(Beynəlxalq Sülh Federasiyasının (UFP) Albaniyada təşkil etdiyi Beynəlxalq konfrans üçün hazırlanmış məruzənin mətni) Tirana şəhəri, 25-28.10.2019
Təhsil hər bir cəmiyyətdə həyat fəaliyyətinin ən mühüm sahələrindən biridir. Bir növ cəmiyyətin inkişaf səviyyəsini müəyyənləşdirən ən vacib amildir, göstəricidir. Keyfiyyətli təhsil sistemi olmayan cəmiyyət, toplum asta addımlarla tənəzzülə doğru istiqamətlənir, uçuruma yuvarlanır. “Qüvvət elmdədir” dedikdə fiziki güc deyil, birlikdə qazanılan ümumi biliklər sayəsində formalaşmış qüvvə nəzərdə tutulur.
Odur ki, bizim hər birimiz üzvü olduğumuz cəmiyyətin inkişafına, güclənməsinə öz töhfəmizi verə bilərik və, inanıram ki, verməliyik. Elm sayəsində nəinki cəmiyyətdə öz yerimizi tutur, həm də fərdi biliyimizi, savadımızı, eyni zamanda ümumilikdə yaşadığımız cəmiyyətin ümumi inkişaf səviyyəsini nümayiş etdiririk. Son nəticədə bütün bunlar birlikdə cəmiyyətin və ümumilikdə bəşəriyyətin tərəqqisində müsbət təsir göstərir. Bu danılmaz həqiqətdir. Heç şübhəsiz ki, müasir dünya bugünkü yüksək texnologiyalar səviyyəsinə məhz elm sayəsində yüksəlmişdir.
Təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridir. Cəmiyyətin inkişafını şərtləndirən bütün amilləri tərəziyə qoysaq, təbii ki, ən ağır gələn təhsil olacaqdır. İnsan inkişafı baxımından təhsil prosesi insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Təhsilin səviyyəsi insanların həyat fəaliyyətinin müxtəlif cəhətlərinə, məsələn, sağlamlığına, siyasi fəaliyyətinə, musiqi qavrayışına, sosial bağlılığına, intizamlılığına və s. təsir göstərir.
Təhsil ev təsərrüfatlarının idarə olunmasında, uşaqların tərbiyəsində, onların qidalanmasının təşkilində və sağlamlığının təmin edilməsində yeni bilik və texnologiyaların istifadə edilməsinə geniş şərait yaradır.
Bir sözlə, təhsilsiz cəmiyyətin xoşbəxt gələcəyi ciddi şübhə altındadır. Zaman sürətlə ötür, lakin dahi şairimiz Nizami Gəncəvinin səkkiz əsr əvvəl dediyi “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz” fikri bu günə kimi öz aktuallığını qoruyub saxlayır.
Təhsil bizə təkcə sistemli biliklər əldə etməyimizə yardımçı olmur, həm də ümumilikdə sosiumun mütəmadi inkişafına, onun dayanıqlı olmasına təkan verir. Dövlət təhsil sistemini öz axarına buraxsa, həmin cəmiyyət əqli cəhətdən səfalət cığırına yuvarlanar və mənəvi tənəzzülə uğrayar. Əslində təhsilin təşkili və səviyyəsi dövlətdən daha çox asılıdır.
Dediyimiz bu fikirləri isbatlamaq üçün xəritəni açıb bir neçə dövləti nəzərdən keçirmək kifayətdir. Bu gün Afrikada, Latın Amerikasında hələ də ibtidai icma dövründəki kimi mağaralarda yaşayan qəbilələr qalmaqdadır. Onlar hələ də yehudilik, xristianlıq, islam, buddizm kimi müqəddəs dinlərin, mənəvi-əxlaqi dəyərlərin, müasir texnologiyanın varlığından xəbərsizdirlər. Bəlkə də həmin insanların bu dinlərdən xəbərləri olsaydı, onlar elmin və təhsilin nə demək olduğunu dərk edərdilər. Axı bütün müqəddəs dinlər bəşər övladını elm öyrənməyə, savadlı olmağa çağırır. Müsəlmanların belə bir deyimi var: “Elm Çində də olsa, arxasınca gedin”. İslamın yarandığı və yayıldığı regionla Çin arasında qət edilməsi çox çətin olan böyük məsafə olduğu üçün o vaxtdan bu fikir elmə yüksək dəyər verilməsi mənasında işlədilir.
