Àâòîðñêîå ïðàâî © WWW :
Ïåðåïóáëèêàöèÿ ìàòåðèàëîâ,âîçìîæíà òîëüêî ñ óñòíîãî èëè ïèñüìåííîãî ðàçðåøåíèÿ Àäìèíèñòðàöèè ñàéòà !
Íàçâàíèå ñòàòüè , Îïóáëèêîâàíî » Ïóáëèöècòèêà » “Səmimi söhbət” - (Ruhla təkbətək): Sadıq Murtuzayev şərh edir
30.01.19 09:40

…Yenicə oxuyub başa çatdırdığım bu kitab məni bir müddət dərin düşüncələrə qərq etdi və bir neçə gün məni tərk etmədi. Xəyalımda çoxdan oxuduğum və mənəvi dünyamı heç vaxt tərk etməyən əzəmətli bir kitabı xatırladım. “Mərifətnamə” (4 cildlik)- bu kitabın müəllifi böyük türk mütəfəkkiri İbrahim Haqqı onu axundu olduğu Ərzurum məscidində 55 il ərzində yazıb tamamlamışdı.
“Səmimi söhbət” kitabının müəllifi isə fəlsəfə elmləri doktoru, professor, “Dünyada Sülh uğrunda Professorlar Akademiyasının” üzvü (ABŞ, Vaşinqton), “İslam araşdırmaları” üzrə koordinasiya şurasının üzvü (Rusiya Elmləri Akademiyasının Şərqşünaslıq İnstitutu), Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvü, Bakıda "İrşad" İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Yəhya oğlu Əliyevdir.

