Авторское право © WWW : Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано Новости » Политика » Patriarx və Roma Papası
29.02.16 14:46

(Tarixi görüşə müxtəlif baxışlar)

Bildiyimiz kimi, bir neçə gün əvvəl Moskva və bütün Rusiyanın Patriarxı Kiril ilə Roma Papası Fransisk arasında tarixi görüş baş tutdu. Həmin görüşlə bağlı cəmiyyətdə, kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səslənməyə başladı. Onlardan birinin daha geniş müzakirəsi üçün mən də düşüncələrimi sizinlə paylaşmaq qərarına gəldim. 
21.02.2016-cı ildə yerli telekanallardan birində saat 19:30-da siyasi məzmunda tok-şou efirə getdi. Veriliş Moskva və bütün Rusiyanın Patriarxı Kiril ilə Roma Papası Fransisk arasında keçirilmiş görüşün və onun nəticələrinin müzakirəsinə həsr olunmuşdu. Studiyaya bir politoloq (bu ad indi dəbdədir, heç bir ixtisasa tam yiyələnə bilməyənlərin çoxu özünü politoloq adlandırır) və bir din xadimi (bu da maraqlı əlavədir. Əslində imanlı olaraq biz hamımız  dinə xidmət edirik, amma özümüzü heç vaxt din xadimi adlandırmırıq) dəvət olunmuşdur.
Təəssüflər olsun ki, cəmiyyətimizin bu gün dinlə bağlı məsələlərdə çox həssas olduğunu və qonşu ərazilərdə baş verənlərlə ciddi maraqlandığını bilsələr də, iştirakçılar həm iki xristian konfessiyasının tarixi görüşünü, onun səbəb və nəticələrini xeyli təhrif etdilər, həm də “Yaxın və Orta Şərqdə cərəyan edən qanlı hadisələrin məhz Rusiyanın maraqları dairəsində olduğu” fikrini dilə gətirməklə kobud siyasi səhvə yol verdilər. Yarım saatlıq veriliş zamanı bir dəfə də olsun, Yaxın Şərq fəlakətinin əsas səbəbkarlarının ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı olduğunu qeyd etmədilər. İslam aləmindəki güc mərkəzlərinin Suriya xalqının faciəsində rolunun üstündən sakitcə keçdilər və beləcə, hadisəyə baxışlar tam xarakter daşımadı. Türkiyə kimi güclü müsəlman ölkəsinin mövqeyinə ümumiyyətlə toxunmadılar. 
İlk növbədə qeyd etməliyəm ki, xristianlığın ən geniş yayılmış konfessiyası olan katolisizmin Yaxın Şərqdə və Avropa məkanında iflasa uğraması artıq inkarolunmaz faktdır. Xristian dəyərləri xüsusilə Avropada, demək olar ki, yoxa çıxmaqdadır və artıq burada Roma Papasına sadəcə dinin rəmzi təmsilçisi kimi baxırlar və əvvəlki kimi onun fikrini, mövqeyini heç soruşmurlar. Onun Avropa qitəsində, xüsusilə Avrova İttifaqına daxil olan ölkələrdə baş verən və neqativ hesab olunan hadisələrin gedişatına heç bir real təsiri olmamasının şahidiyik. Avropa siyasətçiləri bugünkü katolik liderlərindən, necə deyərlər, artıq öz babalarının da qisasını yetərincə alıblar və bu dini dəyərlərin daşıyıcılarını mənəvi və fiziki olaraq heçə endirməkdə davam edirlər. Bu gün katoliklik bütün dünyada ən faciəvi dövrünü yaşayır. Papanın Patriarxla görüşünün də əsas səbəbi az qala tarixi zərurətə çevirilən bu faktın qarşısını almaq, birləşərək dini dəyərlər sistemini təhlükədən xilas etmək olmuşdur. Əlbəttə pravoslavların  problemləri, Yaxın və Orta Şərqdə qonşu Ukraynada ciddi çətinlikləri var.  
Odur ki, bütün Rusiyanın Patriarxının əsas məqsədi isə Yaxın Şərqdə pravoslavların fiziki məhv edilməsinin, kilsələrinin dağıdılmasının və eyni zamanda bu hadisələrin qonşu Ukraynada seperatçılıq həddinin keçməsinin, pravoslav kilsələrinin zəbt olunmasının və onlara qarşı zor tətbiqinin qarşısını almaq kimi məsələlər də var idi. Son 20-25 ildə dünyada böyük dövlətlərin “sözləri” nəticəsində baş verən dini, siyasi, iqtisadi olayların təhlili göstərir ki, pravoslav konfessiyası getdikcə inkişaf edir, dövlətin (Rusiyanı nəzərdə tuturam) siyasi və mədəni həyatındakı rolunu artırır, xalqla hakimiyyət arasında möhkəm və çox vacib körpüyə çevrilir. Rusiya siyasətçiləri öz milli idealogiyasını pravoslav mənəvi dəyərləri üzərində qurmağa  çalışır. Mən deyərdim ki, bu gün üçün belə yanaşma ən real, radikal millətçilik meyillərindən uzaqlaşmağın rahat və qısa yoludur. Xalq pravoslav, əslində, rus mədəniyyətinin dəyərləri ətrafında toplanır və onu qoruyub saxlamağa çalışır.
