Àâòîðñêîå ïðàâî © WWW :
Ïåðåïóáëèêàöèÿ ìàòåðèàëîâ,âîçìîæíà òîëüêî ñ óñòíîãî èëè ïèñüìåííîãî ðàçðåøåíèÿ Àäìèíèñòðàöèè ñàéòà !
Íàçâàíèå ñòàòüè , Îïóáëèêîâàíî » Èíòåðâüþ » “Həyat yoldaşımın kim olacağını bilmədən ayaqqabısına kimi almışdım” – Keçmişdəki mən
15.02.16 13:47

Rafiq Əliyev: “Azərbaycanda pambıq yığan, mal-qara otaran adam nazir səviyyəsinə gəlib çıxırsa, deməli, bu ölkədə ədalət var” 

Kənddə yaşasa da, arzuları, məqsədləri böyük olub. Balaca, dəcəl kənd uşağı böyük ideyalar uğrunda mübarizə aparıb və istəyinə çatıb. Özünün də dediyi kimi, bir vaxtlar mal-qara otaran, pambıq yığan, kənddə çöl həyatının bütün çətinliklərini çiyinlərində daşıyan bu uşaq Azərbaycanda nazir səviyyəsinə qədər yüksəlib. 
Müsahibimiz “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevdir. Həmsöhbətimizin maraqlı, pozitiv, uğurlu həyat hekayəsinə nəzər salaq...

“İnsan hər şeyə qadirdir”

R.Əliyevin uşaqlığı Ağdam rayonunun Quzanlı kənd sovetliyinin İmamqulubəyli kəndində keçib. Çoxuşaqlı ailədə böyüyüb. Özündən böyük qardaşı əmisinin işlədiyi Bərdə rayonunda təhsil aldığı üçün kənd həyatının bütün yükü yaşı az olmasına baxmayaraq, onun üzərinə düşüb: “Kənddə mal-qaramız, qoyunlarımız var idi. Onları otarır, yemləyirdim. Orta məktəbə beş yaş yarımda getmişəm. Böyük qardaşımla birlikdə məni də məktəbə göndərirdilər ki, oxuyub-yazmağı öyrənim, növbəti il məktəbə hazırlıqlı gedim. Amma yaxşı oxuduğum üçün növbəti il birinci sinfə deyil, ikinci sinfə getdim. Məktəbimiz 7 illik idi, orta məktəb isə kənddən 4 km məsafədə yerləşirdi. Səhər saat 7-də evdən çıxır və bir saata məktəbə çatırdım. Uşaqlıq həyatım çox çətin keçib. Amma öz gücümlə bütün çətinlikləri dəf edirdim. Evdə qoca nənəm var idi, kişi xarakterli idi. Bəzən gecə saat 4-də məni oyadırdı ki, gedək heyvanları yaylıma çıxaraq. Malı otarıb evə gəlir, yuyunur, sonra məktəbə gedirdim. Uşaqlığımın əziyyətli keçməsi məndə belə bir inam formalaşdırdı ki, insan hər şeyə qadirdir”.

“Həmişə hər yerdə birinci olmaq istəyirdim...”

Orta məktəbə tez getdiyi üçün universitet həyatına da 16 yaşı tamam olmamış başlayıb. Özünün dediyi kimi, elə universitetdə böyüyüb: “Bakıya da ilk dəfə məhz bu yaşda gəldim. O vaxta qədər Bakı haqqında çox eşitmişdim, amma görməmişdim. Fakültə seçimində mənə istiqamət verən də yox idi. Özüm müəyyənləşdirdim və Şərqşünaslıq fakültəsinə sənəd verdim. O zaman akademik Aslan Aslanov imtahan komissiyasının sədri idi. Sözügedən fakültəyə 50-dən çox sənəd verilmişdi, lakin 16 vakansiya var idi. Cəmi 5 nəfər şərqşünaslığa qəbul oldu, onlardan biri də mən idim. Qalan bütün tələbələri ədəbiyyat fakültəsindən əla qiymətlərlə Şərqşünaslıq fakültəsinə keçirdilər. O tələbələr artıq 5-6 il idi ki, ədəbiyyat fakültəsinə gedib-gəlirdilər və məndən daha savadlı idilər. Sabir Rüstəmxanlı, Sabir Həsənov, Hidayət Orucov, Seyran Səxavət – onların hamısı əla qiymətlərlə bizim fakültəyə keçdilər. Biz isə orta qiymətlərlə qəbul olunmuşduq. Aramızdakı bu fərq məni çox narahat edirdi. Onların səviyyəsinə çatmaq üçün ikiqat artıq oxuyurdum. Hər zaman hər yerdə birinci olmaq istəyirdim. Bu fikir məndə uşaqlıqdan formalaşmışdı. O vaxtdan inanırdım ki, insan istəsə, hər yerdə birinci ola bilər”.

