Авторское право © WWW : Персональный сайт Рафика Алиева
Перепубликация материалов,возможна только с устного или письменного разрешения Администрации сайта !
Название статьи , Опубликовано Новости » Публициcтика » Nüfuzlu diplomat
29.11.18 08:10

(Vəhdət Sultanzadənin yeni kitabı işıq üzü görüb)

Ömrünün 50 ildən çoxunu diplomatiyaya həsr etmiş, 28 ildən artıq müddət ərzində Əfqanıstan, İran, Türkiyə və Türkmənistanda atteşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif nüfuzlu vəzifələrdə çalışmış, Yaxın və Orta Şərqin diplomatiya, tarix, mədəniyyət və ədəbiyyatından bəhs edən yüzlərlə məqalənin və onlarla kitabın müəllifi olan təcrübəli diplomat Vəhdət Sultanzadənin işıq üzü görmüş “Diplomatiya: daxildən baxış” (“Дипломатия: взгляд изнутри”, 792 səh., Bakı, 2017)  adlı yeni, sanballı kitabı ilə tanış olduqdan sonra onun haqqında bəzi fikirlərimi oxucularla bölüşmək qərarına gəldim.
Vəhdət müəllimi yaxından tanıyan biri kimi deməliyəm ki, müstəqil Azərbaycan diplomatiyasının yaranmasına və inkişafina töhfə verənlər sırasında xüsusi çəkisi və rolu olan şəxsiyyətdir. Geniş bilik və təcrübə sahibi olan V.Sultanzadənin işində prinsipiallıq, dövlətinin və xalqın maraqları ilə bağlı mühüm məsələlərin həllində qətiyyət nümayiş etdirmək həmişə birinci dərəcəli vəzifə olub. Diplomatik fəaliyyətə ötən əsrin 70-ci illərindən başlayan Vəhdət Sultanzadənin diplomatik keyfiyyətləri hələ İran, Türkiyə, Mərakeş kimi müsəlman dövlətlərində işlədiyi vaxtlarda özünü göstərib. 2010-cu ildə Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edildikdən sonra isə Azərbaycan ilə Türkmənistan arasında siyasi, iqtisadi, ticari əlaqələrin inkişafı, dostluq münasibətlərinin möhkəmlənməsi məsələləri səfirin diqqət mərkəzində saxladığı məqamlardan ən vaciblisinə çevrilib. Azərbaycanın xarici siyasətində yaxından iştirak edən, dövlətimizi beynəlxalq aləmdə layiqincə təmsil edən Vəhdət Sultanzadə eyni zamanda təcrübəsini gənc diplomatlara miras qoymaq məqsədilə diplomatiya elminin sirlərini qələmə alır, bir-birindən maraqlı kitablar ərsəyə gətirir. Onun bu yaxınlarda işıq üzü görmüş yeni, fundamental xarakterli yeni kitabı bu baxımdan olduqca maraqlı və  dəyərlidir.
Kitab geniş və əhatəlidir. Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Şəfayət Mehdiyev, Nəsir İmanquliyev və Məmmədağa Sultanov kimi dahi şəxsiyyətlərin əziz xatirəsinə həsr olunmuş kitab “Böyük diplomatiyanın kiçik sirləri”, “Müdrik Şərqin sirli ölkəsi”, “Türk koleydoskopu”, “Mərkəzi Asiyanın çiçəklənən oazisi”, “Azərbaycan diplomatiyasının dövlət müstəqilliyimizin möhkəmlənməsinə verdiyi töhfə”, “Siyasi publisistika”, “Beynəlxalq məsələlərə dair bəzi arayışlar”, “Gənc diplomatlara on tövsiyə” və s. başlıqlardan ibarət bir-birinden  maraqlı hissələrə bölünüb.