Əlbəttə bu gün pravoslav kilsəsinin Yaxın Şərqdə sıxışdırılmasının və tədricən məhvinin qarşısının alınması çətin məsələdir və katoliklərin rəhbəri Roma Papasının hansısa səmərəli köməyinə inanmaq absurd səslənir. “Keçəl çarə bilsəydi, öz başına qılardı!” məsəli burda lap yerinə düşür. Katolik kilsəsinin vəziyyəti hazırda olduqca ağırdır. Əvvəlki nüfuzu geri qaytarmaq mümkün deyil. Indiki durumun saxlanılması da şübhə altındadır.
Odur ki, bu iki konfessiya (pravoslavlıq və katoliklik) rəhbəri arasında ilk görüşünün baş tutması dünya xristianları üçün çox böyük əhəmiyyət daşıyır. Rusiyanın Hərbi Kosmik Qüvvələri Suriya ərazisində, xristianlığın yaranıb yayıldığı bir ölkədə bəşəriyyətə qarşı qatı düşmənçilik mövqeyi tutan quldur qruplaşmalara qarşı uğurlu əməliyyatlar həyata keçirir. Deməli, yalnız Rusiya “İslam xilifəti” kimi qələmə verilən qondarma bir quruma, onun müsəlman, xristian və digər dinlərin daşıyıcılarına qarşı törətdiyi genosid əleyhinə təkbətək müharibə aparır və hərbi vəziyyət Bəşər Əsəd qoşunlarının xeyrinə dəyişir. Bu isə öz növbəsində Qərbdə və Şərqdə mövcud olan digər müharibə tərəfdarlarının əsəblərini tarıma çəkir, onları səhv addımlar atmağa vadar edir. Deməli, bu görüş Patriarxdan daha çox Roma Papasına lazım idi. Çünki Avropa qitəsində bu dinin daşıyıcıları, bir çoxlarının dediyi kimi, “şeytana uyub yollarını azıblar” - homoseksualizm, eynicinslilərin nikahı kimi hərəkətlər, az qala, Avropa Şurasının prioritet məsələlərindən birinə çevrilib. 
Avropa Şurasının bugünlərdə qəbul etdiyi və mart ayında qüvvəyə minəcək qəribə qərarı (“xristian körpələrin xaç suyuna çəkilməsinin qadağası haqqında”) Avropada allahsızlıq dövrünün başlanmasından və sürətlə inkişafından xəbər verir. Mənəvi-əxlaqi, dini və ailə dəyərlərin çirkab su kimi çölə axıdıldığı bir dövrdə xristianlığı xilas etmək ümidilə təşkil olunmuş bu görüşü “dünyada islamafobiyanın genişlənməsi” kimi qiymətləndirmək siyasi savadsızlıq olar. “Keçi can hayında, qəssab piy axtarır” atalar sözü də burda lap yerinə düşür. Məqalənin əvvəlində dediyim kimi, bütün bunları nəzərə almadan görüşlə bağlı mütəxəssis sözü demək, dünyada baş verənlərin hamısını Rusiyanın ayağına yazmaq haqsızlıqdır. Ölkəmizdə rəhbərliyin qarşıya qoyduğu “kadrları cavanlaşdırmaq” planını dünyada cərəyan edən mürəkkəb siyasi oyunları şərh etmək iddiasında olan politoloqlara, şərhçilərə şamil etmək yaxşı nəticələr verməz, hətta mən deyərdim ki, bu, yanlış mövqedir, cəmiyyətdə sakitlik yaratmağa xidmət etmir. Verilişin sonunda mövzunun təhlili ilə bağlı müzakirənin yekunu olaraq aparıcının səsləndirdiyi fikir də buna sübut kimi qiymətləndirilə bilər: “Deməli, bu görüş dünyada xristianları birləşdirmək və islamafobiyanı genişləndirmək məqsədi ilə həyata keçirilib”…
İki xristian liderinin yüzilliklərdən sonra ilk dəfə bir araya gəlməsinə belə bəsit qiymət vermək cəmiyyətdə çaşqınlıq yaradır, yanan oda yağ tökür. Odur ki, ölkədəki mövcud tolerantlıq, dini dözümlülük mövqeyini saxlayıb, möhkəmlətmək naminə başqa dinlərə qarşı heç bir məntiqli sübut olmadan ağır ittihamlarla çıxış etmək həm ölkəmizin, həm də sülh dini olan islamın nüfuzuna zərbə, mahiyyətinə ziddir. Millətlər və dinlər arası münasibətlərdə bəzən nəzərə çarpmayan xırdalıqlar ümumi sülh, barış mühiti yaratmaq kimi mürəkkəb bir işdə vacib rol oynaya bilər. Böyük problemlər kiçik anlaşılmazlıqlar toplusudur. Bunu yadda saxlamaq vacib şərtdir.
Dinlər bir-biri ilə mübarizə aparmaq üçün deyil, əməkdaşlıq, qarşılıqlı anlaşma üçün yaradılıb. Təmiz niyyətə qarşı çıxmaq heç bir din daşıyıcısına şərəf gətirməz. Prezidentin élan etdiyi “Multikulturalizm ili”ndə belə xarakterli çıxışlar, yazılar heç olmasa bu bir il ərzində arxa plana keçirilməlidir. Kim bilir, bəlkə tolerant cəmiyyətimiz bundan rahatlıq tapacaq və bir daha dinlərarası barışa zidd mövqeləri qəbul etməyəcək. İctimai şüuru buna kökləmək daha məqsədəuyğun olardı. İstənilən halda, bu, mənim şəxsi mövqeyimdir.  
URL / WWW
http://raliyev.az/news/a-321.html