Авторское право
© WWW :
Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано
Новости
»
Политика
» Cəmiyyət iki ciddi təhlükə qarşısında
19.10.16 10:10
Liberallaşma (hələ ki, bu sözün tam izahını verən olmayıb) adlandırılan anlayış və hər şeyə qadir qloballaşma təcrübədə mal-mülk sahiblərinə, zəngin adamlara, bank və birjalara xidmət göstərir. Onlar xəlvəti şəkildə geniş kütlənin şüuruna nüfuz edərək cəmiyyətin əksər hissəsini yalnız bir istiqamətə - çirkli pul axınının hərəkət etdiyi yola yönəldir.
Söhbət vergi ödəyicilərinin cibindən oğurlanmış, eyni zamanda həm dövlət, həm də bank, birja, narkotik ticarətçiləri səviyyəsində fırıldaqçılıqla əldə edilmiş pullardan gedir. Əməksevər zəhmətkeşə çatan isə qarnını doyurmağa güclə çatan qəpik-quruş olur. Fransa kimi “super-demokratik” Avropa ölkəsində milyonlarla etiraz aksiyasının, yüzlərlə qanlı toqquşmaların baş verdiyini öz gözlərimizlə görürük. Heç kimdən həya-abır etməyən, heç nədən vicdan əzabı çəkməyən demokratiyanın qayda-qanunlarına qarşı “Küçələrə çıxmış insanların fikri bizim üçün maraqlı deyil!” kimi fikirlər səsləndirirlər. Bax belə… Bir vaxtlar səs verib onları hakimiyyətə gətirənlərin rəyi, tələbi, arzu və istəkləri indi həmin siyasətçiləri qəti maraqlandırmır. Necə deyərlər, onlara artıq başağrısı lazım deyil. Bax, reallıqda əsl Avropa demokratiyası budur. Onların tərifini yerə göyə sığdıra bilmədikləri, bütün iqtisadi-sosial xəstəliklərin dərmanı hesab etdikləri, bəh-bəhlə bizə “sırımaq” istədikləri Avropa demokratiyası adlı standartlar budur. Üstü silinərək parıldadılmış, içi bizim sosial-iqtisadi cəmiyyətimizə bənzər şərtlər daxilində sürətlə çoxalan qurdla dolu almaya və ya gözəl şəkildə qablaşdırılmış istifadə müddəti keçmiş ərzağa bənzəyir. Ən maraqlısı Quran ayəsi kimi müqəddəs qəbul edilən Avropa standartlarının siyasi sistem tərəfindən səssiz-səmirsiz qəbul edilməsidir.
Axı nədir Avropa standartı adalandırılan bu qaydalar? Kim tərtib edib onları? Kim verib onlara toxunulmazlıq, imperativlik statusunu? Bizim bu standartlara tələbatımız olması qənaətinə onlar necə gəliblər? Etiraf edək ki, bu günə kimi bizə bu ifadənin tam mənasını heç izah edən olmayıb. Amma mənasını bilsək də, bilməsək də həmin standartların müəyyən qismi gündəlik həyatımızın bir parçasına çevrilib. Əsrlər boyu göz bəbəyimiz kimi qoruyub saxladığımız adət-ənənələrimiz, əxlaq normalarımız, ailə dəyərlərimiz tədricən homoseksualizm, heç bir sərhəd tanımıyan azadlıq, riyakarlıq, lovğalıq və ən əsası hərislik, daha dəqiq desək, kapitala sitayiş kimi keyfiyyətlərlə əvəz olunub. Nə həya-abır qalıb, nə böyüyə hörmət, nə kiçiyə izzət... Valideynin üzünə ağ olan kim, dostunu pula satan kim, ailəsini küçəyə atan kim... Bu gün cəmiyyətimizin hər bir üzvü Qərbin mənəvi “zorlama” prinsipinin qurbanına çevrilib. İtirdiklərimizin, hansı vəziyyətə düşdüyümüzün fərqinə hələ indi varır, müasir dünyada və üzvü olduğumuz cəmiyyətdə baş verənləri böyük təəssüf hissi ilə müşahidə edir, gözümüzün önündə gənclərimizin dəyərli heç nə əldə edə bilməyəcəkləri qeyri-müəyyən, naməlum istiqamətə - uçuruma doğru necə yuvarlanmalarını səssiz-səmirsiz seyr edirik. Nə