Bu gün bütövlükdə dünyada, xüsusilə Yaxın və Orta Şərq bölgəsində ciddi hadisələr - konfliktlər, vətəndaş müharibələri, dinlər və məzhəblərarası münaqişələr son həddə çatıb.
Sözügedən regionda ABŞ, Rusiya, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz dövlətlərinin, o cümlədən, Avropa İttifaqının maraqları toqquşur. Artıq Suriyada 4 ildən çoxdur vətəndaş müharibəsi gedir.
Türkiyə bir qonşu dövlət, din qardaşlığı naminə bacardığını edir. Türkiyədə 1,5 milyondan çox məcburi köçkün və qaçqın var. Sərhədi keçənlərin ardı-arası kəsilmir. Ölkə prezidenti Rəcəb Təyyib Ərdoğan bütün siyasi təcrübəsindən, ölkənin iqtisadi imkanlarından istifadə edərək bu ciddi problemlərin həllinə çalışır. Amma vəziyyət hələ də gərgindir.
"İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyevin mövzu ilə bağlı müsahibəsini təqdim edirik.
- Yaxın və Orta Şərqdə baş verən hadisələri necə şərh edərdiniz?
- Suriyada böyük güclər təkcə siyasi və geosiyasi məsələlər deyil, həm də iqtisadi problemlərini həll etməyə çalışırlar. Bölgədə müharibənin kimlərin xeyrinə başa çatmasından asılı olaraq, ilk növbədə regionda və ümumilikdə Avropada "qaz landşaftı" dəyişə bilər. Dünyada ən böyük - 25 trilyon kubmetr təbii qaz ehtiyatına malik olan Qətər öz qazını Suriya və Türkiyə vasitəsilə Avropaya ixrac edə bilər ki, bu da öz növbəsində Rusiyanın Avropa qaz bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə zəiflədər. Ölkəmizin bu məsələnin gedişatındakı roluna gəlincə, əhəmiyyətli səhmdarlardan (cəmi üç səhmdar var - Azərbaycan, Türkiyə və BP) olan Azərbaycan müharibənin sona çatmasında Türkiyənin mövqeyini dəstəkləyir. Ölkəmiz sözügedən mübahisədə son hadisələrdən, yəni, Körfəz ölkələri arasında yaranan ciddi narazılıq fonunda Suriyada hakimiyyətin dəyişməsini vacib amil hesab edərək, Türkiyə və onunla müttəfiq olan Qətəri dəstəkləyir. Suriyada hakimiyyət dəyişikliyi isə təbii ki, Rusiyanın regiondakı iqtisadi maraqlarına zidd və Avropanın qaz təminatındakı mövqeyinə əsl zərbədir. Türkiyə regionda vacib tranzit ölkəsi olmaq üçün öz iqtisadi maraqlarını müdafiə edir və bu da təbiidir. Çünki Qətər öz qazını Suriya ərazisindən keçirib Türkiyə sərhədlərinə çatdıra bilsə, bunu Ankaranın böyük uğuru hesab etmək olar. Əslində, Avropa ölkələri müəyyən dərəcədə Türkiyədən asılı vəziyyətə düşə bilər. Bu, Rusiyadan qaz asılılığını 50 faiz azaltmaq imkanını yaradır. Bu, olduqca ciddi məsələdir. Buna görə də, müharibənin tezliklə başa çatmasına ciddi inam yoxdur. Müharibə uzana bilər.
- Ümumiyyətlə, Yaxın Şərqdə Türkiyənin rolunu necə qiymətləndirirsiniz?
- Yaxın Şərqdə və hətta Avropada Türkiyənin xüsusi çəkisi, böyük nüfuzu var. Bu zonada gedən proseslərin, demək olar ki, hamısı müxtəlif səbəblərdən Türkiyə Cümhuriyyəti ilə bağlıdır və onun iştirakı olmadan heç bir əhəmiyyətli məsələ öz həllini tapmır. Əslində, bunun öz səbəbləri var və onlar həm siyasi, həm iqtisadi, həm də geosiyasi-strateji xarakter daşıyır. Mən deyərdim ki, Yaxın Şərqdə mövcud olan konfliktlər Türkiyənin aktiv iştirakı olmadan, çətin ki, öz müsbət həllini tapsın. Bu ölkə, onun rəhbərliyi hər tərəfdən - Qərbdən, ərəb ölkələrindən, xüsusilə Körfəz ölkələrini təmsil edən Səudiyyə Ərəbistanından, regionda ciddi siyasi-iqtisadi və hərbi maraqları olan Rusiyadan daimi, arasıkəsilməz təzyiqlərə məruz qalır.
Əsəs səbəblərdən biri Qətərin təbii qazının Suriya ərazisindən Türkiyə və Yunanıstan vasitəsilə Avropaya çatdırılması məsələsidir. Bu, Körfəz ölkələrinin, Qərbin, hətta Avropaya öz qazını nəql etməkdə israrlı olan ABŞ-ın və əlbəttə, bir tranzit ölkəsi kimi Türkiyənin marağındadır. İkinci səbəb Qətər qazının Avropa İttifaqı ölkələrinə çatdırılmasından ciddi ziyan çəkə biləcək Rusiyanın maraqlarıdır. Odur ki, hərbi-siyasi aspektdə bu regiona təsir göstərməkdə maraqlı olan ölkələrdən ikisi - Türkiyə və Rusiya daha aktivdir. Bu maraqların təmini Suriyada hansı rejimin olmasından daha çox asılıdır. Bəşər Əsəd Qətər qazının və böyük qonşu ölkələrin hərbi-iqtisadi əsirinə çevrilib.
Burada Türkiyə-Rusiya tandemi həlledici rol oynayır. NATO-nun üzvü olan Türkiyənin siyasi rəhbərliyindən həm cəsarət, həm siyasi müdriklik və eyni zamanda, xalqın maraqlarının müdafiəsi kimi ciddi amilləri nəzərə almaq tələb olunur. Hərbi çevrilişə cəhd və onun nəticələri Türkiyəni müəyyən mənada zəiflətdi. Bu, siyasət sahəsində özünü xüsusilə biruzə verir. Təcrübəli siyasətçilərin idarəçilikdən təcrid edilməsi, ölkədə gedən "təmizləmə" prosesi təkcə Türkiyənin daxili siyasətinə deyil, həm də onun bölgədəki nüfuzuna mənfi təsir göstərir, ABŞ-ı, Avropa İttifaqını, xüsusilə Almaniyanı ciddi surətdə qıcıqlandırır, ölkə başçısının siyasi manevr imkanlarını məhdudlaşdırır. Nəticədə Rəcəb Təyyib Ərdoğan vaxtaşırı bəzi həqiqətləri diplomatik çərçivədən çıxararaq olduğu kimi bəyan etməyə məcbur qalır ki, bu da Qərbi narazı salır. Heç kəs həqiqətin açıqlanmasını istəmir. Əsas problem də elə bundadır. Həqiqəti ortaya qoymadan isə regionda baş verən hərcmərcliyi normal istiqamətə yönəltmək mümkün olmayacaq. Bu nöqteyi-nəzərdən bölgədə maraqlar toqquşmasında Türkiyə əsas oyunçulardan biridir. Güman edirəm ki, uzun müddət belə qalacaq. Odur ki, qonşu ölkələrdə - Suriyada, İraqda sabitlik və sülhün bərpası çox vacibdir.