Əslində mənim bu fobiya sözündən xoşum gəlmir. Onu eşidən və ya oxuyan kimi gözümün qarşısına virusa yoluxmuş adam gəlir. Xəstəliyi müalicə etmək üçün isə ya bütün viruslar antibiotiklərlə məhv edir, ya da virusa qarşı antivirus kəşf edilir. Dünya, bəşər nəsli elə yaradılıb ki, o həm fizioloji, həm də psixoloji yönümdə qarşıya çıxan problemləri ya qarşılıqlı anlaşmanın, ya da mübarizənin, qarşıdurmanın hesabına həll edir. Dünya əzəldən belə yaranıb. Mübarizədən həmişə texniki kəşflər və ya həm cəmiyyətə, topluma təsir edəcək qədər gücü olan vasitələr, məsələn, kütləvi informasiya orqanları – qəzetlər, TV-lər, internet resursları və s. qalib çıxır. Ən güclü silah növü fikirdir, rəydir, onların əsasında yaranan ideoloji sistemdir. Bütün bunların əsasında, bünövrəsində duran isə yenə də sözdür.
Əlbəttə dünyada bu gün ən güclü mübarizə vasitəsi virus və antiviruslardır. İnsanların dedikləri söz virusun qarşısında dura biləcək qoşun, silah növləri hələ yaranmayıb. Hərçənd ki, onların da hamısı sözlə və onun vasitəsilə kəşf olunmuşdur. Sözün həm söndürən, həm də alışdıran, həm yaradıcı, həm də dağıdıcı olduğunu bilirik. Ondan güclü silah növünün olmadığı da bizə məlumdur. Əbəs yerə deməyiblər ki, “Söz var dağa qaldırar, söz var dağdan endirər”. Milyonları birləşdirən bütün səmavi (iudaizm, xristianlıq, islam) və qeyri-səmavi dinlərin (buddizm, braxmanizm) dünya səviyyəsinə qalxmış müqəddəs və etik kitablarında bəşər övladının, hətta Kainatın yaranmasında ilahi sözün, insan sözünün əsas rol oynadığı qeyd olunub. Odur ki, bu gün biz dünyada geniş yayılmış islamofobiyanın da əsasında sözün durduğunu desək, heç də yanılmarıq. Keçmişə qısa da olsa, nəzər salsaq, görərik ki, II Dünya müharibəsini başlayan faşizm rejiminin də birləşdirici və dağıdıcı ilk silahı söz olmuşdur. Hitlerin əsas ideoloqu Gebbels deyirdi: “Mənə kütləvi informasiya vasitələrini versəniz, istənilən milləti donuz sürüsünə çevirərəm”. O, bu təhdidini İkinci Cahan savaşının başlanması və gedişində, demək olar ki, reallaşdırdı. Bu dağıdıcı xarakterli, mahiyyətli söz idi. Onun qurbanlarının sayını təxmini də olsa, biz bilirik.
25 il əvvələ nəzər yetirsək, yenə sözün gücünə rast gəlirərik. Qərb dövlətlərinin səyi nəticəsində süquta uğramış SSRİ-dən sonra güclü düşmənin olmaması NATO hərbi-siyasi blokunun üzvlərini çaşdırdı. İclaslardan birində məlum oldu ki, düşmənin yoxluğu NATO çərçivəsində Qərbin hərbi qüvvələrinin səfərbər edilməsində bir sıra çətinliklər törədəcək. Bu zaman həm özününkülərə, həm də özgələrinə qarşı ürəyi kinlə dolu olan Böyük Britaniyanın o vaxtkı baş naziri, indiki “paslanmış dəmir ledi” Marqaret Tetçer həmkarlarını sakitləşdirərək dedi: “İndi bizim ortaq düşmənimiz islamdır. Biz qırmızı rəngi yaşıl rənglə əvəzləməliyik”. O gün, bu gündür Qərb dünyası islama və müsəlmanlara qarşı, əsası olmasa da, açıq şəkildə müharibə elan etdi. İslamofobiyanın yaranmasının əsasını keçən əsrin sonuna yaxın səsləndirilmiş bu fikir qoymuşdur. Sözlə şüurlara səpilən toxum tez cücərdi və Qərbin əsas ideoloji silahına çevrildi. Qərb ölkələrini bürüyən bu fobiya – virus onların xarici və daxili siyasətlərinin istiqamətini köklü surətdə dəyişdi. Yeni siyasi-dini institutlar, tədqiqat mərkəzləri, mətbuat orqanları ilə bərabər o dövr mövcud olan Qərb kütləvi informasiya vasitələri də öz oxucu və dinləyici auditoriyasına islam terroristi, radikal islam qruplaşmaları, islam fundamentalizmi kimi söz birləşmələrini milyonlarla tirajladılar, şüura təsir üslubundan məharətlə istifadə edib yeni düşmən obrazını reallaşdırmağı bacardılar. Vaxtilə olduğu kimi, “Avropada kommunizm kabusu”nu onunla daban-dabana zidd olan “islam kabusu” ilə əvəzlədilər. İnformasiya müharibəsi öz aktiv fazasına keçdi.
