Авторское право
© WWW :
Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано
Новости
»
Интервью
» Rusiya-Türkiyə-İran üçbucağı dövrün zərurətidir
09.07.16 12:03
Hələ 4-5 il əvvəl mətbuatda regiondakı siyasi vəziyyəti şərh edən professor Rafiq Əliyevin yaxın gələcəkdə Rusiya-Türkiyə-İran üçbucağı adlı nəhəng siyasi ittifaqın yaranacağı ilə bağlı proqnozu yer almışdır. O zaman Rusiya ilə Türkiyə arasındakı münasibətlər gələcəklə bağlı yaxşı heç nə vəd etmədiyi, Avropa və ABŞ-ın siyasi liderləri dünyaya meydan oxuduğu və İran konkret siyasi mövqe nümayiş etdirmədiyi üçün həmin proqnoz inandırıcı səslənmirdi. Tamamilə fərqli xarici siyasət yürüdən bu üç dövlət arasında hər hansısa ittifaqın yaranmasından o vaxt söhbət belə gedə bilməzdi.
Türkiyənin hava sərhədini pozan Rusiya qırıcısının Türkiyə təyyarələri tərəfindən vurulmasından sonra isə konkret olaraq hər kəsdə Türkiyə ilə Rusiyanın bir ömür boyu düşmən qalacağı fikri formalaşdı. Amma baş verən son olaylar bir daha sübut etdi ki, siyasətdə əbədi düşmən olmur, əbədi maraqlar olur. Bəli, baş verən mürəkkəb siyasi oyunlardan sonra Türkiyə ilə Rusiya ortaq maraqları nəzərə alaraq, münasibətləri normallaşdırmağa başladılar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi “Münasibətlərimizin layiq olduğu səviyyəyə yüksəldilməsini arzulayırıq” mesajına artıq Kremldən müsbət cavab gəlib. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov “Türkiyəylə yaxşı əlaqələr istəyirik. Qarşılıqlı güzəştli və gözəl əməkdaşlıq etdiyimiz dövrə qayıtmağı arzulayırıq. Amma Ankara lazımi addımları atmalıdı”, - deyə bildirib.
Əslində bu iki qonşu dövlət arasında barışıq və Rusiya-Türkiyə-İran adlı yeni siyasi ittifaqın yaranması bizi sevindirməyə bilməz. Regionda sülh və əmin-amanlığın bərqərar olması, iki müsəlman dövlətinin və böyük qardaş adlandırdığımız Rusiyanın vahid ittifaqda birləşməsi Azərbaycanın yalnız xeyrinədir. Odur ki, münasibətləri daha dərindən təhlil etmək, “Rusiya-Türkiyə-İran üçbucağı” adlı yeni alyansın yaranmasını şərtləndirən şəraitə nəzər salmaq və bu ittifaqın Dağlıq Qarabağ probleminin həllində Azərbaycana nə dərəcədə kömək edə biləcəyini şərh etmək üçün maraqlı siyasi proqnozları ilə daima mətbuatın gündəmində olan professor Rafiq Əliyevə müraciət etdik:
- Sizin hələ 4-5 il bundan əvvəl səsləndirdiyiniz proqnoz bu gün özünü doğrultmağa başlayıb. Rusiya-Türkiyə-İran ittifaqının yaranması artıq tarixi zərurətə çevrilib. İndi bütün dünya Türkiyə ilə Rusiya arasındakı tarixi barışıqdan danışır. Maraqlıdır, həmin dövr üçün inandırıcı səslənməyən bu proqnozu irəli sürərkən hansı amilləri nəzərə almışdınız?