Ön hissədə qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Demokratik Respublikasının türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu vurğulayan diplomat, müasir Azərbaycan dövlətini haqlı olaraq 100 illiyini qeyd etdiyimiz Xalq Cümhuriyyətinin yeganə varisi adlandırıb. Siyasətdə dahilik məqamına yüksəlmiş, nadir şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti və gərgin əməyi sayəsində yenidən müstəqillik qazanan dövlətimizin bu günə kimi həm daxili, həm də xarici siyasətdə  əldə etdiyi nailiyyətlər barədə oxuculara geniş məlumat verən Vəhdət Sultanzadə XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycanın dövrün tələblərinə uyğun xarici siyasət kursunu müəyyənləşdirilməsində və onu reallaşdırmaq üçün əsaslandırılmış diplomatik fəaliyyət konsepsiyası formalaşdırılmasında onun əvəzsiz rol oynadığını faktlarla əsaslandıraraq oxucuların diqqətinə çatdırıb. Müəllif Azərbaycanda dövlət quruculuğu sahəsində Heydər Əliyevin misilsiz xidmətləri və onun siyasi kursunun davamçısı və inkişafetdiricisi Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirilən iqtisadi islahatlar, Azərbaycanın son illərdəki iqtisadi inkişaf göstəriciləri haqqında diplomat məharətilə oxuculara geniş məlumatlar təqdim edir. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və 1 milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində həyata keçirilən diplomatik fəaliyyət barədə faktlara toxunan müəllif torpaqlarımızın geri qaytarılması istiqamətində mühüm diplomatik addımların atılmasını xüsusilə vurğulayıb.
Hər bir xalqın həyatında mühüm yer tutan diplomatiya barədə söhbət açan Vəhdət Sultanzadə onun dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda imicinin və mövqeyinin formalaşmasında olduqca vacib rol oynadığını yazıb. Müəllif özünəməxsus ənənələrə malik Azərbaycan diplomatiyasının zəngin tarixindən, coğrafi baxımdan mühüm mövqedə yerləşən ölkəmizin daim gərgin geosiyasi mübarizələrin meydanına çevrilməsindən, xüsusilə də bütün bunları təsdiq edən maraqlı faktlardan geniş söhbət açır, həqiqətləri oxucuya çatdırır.
Bu arada Vəhdət Sultanzadə dünyada cərəyan edən siyasi hadisələr, yaranmış gərgin geosiyasi vəziyyət barədə fikirlərini bölüşməyi də unutmayıb. Əfqanıstan, Suriya, İraqda baş verənlər, terrorizmə qarşı aparılan mübarizə, Avropada tüğyan edən iqtisadi böhran, gündən-günə artan kreditlər, bir sıra Şərq dövlətlərini bürümüş aclıq, yoxsulluq və səfalət müəllifin, demək olar ki, ən çox toxunduğu, təhlil etdiyi  məqamlardandır.
Müəllifin “Diplomatiya: daxildən baxış” kitabının ən maraqlı hissələrindən biri onun gənc diplomatlara verdiyi tövsiyələrdir. Vəhdət Sultanzadə qeyd edir ki,  həyatda heç kəs diplomat doğulmur, sonradan diplomat olur. Diplomatın əsas vəzifəsi öz ölkəsinə sədaqətli, xalqı qarşısında məsuliyyətli olmasıdır. O, həmçinin təmkinli, soyuqqanlı olmalı, zəhmətsevərliyi ilə seçilməli və daim özünü təkmilləşdirməyə, biliklərini zənginləşdirməyə, dünyagörüşünü genişləndirməyə, dövlətinin milli maraqlarını müdafiə etməyə çalışmalıdır. Kitabda Azərbaycan diplomatiyasının inkişafının müxtəlif mərhələlərini əks etdirən bir çox qiymətli tarixi sənədlər yer alır. Kitab tarixi epizodlar, onun dahi şəxsiyyələrlə görüşlər zamanı apardığı danışıqlar, İran inqilabı dövründə yaranmış gərgin vəziyyəti təsvir edən maraqlı faktlar Azərbaycan-Türkiyə, Azərbaycan-Türkmənistan əlaqələrindən bəhs edən tarixi məqamlar və maraqlı, rəngli foto materiallar ilə zəngindir. Bütün bunlar kitabın müəllifinin diplomatiya sahəsində nə qədər zəngin təcrübəyə və böyük diplomat qəlbinə sahib olduğunu sübut edir. Vəhdət  Sultanzadənin bu kitabı gənc və orta yaşlı diplomatlar üçün çox dəyərli tədris vəsaitidir. Onun həyat və yardıcılığı diplomatiyanın, demək olar ki, bütün sahələrini əhatə edir. Kitab iki siyasi-iqtisadi quruluşun – sosializm (SSRI dövrünün) və kapitalizmin (müstəqillik dövrünün) xüsusiyyətlərini əhatə etdiyi üçün gənc diplomatlar üçün əvəzedilməz faydalı tədris vasitəsi kimi qiymətləndirilməli və öyrənilməlidir. Kitab həm də geniş oxucu auditoriyası üçün lazım olan maraqlı məlumatlarla zəngindir.
URL / WWW
http://raliyev.az/news/a-377.html