edəcəyimizi, kömək üçün kimə üz tutacağımızı bilmirik. Müstəqillik qazandıqdan sonra yaranmağa başlamış milli-mənəvi prinsiplər hələ tam formalaşmadığından, köhnə dəyərlər isə artıq “dəb”dən düşmüş kimi qiymətləndirildiyindən onlar arasında sanki bir çaşqınlıq yaranıb. Xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın mənəviyyat sahəsində nə problemlər, nöqsanlar varsa, hamısı bizim məkana daxil olur. Gənclər ümumi axın istiqamətində üzür, hadisələrin nə gedişatına, nə də yönünə müdaxilə edə bilmirlər. Onlar mənəvi, etik, hətta məişət dəyərlərindən tamamilə xəbərsizdirlər. Heç şübhəsiz ki, zərərli vərdişlərə meyil cəmiyyətdə hər zaman güclü olur. Bu yola düşənlər öz sıralarına mümkün qədər çox adam cəlb etməyə çalışırlar. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarır. Məsələn, geylərin paradını dəstəkləməyi müasirliyin əlaməti, Avropa dəyərləri kimi qəbul edənlər kimi.
Bax beləcə bayağılıq gənclərimizin böyük hissəsi üçün adi davranış normasına çevrilir. Müasir biznesmenlər gəncliyimizin tələbatına yaxşı “bələddir”lər. Gənclər həyatda özlərinə yer tapsınlar deyə onlar səhərə kimi işləyən gecə klublarının, barların sayını günbəgün artırrılar. “Təklif tələbatdan doğur” formulunu əsas gətirərək, cəmiyyətin sifarişini yerinə yetirdiklərini deyib özlərinə bəraət qazandırmağa çalışırlar. Nəticədə Bakının gecə həyatı qaynayır, qədəhlər dolub boşalır, tüstü göyə qalxır, beyinlər dumanlanır... Ciddi qayda-qanunların hökm sürdüyü ənənəvi Azərbaycan ailələrini indi ancaq köhnə filmlərimizdə görə bilirik. Həmin qaydalar Avropa standartlarına çoxdan təslim olublar. İndi gecəni evdə keçirən, içki içməyən, bara getməyən, valideynin sözündən çıxmayana geridəqalmış adı verirlər. Bu standartlar bir vaxtlar bizə yad görünsə də, indi gündəlik həyat tərzimizə çevrilib. Pis və ya yaxşı, faydalı və ya zərərli olduğunu düşünmədən sadəcə həyatımıza tətbiq edirik.
Ən qəribəsi isə bilirsinizmi nədir? Ətrafda hər kəsin kasıbçılıqdan gileyləndiyi, işsizlikdən dad etdiyi bir vaxtda restoranlarda, istirahət və ticarət mərkəzlərində insan əlindən tərpənməyə yer yoxdur. Görünür yoxsulluğun nə olduğunu yalnız saatlarla bankomatın qarşısında növbə tutub əlləri əsəs-əsə oradan qəpik-quruş çıxaran, sonra da həmin pulu bir aylıq dərmana və bir tikə yavan çörəyə güclə çatdıran zavallı təqaüdçülər hiss edirlər. Sonda anlayırsan ki, restoranlarda nəinki bayram keçirən, ad günü qeyd edən, hətta hər gün qəlyanaltı, nahar və şam edənlər də var. Kimi ətin dadını unudub yeməyə quru çörək tapmır, kimi də pulları restoranlarda, beşulduzlu otellərdə və gecə klublarında havaya sovurur. Bax bu da sizə Avropa standartlara uyğun həyat tərzi sürən müasir cəmiyyət... Cəmiyyəti iki bərabər olmayan təbəqəyə - avropasevərlər və adət-ənənələrə bağlı olanlara bölünməsinin, görəsən, səbəbi nədir? İlk baxışdan sadə görünsə də, əslində çox qəliz sualdır. Bu suala cavab tapmaqda alimlərin, jurnalistlərin, yoxsa incəsənət adamlarının kömək edəcəyini bilmirəm. Amma əminəm ki, onların heç biri Qərbin xalqımızın həyatına göstərdiyi mənfi təsirlə mübarizəyə qoşulmaq niyyətində deyillər. Necə deyərlər, “az aşım, ağrımaz başım”.