- Əslində həmin vaxt irəli sürdüyüm bu proqnozun özünü doğrultmayacağını düşünənləri o zaman qınamadım. Hardasa belələrinə haqq da qazandırdım. Çünki mən bu fikri səsləndirəndə İran ciddi sanksiyalar altında idi. Türkiyənin Avropa və ABŞ ilə kifayət qədər normal münasibətləri vardı. Buna baxmayaraq, mən yaxın gələcəkdə Rusiya, Türkiyə və İrandan ibarət ittifaqın yaranmasını tarixi zərurət kimi qiymətləndirdim. Çünki İranla Rusiya arasında 2-3 əsrlik tarixi əlaqələr mövcuddur. Bu iki dövlət dəfələrlə müharibə aparsa da, sonda siyasi barışıq əldə olunub. İran BMT və ABŞ tərəfindən blokadaya alınanda Rusiya və Çin ona öz yardım əlini uzadıb. Türkiyəyə gəlincə, onunla Rusiya arasında tarix boyu 17-dən çox müharibə baş versə də, sonda, təəssüf ki, hər zaman qardaş ölkə məğlubiyyətə uğrayıb. Elə təkcə Türkmənçay müqaviləsi imzalanan ərəfədə mövcud olan tarixi-siyasi şəraiti və həmin sazişlə Azərbaycanın iki yerə parçalanmasını yada salmaq kifayətdir. Əmin idim ki, bu dəfəki soyuqluq da sonda Türkiyənin Rusiya doğru addım atması ilə bitəcək.
Türkiyə ilə Rusiya arasındakı münasibətlərin mütləq yaxşılaşacağı proqnozunu irəli sürərkən bütün bu amilləri, təbii ki, nəzərə almışdım. Bir neçə il keçdi və Rusiya ilə Türkiyə arasındakı əlaqələr strateji səviyyəyə gəlib çıxdı. Türkiyə ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaqla onun yanında olduğunu göstərdi. Bu, qardaş ölkə tərəfindən olduqca böyük siyasi jest idi. Sonradan, təəssüf ki, Suriya məsələsinə görə münasibətlər gərginləşdi. Düzdür, Rusiyanın Ərdoğanın prezident seçilməsində rolunun olması fonunda gərginlik qısa müddətə də olsa, aradan qalxdı. Lakin sonradan məlum oldu ki, keçmiş xarici işlər naziri və baş nazir, ABŞ və Avropanın maraqlarını həyata keçirən Davudoğlu rus-türk münasibətlərinə mənfi təsir göstərirmiş. Rusiya qırıcı təyyarəsinin Türkiyə silahlı qüvvələri tərəfindən baş nazirin əmri ilə vurulması gərginliyi son həddə çatdırdı. Davudoğlunun bu ciddi siyasi səhvi ABŞ və ümumiyyətlə, Qərbin mənafeyi naminə etməsinə dair şübhə yarandı. Məqsəd Rusiya-Türkiyə münasibətlərini pozmaq, onları düşmən qismində üz-üzə qoymaq, Türkiyəni regionda təcrid etmək idi. Onlar bu istəklərinə nail oldular. Bütün Ərəb ölkələri, müsəlman aləmini özünə qarşı qoyan Ərdoğan nəhayət ki, meydanda tək vuruşmaq məcburiyyətində qaldı. Rusiyanın türk iş adamlarına qarşı tətbiq etdiyi qadağa, turizmin dayandırılması və ən əsası izolə olmuş şəkildə qalmaq Türkiyə iqtisadiyyatına nəzərə çarpacaq dərəcədə ziyan vurdu. Türkiyəni ciddi siyasi və iqtisadi-maliyyə böhranı astanasında qaldı.
- Münasibətlərin pozulmasından ən çox əziyyət çəkən də yəqin ki, Türkiyənin özü oldu, elə deyilmi? Yoxsa bütün bunlar siyasi oyunlar fonunda baş verirdi?