Nəticə hamıya məlumdur. Ekspertlərin gəldikləri qənaətə görə, ABŞ-ın kəşfiyyat orqanları tərəfindən törədilmiş 2001-ci il 11 sentyabr terraktı zamanı Nyu-yorkda iki qüllənin – Dünya Ticarət Mərkəzinin partladılması əvvəl söylədiyimi kimi, “yaşıl düşmən”ə qarşı mübarizənin müharibəyə çevrilməsinə real əsas verdi, münbit şərait yaratdı. Bunun da əsasında sözün durduğuna, zənnimcə, çoxlarının şübhəsi yoxdur. İraq, Liviya, Əfqanıstan, Suriya “islam terrorizmi”nin sözünün qurbanlarına çevrildilər. Yüz minlərlə günahsız müsəlman məhv edildi, dövlətlər, ölkələr dağıdıldı, yüzlərlə şəhərlər viran edildi, milyonlarla qaçqın və köçkün dəstəsi yarandı. Bütün bunlar islamofobiyanın əyani nəticələridir. Bu fobiyaçılar elə bilirlər ki, öz məqsədlərinə nail olublar, Marqaret Tetçerin “nəsihət”ini yerinə yetiriblər. Amma hadisələrin sonrakı gedişatı onların yanıldıqlarını göstərdi. Çox keçmədi ki, Suriyada söz maşını xarab oldu. Bu, əslində təbii haldır. Hər yaranışın sonu mütləq ölümdür. Indi fobiyaçılar, dayanmaq, hücum mövqeyindən müdafiə mövqeyinə keçmək məcburiyyətindədirlər. Burada sözün və silahın gücü birləşsə də, yenə fayda vermədi. Baş verən böhranları, məğlubiyyətləri qəbul etmək Qərb dünyası üçün çətin problemə çevrilib. Informasiya müharibəsində irəli çıxan Rusiya və onun müsəlman müttəfiqləri sözün gücünü Qərbə qarşı çevirməyi bacardı.
Bizim, Azərbaycanın əsas silahı onun sözü, əməlləri oldu. Bir il əvvəl dövlət başçısının fərmanı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması əməldə də reallaşdı və bu həmrəylik islamofobiyanın sürətini azaltdı, hətta müəyyən ölkələrdə, fəaliyyətin müəyyən sahələrində qalib gəldi. Azərbaycanda başlamış və KİV-in əsas vəzifələrindən birinə çevrilmiş islam həmrəyliyinin təbliği islamofobiya üçün ən güclü silah oldu. Söz yenə də bütün vasitələr qalib gəldi. Islam dövlətləri arasındakı bir çox ziddiyyətlər müvəqqəti də olsa, aradan qaldırıldı. Həmişə bir-birinə rəqib kimi baxan İran, Türkiyə kimi bölgənin iki güclü dövləti islamofobiyaya qarşı ittifaqa girdi, Azərbaycanın islamofobiyaya qarşı irəli sürdüyü islam həmrəyliyi öz müsbət nəticəsini verdi. Bu vacib mübarizəyə Azərbaycan və Qazaxıstanın vasitəçiliyi ilə Avrasiyada ən güclü atom dövləti olan Rusiya da dəstək verib, Rusiya-Türkiyə-İran, Rusiya-Azərbaycan-İran üçlüklərinə qoşuldu. Beləliklə, Yaxın Şərq bölgəsində siyasi-hərbi birliyin yaranması islamofobiyaya ən güclü zərbə vurdu. Qərbin gözlədiyi hadisələr cərəyan etməyə başladı, Yaxın Şərqdə vəziyyət yaradıcı sözün gücünə formalaşmış islam-xristian termininin əməli fəaliyyəti hərbi sahədə də ciddi müsbət dəyişikliyə gətirib çıxardı. Suriya islamofobların yaradıcı terror dəstələrindən, demək olar ki, təmizlənib, bu missiyanı sona çatdırmaq yolunda cəhdlər davam edir. Mən əminəm ki, bu proses yaradıcı sözün xeyrinə tamamlanacaq.
Həmin əlaqələrin yaranmasında mən sözün və sözlə bağlı əməlin gücünü, xüsusilə vurğulamaq istəyirəm. Son iki-üç ildə bölgəmizdə və yaxın Şərqdə baş verənləri təhlil etdikdə mütləq mətbuatın işini, onun ictimai rəyin alaşmasında rolunu vurğulamalı və ona mümkün qədər dəstək olmalıyıq. Biz sözün gücünü bildiyimiz üçün dediyimiz hər kəlmənin məsuliyyətini daşımalıyıq. Bu, çox vacib məsələdir. Biz imperiyaların, böyük dövlətlərin – SSRİ-nin silahla yox, sözlə süquta uğradıldığının şahidiyik. Bu fakta əsaslanaraq, mən son ittifaqların da meydana çıxmasında sözün mühüm rol oynadığını əminliklə deyirəm. Bu mənada islam həmrəyliyinin əsasında məhz sözün durması qanunauyğundur. Bu yaradıcı söz Azərbaycandan səsləndiyi üçün biz daha çox fəxr edir və əlbəttə, məsuliyyəti hiss etməliyik.