“Qalmağa yerim yoxdu...”

Dərslər başladıqdan sonra həmsöhbətimiz yataqxana problemi yaşayıb. Lakin bu problemin də öhdəsindən özünəməxsus üsullarla gəlib: “O zaman rayondan gələndə özümüzlə yorğan-döşək götürürdük. Mən də cılız uşaq idim, yorğan-döşəklə Bakıya gəldim, onlar bəlkə də mənim çəkimdən ağır idi. Demişdilər ki, yataqxanada yer verəcəklər. Amma gəldikdən sonra yataqxanada yer olmadığı bəlli oldu. Yorğan-döşəyi çiynimə alıb imtahan komissiyasının sədri Aslan Aslanovun qəbuluna getdim, lakin qəbula buraxmadılar. Pal-paltarı kabinetin qapısının yanında qoyub mürgüləyirdim. Saat 18:30 da kabinetdən çıxan Aslan müəllim məni gördü. Nə üçün burada oturduğumu soruşdu. Yataqxanada yer olmadığını, vağzalda qalmağa ehtiyat etdiyimi bildirdim. Burada qalmaq üçün icazə istədim. O məni tanıdı. Soruşdu ki, “qəbul imtahanında müəllimlə mübahisə edən oğlan sən idinmi?”. “Bəli” cavabını aldıqdan sonra köməkçisini çağırdı, məni yataqxanada yerləşdirməyi tapşırdı”.

“Quran kursuna getdik...”

Universitetdə seçildiyi üçün onu İraqa təhsil almağa göndəriblər: “Üçüncü kursda yaxşı oxuduğumuza görə mən də daxil olmaqla seçilən iki nəfəri İraqa göndərdilər. İraqda ərəb dilini öyrənmək üçün fakültə var idi, Quran kursu da fəaliyyət göstərirdi. Dostumla birlikdə Quran kursuna getdik. Səfirlikdən bunu eşitdilər və bizi çağırdılar ki, bəs siz komsomolçusunuz, ateistsiniz. Necə olur ki, Quran kursuna gedirsiniz? Bu səbəbdən sizi ordan çıxarıb geri qaytara bilərik. Quran kursuna getmək qəti qabağandır. Mən də bədahətən ağlıma gələn ilk fikri dedim: “Biz düşmənə qalib gəlmək üçün onun bütün xüsusiyyətlərini yaxşı bilməliyik, ona görə Quranı öyrənirik ki, ona qarşı silahlanıb mübarizə aparaq”. Müşavir dedi ki, mən bilirəm, siz yalan deyirsiniz. Amma verdiyiniz cavabı bəyəndim, cavab məni qane etdi. İcazə verirəm, gedin. 5-ci kursu burada oxudum və universiteti qırmızı diplomla bitirdim.

İlk qazanc

İlk pulunu nə zaman qazandığına gəldikdə, müsahibimiz deyir ki, imkanlı ailədən çıxsa da, heç vaxt atasından cib xərcliyi almayıb: “İlk pulumu 7 yaşımda qazanmışam. Ağdamda bizim kəndin yanından Ağcabədiyə gedən şosse yolu var idi. Həyətimizdə də çoxlu albalı, gilas olardı. Meyvələri çubuqlara düzürdüm, dərsdən sonra yolun qırağında satırdım. İlk dəfə 50 qəpik qazanmışdım. İki nəfər idik, onu böldük, peçenye aldıq və yedik. Uşaqlıqdan bilirdim ki, özüm-özümü saxlamalıyam. İmkanlı ailədə böyüsəm də, heç vaxt evdən pul almamışam. Kənddə yeganə saçqırxan maşın məndə idi. Atamın köhnə maşınını düzəltdirmişdim, onunla pul qazanırdım. Bəzən baş qırxmaq üçün 30 qəpik və ya 3 yumurta alırdım. Birinci kursda oxuyanda 35 manat təqaüd alırdım, bu, mənə bəs etmirdi. İkinci kursda ərəb dilindən dərs deməyə başladım. Uşaqların evlərində hazırlıq keçirdim, hərəsindən 25 manat pul alırdım. Şagirdlərimin içində Səməd Vurğunun nəvəsi Aygün, nazir müavininin uşaqları da var idi. Özümü yaxşı dolandırırdım, rayondan pul göndərməyə ehtiyac qalmırdı. Yay tətillərində isə Şuşada pioner düşərgəsində işləyib 70 manat maaş alırdım”.

İstədiklərimin çoxunu həyata keçirdim...

