Авторское право
© WWW :
Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано
Новости
»
Политика
» Müasir kapitalizm “iqtisadi qatil” libasında
27.02.17 03:58
Kapitalistlər rəzil əməllərinə, qeyri-insani hərəkətlərinə, yaratdıqları amansız sosial-iqtisadi sistemə dəbdəbəli don geyindirməkdən ötrü hazırda daha çox təhlükəli siyasi-hərbi oyunlara əl atır, müharibələr törədir və qanlı münaqişələr yaradır, milyonlarla günahsız insanları aclıq və səfalətlə sınağa çəkirlər. Əvvəlkindən bir az fərqli olaraq indi qızıl, pul var-dövlət və sərvət üçün ən dəhşətli üsulları tətbiq etməkdən də çəkinmirlər. Süni şəkildə problemlər yaradaraq bəşəriyyətin diqqətini mühüm məsələlərdən, yaratdıqları kapitalizm sisteminin bədnam, bəşəriyyətə zidd reallıqlarından, xüsusilə də borc, sələmçilik, kütləvi hal almış kredit problemindən yayındırmağa ciddi cəhd göstərirlər. Bu gün bütün dünya kredit, borc, sələmçilik bataqlığında boğulur. Hamı bir-birinə nəsə borcludur.
Sistemin daxili mahiyyətindən irəli gələn bu fəsadların sirlərini əhalinin mütləq əksəriyyəti bilir, amma başqa çarə tapmadıqlarından onlara doğru gedirlər. “İqtisadi qatil”ə çevrilmiş müasir kapitalizm adlı ictimai-siyasi sistemin qarşıya qoyduğu bir nömrəli məqsəd bütün əhalini, ölkələri kreditlərdən və böyük dövlətlərin kapitalından asılı vəziyyətə salmaqdır. Məqsədə SSRİ-nin süqutu ilə artıq daha çox nail olunub desək, yəqin ki, yanılmarıq. Kreditdən asılı vəziyyətə düşmüş xalqlar və tərəfdaş dövlətlər bu hörümçək toruna elə ilişiblər ki, üzləşdikləri bəlalara bamayaraq, etiraz səslərini ucalda bilmirlər. Odur ki, onlar beləcə ən asan yolla tam nəzaərtdə saxlanılır və arzu edilən şəkildə xaricdən idarə olunurlar. Müharibə və silahlı münaqişələr yaradıb, sonra da həmin savaşa qoşulmağa təhrik etdikləri dövlətlərə silah satır, böyük məbləğdə yüksək faizlə kreditlər ayıran kapitalistlər bu yolla onları özlərinin vassallarına çevirirlər. Hətta ötən əsrin 80-ci illərində Sovet İttifaqı kimi güclü bir imperiyanı kredit əsarətinə düçar edən ABŞ son nəticədə M.Qorbaçev, B.Yeltsin, L.Kravçuk, S.Şuşkeviç kimi kapital sahiblərinin əli ilə həmin nəhəng dövləti darmadağın edərək, neçə-neçə xalqın həyatını cəhənnəmə çevirdi, onların taleyilə oynadı, uzunmüddətli məhrumiyyətlərə düçar etdi. Qısa müddət ərzində ciddi əsas olmadan xarici qüvvələrin təhriki ilə sosializm sisteminin qatı düşməninə çevrilən bu xalqlar, demək olar ki, indiyə kimi bir-birlərinə qarşı dost mövqeyinə keçid mərhələsini dəf edə bilməyiblər. Beləcə, SSRİ ilə bağlı nə vardısa, hamısı məhv edilməyə məhkum oldu edildi. İstər dinc, istərsə də qanlı inqilabların qarşıya qoyduqları əsas hədəf də məhz budur – mövcud olanı kökündən məhv etmək, alt-üst etmək, yeni səhifədən, sıfırdan başlamaq. Bu isə məhrumiyyətləri mütləqləşdirir. Məlum olduğu kimi, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ tərəfindən SSRİ-ni məhv etmək planı hazırlandı. Soyuq müharibə başlandı. Həmin plan özündə həm iqtisadi, həm də ideoloji aspektləri əks etdirirdi. İstənilən halda uzun çəksə də, sovet dövlətinin bəzi rəhbərlərinin səbatsızlığı və bəzilərinin də xəyanəti ucbatından plan özünü doğrultdu. 1990-cı ildə SSRİ tamamilə süqut etdi. Nəticəsi isə göz önündədir, əlavə şərhə ehtiyac duymuram. Sovet dönəmindən ən yaxın dostlar kimi yaşayan yeni dövlətlər elə bil ki, sosializm quruluşuna nifrət ruhu ilə bir-birilə savaşa və ya yarışa giriblər. Köhnə cəmiyyətin ən qiymətli mirası olan sosial ədalət prinsipi də yaramaz bir xüsusiyyət kimi get-gedə öz yerini kapitalizmin rəqabət prinsiplərinə təhvil verdi. Yeni dövlətlər özünü iqtisadi cəbhədə sınamaq, əhalinin ümidlərini doğrultmaq əvəzinə, elə bil ki, öz vəzifəsini təkcə siyasəti deyil, eyni zamanda iqtisadiyyatı dağıtmaqda, onu yenidən qurmaqda gördü. İqtisadiyyata, birinci növbədə istehsala dəyən böyük ziyan hesabına həmin ölkələrin hamısında işsizlər ordusu yarandı. Elə bil ki, insanların yaşaması üçün vacib şərt olan əmək hüququ da yeni quruluş tərəfindən ləğv edildi. Azadlığa alışmamış (“parnik”, “zoopark” effekti ilə yaşayan) vətəndaşlarımız bu sərbəstliyin əlində özlərini itirdilər, çoxları çörək pulu belə tapmaqda çətinlik çəkdilər, insanlar sanki vəhşiləşdilər.
