş faktlara, Amerikanın daxili və xarici siyasətinin təhlilinə və təbii ki, şəxsi məntiqimə əsaslanır.
Uzun sözün qısası... Seçkilərə bir neçə gün qalıb. 8 noyabr 2016-cı il tarixindən sonra dünyanın sabitliyə doğru dəyişəcəyi ilə bağlı heç də hər kəsdə inam yoxdur. Bunun obyektiv səbəblərinə yuxarıda toxundum. Dünyada gedən qanlı müharibələrdə ABŞ-ın iştirakı və aparıcı rolu da belə deməyə əsas verir. Qaranlıq qalan isə bu dəyişikliyin hansı sürətlə həyata keçiriləcəyi və beynəlxalq aləmə, eləcə də ABŞ vətəndaşlarına nə dərəcədə zərər vuracağıdır. Bizə isə bir neçə gündən sonra ABŞ-da prezident seçkilərinin nəticəsini gözləmək qalır...
Tanrı hamını, o cümlədən, ABŞ vətəndaşlarını çətin imtahandan qorusun!