Авторское право
© WWW :
Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано
Новости
»
Политика
» Qarabağ öz azadlığını gözləyir
28.03.14 10:21
Bunun üçün münasib siyasi və hərbi şərait yaranıb
Bu yaxınlarda Krımda baş verənlərin Qarabağın ən azı beş rayonunun çox az bir güclə geri qaytarılması üçün real şans yaratdığı haqda “525-ci qəzet”də dərc olunan məqaləmlə bağlı aldığım müsbət rəylər, xoş sözlər əminlik hissimi bir qədər də artırdı. Odur ki, bütün əqli imkanlarımı sözə çevrib yazmaq və xalqa, ictimaiyyətə çatdırmaq qərarımı dəyişmədim.Son 20 gündə dünyada baş verən hadisələr, siyasi gedişlər və onların nəticələrinin təhlili, bu mövzuda qeyri-azərbaycanlıların – xarici politoloq və təhlilçilərin yazılarında öz əksini tapmış fikirlər - Ukraynada baş verən hərc-mərclik, hakimiyyətin qeyri-qanuni yolla ələ keçirilməsi və onun ardınca Avropa İttifaqının beynəlxalq hüquq normalarına tamamilə zidd olaraq yeni qondarma hakimiyyəti tanıması, Ukraynanın belə hallarda vacib olan rəsmi protokol qaydalarına əməl etmədən Avropa İttifaqına assosiativ üzv qəbul olunması barədə onun yeni qeyri-leqitim rəhbərləri ilə tələm-tələsik müqavilənin imzalanması, mövcud qanunları növbəti dəfə pozaraq mülkiyyət hüququna kobudcasına müdaxilə yolu ilə bir sıra rus və Ukrayna oliqarxlarının, vəzifəli şəxslərin Avropa banklarındakı mövcud depozit hesablarının bağlanması, heç bir əhəmiyyəti olmayan sanksiyaların tətbiqi Avropanın müstəqil siyasət yürütmək imkanından məhrum olması faktını yenidən üzə çıxartdı. Bu fikri bir çox avropalı siyasətçilər də təsdiqləyir və rəhbərliyi qeyri-müstəqillikdə ittiham edirlər. İş o yerə çatıb ki, hətta Avropanı Amerikanın vassalı da adlandıranlar var.
Martın 20-dən sonra Avropa məkanında keçirilən məsləhətləşmələr, Rusiyaya qarşı iqtisadi sanksiyaların qəbul edilməsi fikrinin nəticəsiz uzun-uzadı müzakirəsi, Ukraynaya yalnız söz verməklə kifayətlənmək siyasəti, çevrilişdən bir ay keçməsinə baxmayaraq, bu ölkəyə heç bir maddi yardımın edilməməsi onu göstərir ki, Avropa siyasətçiləri onların Amerikanın qurbanı edilməsi faktını artıq başa düşməyə başlayıblar.
Amerika Rusiyaya qarşı heç bir təsirli iqtisadi sanksiya elan etməyib və çox güman ki, etməyəcəkdir. Eyni zamanda Avropa İttifaqını sanksiyalara sövq edən ABŞ-ın ikili standart siyasətinə qarşı çıxan bəzi Avropa siyasətçiləri də artıq bu haqda danışmaqdan çəkinmirlər. Onlar anlayırlar ki, Avropa – Rusiya qarşıdurması yalnız ABŞ-ın mənafeyinə uyğundur.
Biz də çox məqamları başa düşürük. Hakimiyyətin atdığı qəti addımlar da bunu sübut edir. Müstəqil siyasət, Avropa və Amerikanın Azərbaycana yönəlmiş tənqidi öz təsirini demək olar ki, itirib və belə münasibət artıq xalq arasında gülüş hədəfinə çevrilib. Uzun illər etalon saydığımız Avropa inkişaf yolunun uğursuzluğa düçar olması da heç kəsdə şübhə doğurmur. Bizi öz siyasi, hətta mənəvi “standart”larına uyğunlaşdırmağa məcbur etmək cəhdləri və bizim onlara müsbət yanaşmağımız indi ciddi tarixi anlaşılmazlıq kimi qiymətləndirilə bilər. ATƏT-in monitorinq qrupunun iki üzvünün - Andreas Qross və pribaltikalı Andres Herkelin hakimiyyətimizə və cəmiyyətimizə qarşı etdikləri hörmətsizliklər xalqı və hakimiyyəti hövsələdən çıxarsa da, etiraf edək ki, o zaman Avropanın emissarlarına qarşı hansısa güclü təsir imkanlarımız yox idi. A. Qross Azərbaycanda at oynadırdı. Qırxılmamış uzun baş tüklərinə malik olan “kolpanbaş” Andreas Qrossun vaxtilə hər dəfə Azərbaycana gəlişi bizə Çexovun “Revizor”unu xatırladırdı.
İndi isə vəziyyət tamamilə dəyişib. Azərbaycan müstəqil, güclü, varlı bir ölkəyə çevrilib və dövlət başçımız cənab İlham Əliyev pisniyyətli əcnəbi emissarlara qarşı ölkəmizin maraqlarına uyğun inamlı mövqe nümayiş etdirir, onların su yoluna çevirdikləri Azərbaycanı qədərincə müdafiə edir. Biz beynəlxalq aləmdə öz sözü, müstəqil siyasəti olan, Avropanın aparıcı dövlətlərinin, güclü qonşularımızın (Rusiya, Türkiyə və İran) və digər böyük ölkələrin strateji müttəfiqinə, Qafqaz regionunun aparıcı dövlətinə çevrilmişik.