İkinci mühüm məqam ondan ibarətdir ki, postsovet respublikalarının heç birində hakimiyyət başına gələn səriştəsiz yeni siyasi qüvvə baş verənlərdən siyasi nəticə çıxarıb lazımi yol tapa bilmədilər. Həmin dərsin məzmunu olduqca sadə idi: istənilən inqilab mahiyyətcə çevriliş, yəni hər şeyi məhv edən fövqəladə vəziyyətdir. Məhvə yönəldilmiş bu prosesə cəlb edilən xalqların şüurunda birdən-birə baş verən dəyişiklik isə qurmağa deyil, dağıtmağa köklənir. Məhv edilən anlayışlar arasında SSRİ-ni bütün dünyada məşhurlaşdırmış kollektivizm prinsipi də var idi. “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı kapitalizmin “Hər kəs özü üçün, təkcə Allah hammı üçün” prinsipi ilə əvəz olundu. Amma Allahı bu məsələyə qatmaq tamamilə səhv fikir idi.
Bütün bunlar bizə tarix kitablarından, müstəqil dövlətlərə parçalanmış SSRİ təcrübəsindən yaxşı məlumdur. Nəticəsi araşdırılmadan keçmişi xatırladan pis və yaxşı nə vardısa, hamısı məhv edildi. Əvəzində isə yeni heç nə yaradılmadı desək, yəqin ki, yanılmarıq. Axı fəaliyyət göstərən zavodları, fabrikləri, dövlət qurumlarını, hətta ən yüksək səviyyəli təhsil, səhiyyə sistemini dağıtmağın nə mənası var idi?!
Son nəticədə hər şeyini itirmiş, müflis olmuş xalqlar illərlə aclıq və səfalət içində yaşadılar. Bu proses, demək olar ki, nəinki bütün postsovet məkanında, keçmiş SSRİ respublikalarında, hətta Şərqi Avropanın sosialist düşərgəsi ölkələrində də müşahidə edilirdi. Nifrət, qisas, qarətçilik, oğurluq, quldurluq, amansız qətllər və məşhur özəlləşdirmə prosesi idarəetmənin tam formalaşmamış variantlarının yaradıldığı bütün dövlətləri bürüdü. Nisbətən çətinliklərsiz, daha doğrusu ən azı çörək qazanmaq barədə problemi olmadan yaşamağa adət etmiş kütlə birdən-birə görünməmiş ehtiyac girdabına yuvarlandı, yoxsulluğun, aclığın sərt sifəti ilə üzləşməli oldu.
Belə bir deyim var: “Əlverişli şərait yaranan kimi insan mənəviyyatı qurban verir”. Əxlaqsızlığın (bütün mənalarda) yayılması cəmiyyətdə hərc-mərcliyə gətirib çıxardı. İstər idarəetmədə, istərsə də insanların davranışında mənəvi-əxlaqi dəyərlər sistemi yavaş-yavaş aradan qalxır, cəmiyyət məhvə doğru yuvarlanırdı. Nədənsə “müstəqillik”, “azadlıq” və “sərbəstlik” anlayışlara yaratmaq üçün deyil, dağıtmaq, parçalamaq, qarət etmək, mümkün olanı mənimsəmək alətinə çevrildi.
SSRİ süqut edərkən bütün xalqlar yalnız tezliklə inkişafa, firavanlığa ümid bəsləyirdilər. Sanki hamı möcüzə gözləyirdi. Bir anda hər şeyin 360 dərəcə dəyişəcəyinə inam var idi. Əslində 360 dərəcə dəyişiklik baş verdi, amma yaxşılığa yox, pisliyə doğru bu fırlanma nə əldə edilmişdirsə onu dəyirman daşı arpanı əzən kimi parçaladı. Dövlət işlərində səriştəsi olan təcrübəli mütəxəssislər baş verənlərin sonda hərcmərcliklə nəticələnəcəyini öncədən görürdülər. Bir neçə nəslin min bir əzab-zəiyyətlə yaratdıqlarının bir anın içində məhv edilməsində yaxşı heç nə olmadığını anlayırdılar. Amma kimsə onlara qulaq asmaq istəmirdi. Hamı yeni nəsə axtarır, yaşlı nəslə nifrət edir, onları nimdaş adlandırır və hansısa dəyişikliyə can atırdı.