- Əlbəttə, Türkiyənin iqtisadiyyatı, xüsusilə də turzim sektoru böyük itkilərlə üzləşdi. Türkiyə təkcə Rusiya turistləri hesabına ildə 15 milyard dollar gəlir əldə edirdi. Son vaxtlar Türkiyədə baş verən terror aktlarının da Avropadan gələn turistləri qorxutduğunu nəzərə alsaq, qardaş ölkə iqtisadiyyatına necə böyük zərbə vurulduğunu aydın şəkildə görmüş olarıq. Vəziyyət o həddə çatıb ki, iş adamları Ərdoğana təsir göstərməyə başlayıblar. Başqa seçiminin olmadığını anlayan Ərdoğan Rusiyadan tələb olunan üzrü istədi və strateji partnyorluğu bərpa etmək istəyini ortaya qoydu. İndi mənim 4-5 il əvvəl irəli sürdüyüm proqnozun gerçəkləşməsi üçün daha münasib şəraitdir. Bu şansı əldən buraxmaq olmaz. Hazırda başı prezident seçkilərinə qarışan ABŞ həm də Avropadan bir qədər kənarlaşıb və Suriya məsələsində Rusiya təcrübəsini hiss etdikdən sonra nisbətən mülayimləşib. Ən əsası isə Avropa İttifaqının süqutu reallaşmağa başlayıb. Rusiya ilə Türkiyənin yaxınlaşması üçün bundan gözəl siyasi-iqtisadi fürsət ola bilməz. ABŞ-ın Avropaya müsbət təsir göstərmək imkanları məhdudlaşıb. Avropada eyni zamanda siyasi böhran – mərkəzdənqaçma prosesi başlayıb. İngiltərənin Avropa İttifaqından çıxmasını nəzərdə tuturam. Həmin birliyə İranın da qoşulması region üçün gələcəkdə böyük güc zonasına çevrilə, bu üç ölkənin siyasi-iqtisadi, hərbi potensialı olduqca böyüyə və stabillik üçün şərait yarada bilər. Bu iki müsəlman dövlətinin birgə əhalisi 150 milyondur. Qərb 3 əsrdən artıqdır ki, onların birləşməsinə hər vəchlə mane olub. İndi Qərb aciz duruma düşüb. Artıq İranla Türkiyənin müttəfiqə çevrilməsinin qarşısını heç cür ala bilmir.
- Bu üçbucağa qoşulmaq İran üçün nələr vəd edir?
- Təbii ki, belə bir alyansın yaranması İranın da xeyrinədir. Belə ki, o, Türkiyə vasitəsilə öz neftini və qazını Avropaya çıxaracaq və böyük gəlir əldə edəcək. Bundan əlavə, İranla Türkiyənin yaxınlaşması və Rusiya ilə birlikdə ittifaq yaratması bütün müsəlman aləmində ciddi güc mənbəyinə çevrilə bilər. Bundan sonra Ərəb Ölkələri Birliyinin heç bir üzvü (əsasən Səudiyyə Ərəbistanı, digər Körfəz ölkələrini nəzərdə tuturam) onların işinə qarışmağa cürət etməyəcək. İran regionda söz sahibinə çevrilə bilər. Bu da İranın iqtisadi, maliyyə, hərbi gücün artmasına gətirib çıxara bilər.
- İki müsəlman dövlətinin bir araya gəlməsində maraqlı olmayan ABŞ və bütövlükdə Qərb öz məkrli niyyətini həyata keçirmək üçün sünni-şiə qarşıdurması yarada bilərmi?
- Əlbəttə Qərb aləmi bu iki müsəlman dövləti bir araya gəlməsin deyə tarix boyu hər vasitəyə əl atmış və indi də bu siyasətinə sadiq qalır. Amma bu ittifaqa Rusiya da qoşulduğu üçün Avropa və ABŞ yeri gələndə öz layiqli cavabını alacaq. Rusiya onlarla tək mübarizə aparmayacaq. Onun arxasında Avrasiya ittifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) durur. ŞƏT bütün dünyada böyük nüfuzu olan siyasi-hərbi qurumdur. Bu yaxınlarda Pakistanla Hindistan da onun sıralarına qoşuldu. Artıq İran da Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib. Vaxt gələcək, NATO-nu tərk edib Türkiyə də bu təşkilata qəbul olmaq istəyini ortaya qoyacaq. Bu birlik dünyada liderlik funksiyasını ABŞ-ın əlindən almaq üçün bütün imkanlara sahib ola bilər. dünyanın siyasi, iqtisadi xəritəsi dəyişə bilər. bu proses artıq başlanmışdır. Heç bir qüvvə ona qarşı mübarizə apara bilməyəcək.
- Belə olsa, Rusiya-Türkiyə-İran üçbucağı ABŞ-ın dünyadakı nüfuzuna böyük zərbə endirəcək, elə deyilmi?