Həmsöhbətimiz düşünür ki, insan nəyi arzulayırsa, o mütləq yerinə yetir: “Çünki bizə kainat kömək edir, yol açır. Düzdür, biz hər şeyi Allahdan istəyirik, Allahdan başqa onun yaratdigi milyardlarla mələklər, kainat var. O istək ki sənin arzuna çevrilir və sən onu dilə gətirirsən, bu, enerjiyə çevrilib kainata yayılır. O zaman sənin istəyin yerinə yetir. Bu, pis istək də ola bilər, yaxşı istək də... Mənim istədiyim bütün arzularım yerinə yetib. Çünki mən onları həqiqətən istəyirdim”.
Yəməndən gəldikdən sonra o, digər planlarını həyata keçirməyə başlayıb və öz qazancı ilə özünə ev alıb: “Xaricdən ilk dəfə “Jiquli” markalı maşın gətirmişdim. O maşını qardaşıma hədiyyə etdim. İkinci dəfə “Volqa” gətirdim. “Volqa”nı satdım, özümə 4 otaqlı ev aldım. Hətta evlənmək üçün də lazım olan bütün zinət əşyalarını almışdım. Yəməndə qızıl çox ucuz idi. Orada təxminən 200 dollara qədər pul alırdım. Yoldaşımın kim olacağını bilmirdim, heç namizəd də yox idi. Amma bütün qızılları almışdım. Beynimdə tutmuşdum ki, ailə quracağım insanın bədən ölçüləri böyük olmayacaq. Ayaqqabıya qədər almışdım. Bakıya gəldim. Firudin bəy Köçərlinin oğlu əmimlə yaxın münasibətdə idi. Təsadüfən əmimlə birlikdə onlara getmişdik. F.Köçərlinin qızı Nüşabə xanımı orada gördüm. Aspiranturaya eyni vaxtda imtahan verirdik. Bu qız mənim xoşuma gəldi, bütün aldıqlarım da ona uyğun idi. 1973-cü ildə evləndik. Evlənənə yaxın hər şeyim hazır idi. Hətta o zaman mən ilk dəfə ucqar kənddən gəlib Bakıda toy etdim. Kənddən 250 nəfərə yaxın qonaq gəldi və hamı gördü ki, gəlinlə-bəy bir yerdə oturub. Bu, kənd camaatı üçün çox böyük yenilik idi. Beləliklə, ailə həyatımı da istədiyim kimi qurdum”.

“Neqativ axtarırsınızsa, tapacaqsınız...”

Müsahibimiz sonda gənclərə məsləhətlər də verdi: “Sizin istədiyiniz şey sizin daxili tələbatınız olmalıdır. Sizin şüurunuzla şüuraltı arasında münasibət qurulmalıdır. Beş hiss qabiliyyətiniz var. Amma 6-cı hissi də unutmayın. Bu, intuisiyadır. Altıncı hissinizlə şüurunuz münasibət qurmalıdır. Bu münasibət qurulsa, siz hər şeyə qadir ola bilərsiniz. Çünki şüuraltında olan nə varsa, o, şüurun verdiyi əmrlərin hamısını yerinə yetirir. Gənclərə məsləhət görürəm ki, qarşılarına qoyduqları məqsədi özlərinin daxili işi hesab etsinlər və özlərini ona həsr etsinlər. Bu o demək deyil ki, gecə-gündüz işləməlisən. Sadəcə, addım-addım öz məqsədinə çatmalısan. Çətinliklərdən heç vaxt qorxmaq lazım deyil, çünki insan həyatında çətin olmayan heç nə yoxdur. Problem varsa, problemi həll etmək yolları da var. Allah bizə ağıl, şüur verib. Əgər bir arzun varsa, onu yerinə yetirmək üçün çalışmalısan. İnsan qarşısına qoyduğu məqsədi arzusuna çevirsə və o arzunu yerinə yetirmək üçün çalışsa, mütləq arzusuna çatacaq. Əgər neqativ axtarırsınızsa, onu mütləq tapacaqsınız. Çünki neqativ də sizi axtarıb tapır. Amma pozitiv istəsəniz, pozitiv gələcək. Kainata hansı enerjini verirsinizsə, onu da alırsınız. Mən kənddə böyümüş uşaq kimi ayda bir dəfə kəndin qoyun, bir dəfə də mal sürüsünü otarırdım. Bizim imkanımız var idi, pul verib bu işi başqasına da gördürə bilərdik. Amma mən buna icazə vermirdim. Əgər Azərbaycanda pambıq yığan, qoyun otaran bir nəfər nazir səviyyəsinə gəlib çıxırsa, deməli, bu ölkədə ədalət var”.

Aygün ƏZİZ
http://kaspi.az/news.php?id=27053
URL / WWW
http://raliyev.az/news/a-319.html