“Göydən üç alma düşəcəyinə” inanan insanların sadəlövhlüyündən yararlanan kapitalistlər isə fürsəti əldən vermədən “özəlləşdirmə” adı ilə postsovet dövlətlərinin sərvətini mənimsəməyə başladılar. Kapitalizmin əsl mahiyyətini dərk etmək üçün uzun illər lazım oldu. Həqiqət üzə çıxanda isə artıq gec idi, iş işdən keçmişdi. Kapitalizmin korrupsiya, bank fırıldaqçılığı, saxta birjalar, maliyyə piramidaları kimi mənfi ünsürləri cəmiyyətimizə yol tapmışdı. Ən əsası isə əhali kapitalistsayağı – kredit hesabına yaşamağa alışdı. İndi hər kəs kreditlə maşın, mebel, öz əlləri ilə yuva qurmaq, isti ocaq yaratmaq əvəzinə ipoteka ilə mənzil almağa can atır.
Bütün dünyada nüfuz sahibi olan kapitalizm sosializm cəmiyyətindən əcaib forma almışdı. Bu sistemin sarsılmaz qanunları, demək olar ki, bizdə işləmir və işləyə də bilməz. Ədalətsizliyə köklənmiş sistem insanlara fayda verə bilməz. Əvəzində daha amansız şərtlər daxilində yaşamağa məcbur olmuşuq. Cəmiyyətdə nə ideologiyadan, nə əxlaqdan, nə də mənəvi dəyərlərdən əsər-əlamət qalmayıb. Bu proses əksər postsovet respublikalarında, Şərqi Avropada da açıq-aşkar müşahidə edilməkdədir.
Bu baxımdan Azərbaycanın bir qədər bəxti gətirib. Düzdür, yeni sistemin ilk “quruculuq” illərində vəziyyət elə də ürəkaçan deyildi. Amma həmin acı günlərin ömrü cəmi üç il oldu. 1993-cü ildə uzaqgörən siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xalq həqiqətən nicat yolunu tapdı. Hər iki ictimai-siyasi sistemin – həm kapitalizmin, həm də sosializmin mənfi və müsbət cəhətlərinə yaxşı bələd olan lider xalqa və dövlətə nəyin lazım olduğunu yaxşı bilirdi. Etiraf edək ki, xalqın şüurunda dönüş nöqtəsi yaratmaq, ümumi axına qarşı çıxmaq, sıfırdan başlayaraq yeni ictimai münasibətlər qurmaq dünya səviyyəli siyasətçi Heydər Əliyevə asan başa gəlmədi. Amma o, öz inadkarlığı və əzmkarlığı sayəsində qoyduğu məqsədə nail oldu. Bu gün sahib olduqlarımıza görə bu dahi şəxsiyyətə hər kəsin müəyyən qədər borcu və minnətdarlığı olmalıdır. Onun uzaqgörən siyasəti sayəsində bu gün gələcəyə ümidlə baxa bilirik. Şükürlər olsun ki, “Hamı hamıya qarşı!” şüarı artıq gündəmdən çıxarılıb. Baş verən dağıdıcılıq prosesi bizim üçün geridə qalıb. İndi klassik kapitalizm və sosializmdən daha mükəmməl olan tutduğumuz yeni inkişaf yolu ilə aram-aram tələsmədən əminliklə addımlayırıq. Müəllifi olduğumuz inkişafın yeni qarışıq formasının necə adlanacağını isə gələcək göstərəcək. Amma onu anlamalıyıq ki, ədalətə köklənməyən hər hansı bir sistem mütləq məhvə məhkumdur. Sadəcə geci-tezi var.
P.S. Məqalə çapa hazırlananda respublikamızın həyatında mühüm bir hadisə baş verdi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konstitusiyaya edilmiş dəyişikliyə əsasən, dövlət başçısının xüsusi sərəncamı ilə birinci vitse-prezident vəzifəsinə təyin olundu. Əslində bu addım heç də gözlənilməz deyildi, sadəcə real vəziyyətin rəsmiləşdirilməsi idi. Birinci xanımın dövlət işlərində iştirakı yalnız vətəndaşların marağına cavab verir və xalqın onun həyata keçirdiyi tədbirlərdən, xeyriyyəçilik işlərindən, əhalinin imkansız zümrəsinə etdiyi yardımlardan razı olduğu hamıya yaxşı məlumdur.
Bundan əlavə, belə bir addımın vacibliyi bir də onunla ölçülməlidir ki, dövlətin idarə edilməsində ardıcıllıq, aydınlıq, mövcud sabitliyin təmin olunması kimi amillər dəyişməz qalır. Rəngli, qanlı inqilab və çevrilişlərdən sığortalanmağın özü ölkənin, onun vətəndaşlarının xeyrinə yönəlmiş ən vacib addımdır.
URL / WWW
http://raliyev.az/news/a-351.html