Авторское право © WWW : Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано Новости » Публициcтика » Ramazan düşüncələri
31.08.10 11:46

Əziz dostum, qardaşım,
Ramazanın mübarək.
İldə bir ay da olsa,
Şeytana gəldin kələk.

Cənnətin qapısında
Çindir arzun-niyyətin,
Şeytan ilə savaşda,
Keçir ömrü millətin.

İndi bildin niyə mən
Sənə kömək gəlirəm.
Çünki ətim, qanımsan,
Sən mənimlə qohumsan.

Niyə dözə bilmirsən?
Kimə sinə gərirsən?
Gündə milyon dəfə
Ölürsən-dirilirsən.

Şeytana torba tikmək
İnsan üçün şərəfdir.
Çox heyflər olsun ki,
Şeytan da bir tərəfdir.

Olmasaydı bu şeytan,
Nə edərdi müsəlman?
Allah, niyə bizləri
Şeytana tuş qoymusan?

Məqsədim başqa şeydir,
Mən şikayət etmirəm.
Şeytan olan məclisə
Çalışıram, getmirəm.

Etiraf edirəm ki,
Tənhalıq çətin andır!
Allah, Sən şeytanları
Cəhənnəmində yandır! 

Xilas eylə ümməti
Kələyindən şeytanın.
Məcburdurmuyuq biz keçək
Ələyindən şeytanın?

Şeytan: Yıx üstümə günahı,
İncimərəm vallahi.
Sən mənə at daşları,
Dəstəklə yoldaşları.

Bu sizinçün adətdir,
Bəlkə də xasiyyətdir.
Hər il qonaq gəlirsiz,
Məni anıb gedirsiz.

Mən sizintək etməzdim,
Uzaq yola getməzdim.
Qonşuya at daşını,
Amma gözlə başını.

Qonşu pis deyil səndən,
Təlimin alıb məndən.
Savaşın qonşularla,
Daha əl çəkin məndən.

«Azad» seçimli insan!
Sən niyə yaranmısan?
Hər iş bağlıdır mənə,
Mənəm güc verən sənə.

Şəhvətin sahibi mən,
Amma şəhvət istəməm.
Qoy o sizlərə qalsın,
Şam tək alışıb-yansın.

Heç kəs inanmayır ki,
Şeytanı siz sevirsiz.
Şeytan ürəklə işlər,
İnsansa baş-beyinsiz.

Şeytan ilə üzbəüz
Keçir sizin ömrünüz.
Elə bil şeytanla siz
Kəbin kəsdirmisiniz.

Hamı öyrənib desin:
Şeytana lənət olsun.
Kim görüb ki, dünyada
Şeytansız millət olsun?

Darıxırsan, bilirəm.
Ardımca söylənirsən.
İnanıram ki, məni
Məndən də çox sevirsən.

Allah yaradıb məni
Qol da çəkib əmrimə.
Damazlıqdan qalanı
Töküb insan xəmrimə.
Təvəkkül özümdədir,
İşim də, sözüm də bir.
Bacarırsız, yan keçin,
İşi şeytansız seçin.

Sizə hər şey öyrətdim,
Şəri, küfrü istətdim,
Naşükürsən, ey insan!
Çətin adam olasan.

İnsan: Şeytan dedi bizlərə:
Biz birik, vəhdətdəyik.
On bir ay can bir qəlbdə,
Bircə ay qürbətdəyik.

Dedi: məkrdir insan!
Belə qalmaz bu cahan.
Mən hər iki dünyadan,
İnsanları qovacam.

Qoy bilsin ümmətimiz,
Axıracan varıq biz
Əgər şeytan olmasa,
Dünyanı dağıdarıq biz.

Şeytan həmkar deyil ki,
Badalaq vursun sənə.
O, babamdır, nənəmdir,
Bizimlə lap həmdəmdir.

Üzü bizdən dönəndə
Gəl deyirik o anda.
Özgə yerə getmə sən,
Artıq bizə gəlmisən.

Səni bir qonaq kimi
Bəsləyirik hər zaman.
Hərdən xahiş edirik:
Qonşuya vur bir ziyan.

Sənsiz lap darıxarıq.
Sənə çox alışırıq?
Hər kəsdən qiymətlisən,
Gəl qonşuya getmə sən.

Nə istəsən, məndə var.
İstərsən, qoyun olum,
İstərsənsə, canavar.
Təki sən bizimlə qal.

Bu ittifaq əbədi,
Bilmirəm haqq nədədi.
Şeytan mələk olmasa,
İndi o bir gədəydi.

Epiloq: Ramazan necə gəldi,
Gün batdı, gecə gəldi.
Lənətə gəlmiş şeytan
Bir aylığa dincəldi.

O bizləri ac qoydu,
Şəhvətə möhtac qoydu,
Kəffarə torbasını
Ağzınadək doldurdu.

Nə zor imiş bu şeytan,
Vermir bizlərə aman.
Şeytan ilə bağlıdır
Həm insanlar, həm dövran.

Vallah, şeytan düz deyir,
Rüşvət almır, pul yemir.
Hər şey edən insandır,
Şeytandan da şeytandır.
URL / WWW
http://raliyev.az/news/a-141.html