- Tamamilə doğrudur. ABŞ öz mövqeyini getdikcə itirəcək. Son nəticədə Amerikanın dünyanın yeganə lideri olmaq arzusu artıq iflasa uğramaqdadır. ABŞ və İngiltərənin iradələrinin ziddinə Türkiyə, Rusiya və İran strateji müttəfiq olsa, Qərb liderləri siyasi “infarkt” keçirəcəklər. Onların artıq indidən çətin günlər yaşadığı göz önündədir. Yürütdükləri yanlış xarici siyasət ilk növbədə öz dövlətlərinə və xalqlarına böyük zərbə vurur. Bu gün Avropadakı işsizlər və yoxsullar ordusunun sıraları silahlı qüvvələrin sayından qat-qat artıqdır. ABŞ-da yalnız həbsxanalarda, gizli düşərgələrdə saxlanılan dustaqların sayı 7 milyonu keçib. Bu, bütün digər ölkələrin birgə məhbus sayından çoxdur. Mən hələ Afrika və Latın Amerikasının bəzi dövlətlərini demirəm. Təkcə Avropada rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı əmək qabiliyyətli əhalinin nə az, nə çox düz 20 faizini təşkil edir. Layiqli yaşamağa və normal, yaxşı həyat tərzi sürməyə alışmış avropalılar üçün bu, əsl fəlakətdir. Avropanın iflasın və sosial inqilabın bir addımlığında olması heç kimə sirr deyil. Ən müasir hərbi texnika ilə silahlanmış NATO ordusu vaxtı çatanda, ehtiyac yarananda hakimiyyəti ələ keçirmək və digər bu kimi düşünülməmiş addım atmaq istəyənlərin qarşısını ala bilməyəcək. Gözlənilən sosial partlayış acınacaqlı nəticələrə – iqtisadiyyat və maliyyə sahəsində daha da dərinləşmiş böhrana, vətəndaş müharibəsinə, böyük dağıntılara gətirib çıxaracaq. Üstəlik, həmin siyahıya ciddi və vacib olan siyasi-ideoloji böhranı da əlavə etsək, dünyadakı hadisələrin bundan sonrakı gedişatının hansı yönə və necə sürətlə düşəcəyini təsəvvür etmiş olarıq.
- Sonda keçək əsas məsələyə. Türkiyə ilə Rusiya münasibətlərinin normallaşması, Rusiya, Türkiyə və İran üçbucağının yaranması Azərbayacana nə verəcək?
- Təbii ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin nizama düşməsi, qonşu dövlətlərdən ibarət güclü ittifaqın yaranması yeganə həll olunmamış böyük problemi Ermənistan tərəfindən işğal edilmiş torpaqları geri qaytarmaq olan Azərbaycanı sevindirməyə bilməz. Problemin həlli daha çox Rusiyadan asılı olsa da, bu ölkə ilə yaxınlıq regionu müharibə və qanlı münaqişələrdən təmizləməyi tələb edir. Bu da vacib şərtlərdən biridir. Zənnimcə, sözügedən birliyin yaranması gerçəkləşsə, az bir zaman kəsiyində Qarabağ problemi də danışıqlar yolu ilə öz həllini tapacaq. Mən buna inanıram. Sülh sazişinin bağlamaqdan başqa nativin olmaması tezliklə Ermənistan üçün də reallığa çevriləcək və o, bundan imtina edə bilməyəcək.
Onu da qeyd etmək vacibdir ki, Azərbaycan siyasi rəhbərliyi bu birliyin yaranması üçün çox səmərəli danışıqlar aparıb. Türkiyənin hazırki baş naziri Binalı Yıldırım demişdir: “Rusiya ilə Türkiyənin barışmasını Azərbaycan təşkil edib”.
Güman edirəm ki, bu çox yüksək bir qiymətləndirmə olmaqla yanaşı, ölkəmizin regionda və dünyada müsbət rolunu, barışdıran imicini bir daha sübut etdi.
Azərbaycan bu birlik üçün strateji müttəfiq rolunu oynayır. Bu isə regionda sabitlik və əmin-amanlığın hələ uzun illər davam edəcəyinə ümidlərimi möhkəmləndirir.
Müsahibəni
“İrşad” İAM-ın Türkiyə təmsilçisi,
fəlsəfə doktoru Rəhilə Şükürova
hazırlamışdır
URL / WWW
http://raliyev.az/news/a-326.html