Şəxsən mən gənclik adlandırdığımız böyük bir nəsli doğru yola yönəltməyə qadir vətənpərvərlik hissinin belə tezliklə qələbə qazanacağına şübhə ilə yanaşıram. Əgər belədirsə, o zaman şəriət qayda-qanunlarına uyğun yaşayan, din pərdəsi altında hakimiyyət uğrunda gizli mübarizə aparan, çətinə düşən kimi radikalizmə əl atan dini qruplaşmalara qarşı çıxmaqla səhv etmirikmi? Mən yaxşı başa düşürəm ki, xaricdəki himayəçilərindən dəstək alıb hakimiyyət uğrunda mübarizə aparanların başında dini eksterimizm ideyasından başqa heç nə yoxdur və bir gün bunun da sonu gələcək. Amma hələ ki cəmiyyətdə baş alıb gedən əxlaq və mənəviyyat pozğunluğu öz məkrli əməllərini həyata keçirməkdən ötrü onların xeyrinədir. Bəlkə mövcud mənəvi boşluğa və dini radikalizmə qarşı eyni vaxta mübarizə aparaq? Heç olmazsa, KİV və dövlət orqanları səviyyəsində. Axı bu ünsürün hər ikisi sağlam cəmiyyətin binövrəsini eyni dərəcədə sarsıldır. Halbuki həmin sağlam cəmiyyətdə adət-ənənələrimizə, mənəvi-əlaqi dəyərlərimizə sadiq sülh və əmin-amanlıq içində firavan həyat sürə bilərik. Axı hər bir xalq ona əcdadları tərəfindən irs qoyulmuş adət-ənənələri ilə əvəzolunmazdır, unikaldır. Biz isə bu irsi qoruyub gələcək nəslə ötürmək əvəzinə kökündən məhv edirik.
Başa düşürəm, zəngin ailələrin təmtəraqlı həyat tərzi sürən uşaqlarının adət-ənənələr, əxlaqi-mənəvi dəyərlər barəsində düşünməyə nə vaxtı, nə də həvəsi var. Odur ki, cəmiyyətdəki bu boşluğu doldurmaqdan ötrü onlar heç zaman mübarizə aparmayacaqlar. Halbuki onların cəmiyyətə vurduğu zərər o qədər də az deyil. Axı dövlətin və cəmiyyətin əsas vəzifəsi təkcə kübarlığı, müasirliyi deyil, həm də əsrlərdən bizə yadigar qalmış mənəvi irsi qoruyub saxlamaqdır. Əxlaq, mənəviyyat və hakimiyyət bir-birinə bağlı ünsürlərdir. Deməli, əxlaq və mənəviyyata vurulan zərbə birbaşa cəmiyyətə və dövlətə vurulan zərbədir. Səbəb sadədir – bu üç elementi üç hissəyə bölmək qeyri-mümkündür. Onlar zəncirvari halqa şəklində bir-birilə sıx bağlı və əlaqəlidirlər.
URL / WWW
http://raliyev.az/news/a-339.html