Elmli olmaq istəyənin qarşını heç bir maneə kəsə bilməz. Amma təəssüf ki, müasir insanın Kosmosa ayaq açdığı bir dövrdə hələ də dünya sivilizasiyasından, mədəniyyətindən, dinlərdən bixəbər toplumlar var. Bəşəriyyət üçün bu utancverici halı aradan qaldırmaq üçün bütün dünya ictimaiyyəti narahat olmalı, səylərini birleşdirməlidir. Dövrümüzdə planet əhalisinin, demək olar ki, yarısı yazıb-oxumaq bilmir, savadsızdır. Bu, təkcə onların yaşadıqları cəmiyyətin deyil, ümumilikdə bəşəriyyətin inkişafını ləngidir. Bu hal daha çox vaxtilə uzun illər boyunca böyük imperiyaların koloniyası olmuş ölkələrdə müşahidə olunur. O zaman savadsızlıq, elmsizlik bu xalqları idarə etmək baxımından olduqca sərfəli idi. Həmin insanlar öz haqlarını bilmədikləri üçün bir qarın çörəyə görə gecə-gündüz qul kimi çalışır, başqa heç nə tələb etmirdilər. XX əsrin ikinci yarısında Yəməndə işlədiyim dövrdə özüm bu mənzərənin canlı şahidi olmuşam. Müstəkəmlikdən yenicə azad olmuş bir ölkədə (1967-ci il) azadlıq uğrunda inqilab hərəkatına rəhbərlik edən cəmi 10-12 savadlı insan tapmaq mümkün idi. Təsəvvür edin ki, o zaman Cənubi Yəmən ordusuna komandanlıq edən şəxs yazmağı və oxumağı bacarmırdı. Amma müstəqil dövlətin ordusuna rəhbərlik edir, üstəlik, qonşu ölkələrlə sərhəddə döyüş əməliyyatları da aparırdı. O zaman həmin ölkəni qarış-qarış gəzmiş, bir çox regionlarda neinki orta məktəbin, hətta ibtidai məktəbin olmadığını öz gözlərimlə görmüşdüm. Belə bir ölkənin vətəndaşlarının gələcəklə bağlı heç bir arzuları, ideyaları yox idi. Onlar həyatın mənasını, nə üçün yaşadıqlarını belə dərk etmirdilər. Günləri qoyun-keçi otarmaqla keçirdirdilər. Bir çox qəbilələrdə ailə-məişət münqaişələrini də qəbilə basşçısı özüu şəxsən həll edirdi.
Bütün bunlar 132 il ölkədə yürüdülən müstəmləkəçilik siyasətinin (Cənubi Yəmən Böyük Britaniyanın mütəmləkəsi olub) və əlbəttə ki, dünyanın bəzi regionlarında hazırkı neokolonializm siyasətinin də əsasını bu məyar təşkil edir. Ən qəribəsi isə odur ki, artıq uzun müddətdir ki, sivilizasiyalı dövlətlərdən, xüsusən də Qərbdən alınan hərbi yardım vasitəsilə hakimiyyət uğrunda qızğın mübarizənin getdiyi butun ölkələrdə də savadsızlıq hələ də bir nömrəli problem olmaqda davam edir. Görünür, bu hal əvvəlki status-kvonu qoruyub saxlamaqda maraqlı olan qüvvələrə sərf edir...
Savadsızlıq, elmsizlik vətəndaş qarşıdurmasında və beynəlxalq terrorçularla toqquşmalarda həlak olan yüz minlərlə insanın həyatı deməkdir. Əfqanıstan, İraq, Liviya, Suriya göz önündədir... Odur ki, təbii sərvərlərlə nə qədər zəngin olsa da, əhalisi savadsız olan bir dövlət heç vaxt inkişaf edə bilməz. Xalqın inkişafını şərtləndirən əsas amil məhz təhsildir. Savadı olmayan insan inkişaf yoluna qədəm basa, ümumbəşəri dəyərlərin axtarışına çıxa, dünya sivilizasiyasına qoşula bilməz. Bu halda həmin vəzifələri təhsili yüksək səviyyədə olan, elmi-texniki tərəqqi dövrünü yaşayan dövlətlərin vətəndaşları yerinə yetirəcək. Təhsil dünyaya açılan pəncərədir. Elm yolunda büdrəmək qətiyyən yolverilməzdir. Geri qaldınsa, səni mütləq dəstədən uzaqlaşdıracaqlar. 25 ildən artıqdır Beynəlxalq Təhsil Fondu ilə əlaqəsi olan və bu mühüm qurumun təşkilatçılarını yaxından tanıyan biri kimi insanlarda inkişafın əsas sütunu olan təhslinin vacibliyinə əminlik yaratmaq üçün nə qədər gücün tələb olunduğunu çox yaxşı bilirəm. Təhsil məqsədyönümlü təlim və tərbiyə prosesidir. Bu proses dövlətin müəyyənləşdirdiyi sistem əsasında aparılır. Təbii ki, dövlət ümumi və xüsusi təhsilin səviyyəsini istehsalatın tələbini, elm, texnika və mədəniyyətin real vəziyyətini, ictimai münasibətləri nəzərə alaraq təyin edir. Unutmayaq ki, müasirləşən cəmiyyətlərdə bilik ən böyük kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir.
İntellektual seviyyesi üstünlük təşkil etdiyi cəmiyyət insanların ictimai fəaliyyətinə və sosial məsuliyyətinə də yeni tələblər irəli sürür və beləliklə “təhsilli insan” anlayışı da yeni məna kəsb edir. Təhsil hər bir ölkənin insan inkişafı və dövlətin gələcəyi üçün vacibdir. Biz artıq elə bir sürətlə dəyişən dövrdə yaşayırıq ki, təhsil sahəsində atılan addımlar müasir tələblərlə deyil, gələcəyin perspektivləri üzərində köklənməli və kəmiyyətə deyil, keyfiyyətə yönlənməlidir.