Bütün bunları sadalamaqda məqsədim Azərbaycanın inkişafa doğru sürətlə irəlilədiyini və digər ölkələrin onunla hesablaşmağa məcbur olduqlarını bir daha qeyd etməkdir. Bu, günümüzün siyasi reallığı və obyektiv faktıdır.
Bir müddət əvvəl tanınmış Rusiya siyasi təhlilçisi Oleq Kuznetsovun Vesti.az saytının əməkdaşı Bəhram Batıyevə verdiyi müsahibəsi və həmin xəbər agentliyində mənim məqaləm eyni gündə - martın 10-da dərc edildi. Məqaləm həmin gün saat 13:00-da, onun verdiyi açıqlamalar isə saat 20:00-da saytda işıq üzü gördü. Bu iki yazının Vesti.az-da yerləşdirilməsi arasında 7 saat fərq olmasına baxmayaraq, Krımda baş verənlərin zəbt olunmuş torpaqlarımızın geri qaytarılmasına müsbət təsiri ilə bağlı hər ikimizin fikirləri üs-üstə düşdü. Bu, bir daha sübut etdi ki, ruslar özləri də Qarabağın geri qaytarlıması üçün məhz indi – beynəlxalq hüquq normalarının ciddi pozuntulara məruz qaldığı bir dövrdə əsl məqam olduğunu etiraf edirlər. Bizə xoş münasibət bəsləyən bir çox təhlilçilər hətta bu əməliyyatı tezləşdirməyi məsləhət görürlər. Belə münasib şəraitdən istifadə etmək, məncə, çox vacib və hətta zəruridir.
Ermənistanın Krımla bağlı ruspərəst münasibəti Qərbi növbəti dəfə hirsləndirib, necə deyərlər, qıcıqlandırıb, əsəblərini bir az da tarıma çəkib. Bütün bunlar - Ermənistan rəhbərliyinin son aylarda onu Avropadan uzaqlaşdıran addım atması bu ölkənin müstəqil siyasətə malik olmaması faktı bir daha dünyanın aparıcı ölkələrinə aydın olub. Avropa Ukrayna ilə məşğuldur və hətta Suriyanı da unudub. Minlərlə ölən Suriya vətəndaşı haqda Avropanın kütləvi informasiya vasitələri heç məlumat da vermirlər. O, bütün xarici siyasətini Ukraynanın heç olmasa bir hissəsini özününkü etməyə, “özəlləşdirməy”ə yönəldib. Krımın Rusiyanın tərkibinə qaytarılmasını mümkün saymayan Avropa siyasi elitası indi Ukraynanın qalan torpaqlarını saxlamağa, dövlətçiliyinin dağılmamasına cəhd göstərir. İş nə yerə çatıbsa, BMT-nin baş katibi Pan Gi Mun Qərbi Ukraynaya yardım etməməkdə günahlandırır. Bu, baş katibin Qərbi tənqid edən ilk cəhdidir.
Belə bir beynəlxalq siyasi şəraitdə bizim tarixi torpaqlarımızı qaytarmaq şansımız birə yüz artıbdır. Buna xarici siyasi təhlilçilər, siyasətşünaslar da eyham vururlar. Onlar yalnız bizim ortaya iradə qoyub, bircə erməni əsgəri belə öldürmədən 5 rayonu almaq üçün yaranmış əlverişli tarixi imkandan istifadə etməyə qərarlı olmağımızı, bunu tezliklə reallaşdırmağımızı məsləhət görürlər. Bunu sübut edən onlarla misal gətirmək olar.
Ortada danılmaz bir həqiqət var - bütün Azərbaycan xalqı bu qələbəni vəhdət və qeyrət rəmzi kimi gözləyir. Belə olarsa və mən əminəm ki, belə də olacaq, Azərbaycan xalqını bir ideya ətrafında – bütövlük fikri çərçivəsində birləşdirmək, vətənpərvərlik ruhunu yükəsldib onu daha da möhkəmləndirmək zərurətə, vacib hərbi-siyasi amilə çevriləcək. Vətəni canından da çox sevən əsgər və zabitlərimiz, qolunda güc, qəlbində qeyrət və düşmənə nifrət hissi olan hər bir azərbaycanlı bu anı 22 ildir ki, səbirsizliklə gözləyir.
Əsgər və zabitlərimiz qeyri-müharibə şəraitində verdikləri itkilərə, erməni atıcılarının gülləsinə tuş gələn əsgər və zabit yoldaşlarının ölümünə ciddi surətdə heyifsilənir, nifrət və intiqam hissi onları sanki yaşamaq üçün vacib olan oksigendən məhrum edir. Onlarda, necə də olmasa, ruh düşkünlüyünün rüşeymləri getdikcə baş qaldıra bilər ki, bu da müharibə şəraitində olan bir ölkə üçün arzuolunmazdır. Müdafiə Nazirliyinin fəaliyyətində müşahidə olunan müsbət dəyişikliklər, ordunu çağırışçıların valideynlərinə əsgər paltarı satan, onların çoxundan rüşvət almağa şərait yaradan, normal ət əvəzinə əsgərlərə bir manatlıq Hindistan inək və camışlarının ətini yedizdirən nanəcib generallardan və yüksək rütbəli komandirlərdən təmizləmək prosesi xalq tərəfindən müsbət qarşılanmaqla yanaşı, bütün vətənpərvər vətəndaşlarda ruh yüksəkliyi yaradır, onlara real ümid verir, gələcəyimizlə bağlı düzgün yol göstərir. Bu islahatlarların, xüsusilə də “təmizlik” işlərinin özünü cəbhədə də doğruldacağına əminliyimiz birə beş artıb. Odur ki, öz azadlığını gözləyən Qarabağın səsini, fəryadını eşitmək və ona güclü dəstək verməyin vaxtı artıq çatıb.
URL / WWW
http://raliyev.az/news/a-260.html