Müəllif əsərini yaxın dostu, mərhum akademik Tofiq Köçərlinin ruhu ilə söhbət üzərində aparır və tədricən insan fəlsəfəsinin ənginliklərinə baş vuraraq bizi elə ağuşuna alır ki, hər sözü, hər ifadəsi, hər cümləsi üzərində düşünüb daşınmağa məcbur oluruq. Və 70 il əvvəl ali məktəbdə oxuduğum illərdə mövcud olan bir təcrübə xəyalıma gəlir. O zaman müəyyən elmlərin ayrı-ayrı problemləri üzrə seminar adlandırdığımız bir təcrübə var idi. Bunlar təxminən 60 saat və daha çox davam edən mühazirələrdən sonra imtahanla qurtarardı. 
Bəs indi niyə belə kitablar üzərində belə təcrübə tətbiq olunmasın və yaxud niyə belə kitablar fəlsəfə dərslikləri kimi tövsiyə edilməsin, və yaxud fəlsəfə institutlarında elmi araşdırmalara cəlb edilməsin?
Mənim də yaxşı tanıdığım və dostluq etdiyim böyük şəxsiyyət Tofiq Köçərlinin ruhu ilə professorun keçirdiyi söhbətdə insan, ailə, cəmiyyət, dövlət, şüur, ürək, ruh, idrak, din, axirət dünyası haqqında bizi düşündürən elə bir problem yoxdur ki, müəllif ona mükəmməl məntiqi cavab verməmiş olsun. Və məhz elə bu baxımdan kitab niyə elmi araşdırmalar, dissertantlar üçün çox geniş bir mövzu üçün mənbə olmamış olsun. Bu mənada məni düşündürüb qələmə aldığım bu kiçik məqalə ilə kitaba şərh vermək çox çətin olsa da, onu geniş oxucu kütləsinə təqdim etmək xatirinə bunu yazmaq qərarına gəldim.
Müəllifin qeyd etdiyi kimi, müdriklik Allahın insana bəxş etdiyi elə bir istedaddır ki, o, hər adama verilmir və deyərdim ki, Rafiq müəllim bu adamların ən seçilmişi, xoşbəxtidir. Onun mütəfəkkir alim kimi fikirlərini çox nadir bir üsulla, Tofiq Köçərlinin ruhu ilə dialoqla başlayıb davam etdirməsi diqqətəlayiqdir. Müəllifin qeyd etdiyi kimi, “Allah insana istedadı ruhla birlikdə verir” şərhinə də haqq qazandırır. 
Müəllifin mənim də çox yaxından tanıdığım Tofiq Köçərliyə (Danimarkada keçirilən Azərbaycan günlərinin rəhbəri olduğum zaman daim yanımda olmuşdur) üz tutub dediyiniz “hamını gülərüzlə yola salır, sonda yenə dərdlərinizlə baş-başa qalardınız. İnsanlara yalnız müsbət enerji, yüksək əhval-ruhiyyə, lazımi informasiya ötürmək tərəfdarı idiniz”, “Kimsəyə əziyyət verməz, kimsəni çətin vəziyyətə salmazdınız” sözləri ilə təqdim etdiyiniz Tofiq müəllim həqiqətən böyük və bütöv şəxsiyyət idi. Daha sonra müəllif Tofiq Köçərli üçün “xeyirlə şəri, doğru ilə yalanı, sevinclə kədəri bir-birindən ayırmağı öyrədən bir şəxsiyyət” sözlərini əlavə edir.
İndi isə, əsasən, professorun kitabında səsləndirdiyi müdrik kəlamların heç olmasa bir qədərinə işıq salmağa çalışacağam.
“Olduğunuz kimi görünün”, “münasibətlərinizdə qeyri-səmimiyyətə yol varməyin”, “bacardığınız qədər bir-birinizə əl tutun” kəlamları içərisindən xüsusilə “səmimiyyət” anlayışını vurğulamaq istərdim. Cəmiyyətdə, ailədə, dostluqda, işdə bunun qədər dəyərli bir keyfiyyət ola bilərmi?! Elə güman edirəm ki, yox! Səmimiyyət qırılan yerdə ailələr dağılır, dostluq pozulur, işdə riyakarlıq, dedi-qodu baş alıb gedir, hətta dövlətlərarası münasibətlərdə arzu olunmaz münaqişələr baş verir və bəzən bunlar müharibələrə də gətirib çıxarır.
Müəllifin “natamamlıqdan, yarımçılıqdan uzaq olun” kəlamının xüsusilə işdə necə böyük əhəmiyyət daşıdığını götür-qoy edin. Onun “vətənpərvərlik”, “millətçilik” “məsuliyyətsizlik”, “işğalçılıq”, “talançılıq”, “zənginliyə hərislik”, “insanın qətlinə varmaq”, “demokratiya”, “konstitusiya”, “azadlıq”, “dini, irqi problemlər”, “dövlətçilik”, ”müxalifətçilik” kimi anlayışlara verdiyi şərhlər hər bir vətəndaş üçün, dövlət xadimi üçün dəyərlidir.
O, yazır: “İnsan Ölkəsini – Vətənini sevməlidir ki, böyüyüb boya-başa çatdığı Torpaq öz müqəddəslik statusunu onun üçün itirməsin! Bu, şərəf və ləyaqət göstəricisidir” sözlərinin ölçüyəgəlməz dəyərinə söz ola bilərmi?
Kitabda insanın insan kimi məhvinə gətirib çıxaran kin, paxıllıq, nifrət kimi anlayışlara müəllifin ikrah münasibəti oxucunu düşündürməyə bilərmi?
Kitabda müəllifin dövlətlərarası münasibətlər, dünyanı çuğlamış böhran dalğası və bundan xilas olmaq yolları, işğalçılıq, ehtiyac, aclıq, yoxsulluq, oğurluq, quldurluq, qisas, özəlləşdirmə, ümid və ümidsizlik, səbr, zəhmətkeşlik, nizam-intizam haqqında dedikləri və şərhləri dünyamızın düzəmi üçün çox böyük əhəmiyyət daşımaya bilərmi?!
Cəmiyyət barədə müəllifin düşüncələri və tövsiyələrinin bizim diqqət və qayğımıza böyük ehtiyacı var. “Cəmiyyəti tənqid etməklə əslində özümüzü tənqid edirik.Cəmiyyəti dəyişdirmək istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq” sözlərinin müdrikliyinə söz ola bilərmi?!
Kitabda dövlət və vətəndaş təhlükəsizliyinin əsas şərti kimi onlar arasındakı qarşılıqlı məsuliyyət hissinin həyatiliyi barədə dediklərinin çox dəyərli tövsiyə olmasını inkar etmək olarmı?! Müəllifin “insanın ən böyük düşməni onun özüdür”, “pis əməl sahibləri özlərini şeytan məskəninə çevirirlər” kəlamları diqqətəlayiqdir.
Müəllifin “paxıllıq” adlanan mənfur insani keyfiyyətə xüsusi bir fəsil ayırması, onun törətdiyi fəsadlara gətirdiyi misallar hər kəsi bunlara qarşı üsyana səsləyir. Müəllif imanın insanların tərbiyəsindəki böyük rolunu qeyd edir. Kitabda xeyir və şər anlayışlarının şərhinə dair də xüsusi fəsil ayrılmışdır. Qeyd edilir ki, heç bir cəmiyyət bu iki anlayışın fəsadlarından xali deyildir. Oxuyuruq: “İnsanlar arasındakı münasibətlər xeyir və şər adlı iki qüvvə üzərində qurulub. Bu iki qüvvə ömrümüzün sonuna kimi bizi təqib edir.” Və bu müddəaya dair müəllifin verdiyi geniş şərh də çox dəyərlidir.
Kitabda kənd həyatının gözəlliklərindən, adət-ənənələrindən gətirdiyi misalları oxuyarkən 35 il əvvəl elə həmin Tofiq Köçərli və onun böyük qardaşı, öz şəxsiyyəti ilə daha ucalıqda dayanan akademik Firudun Köçərli ilə əlaqədar bir fakt yadıma düşdü. Keçən əsrin 80-ci illərin ortalarında Gədəbəyə qonaq getmişdim. Yerli rəhbərlərin təşkil etdiyi məclisdə öz kəndlərində istirahətdə olan hər ikisi akademik olan Köçərli qardaşlarının dəvət olunmasını xahiş etmişdim. Məclisə Firudun müəllim tək gəlmişdi. Tofiq müəllimin nə üçün gəlmədiyini soruşduqda cavab verdi ki, bu gün onun ot biçiminə getmək növbəsidir. Atamdan bu növbənin pozulmasına icazə almağa cəsarətimiz çatmadı. Ailədə ata nüfuzunun qüdrətinə fikir verirsinizmi? İstirahətdə olan iki akademik növbə ilə günaşırı atanın qoyduğu nizamla ot biçməyə gedirlər və bu nizamdan bir gün də olsa yayınmaq qeyri-mümkündür.
Kitabda “həqiqət” anlayışına, bu müstəvidə pula, həqiqətin çılpaqlığına, pis və yaxşı əməllərə verilən dəyərlər oxucunu düşündürür, düşündükcə və bunların insan xarakterinin formalaşmasındakı roluna dair professorun saldığı işığa biz də bürünürük. Müəllifin “biri üçün yaxşı olanın digəri üçün pis olması” sözlərini oxuyarkən mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadənin “Yaxşı adam” şeirindən bir bəndi yadıma düşdü:

Biri üçün yaxşı olan başqasıyçün yaman olur,
Yaxşılığı yamanlıqdan seçən hakim zaman olur.

Müəllifin istedadın gözəgörünməzliyini insanın aynada öz xarici görkəmi və əksinin onun daxili aləmi ilə fərqli cəhətlərinə verdiyi şərhlər, insan xarakterinin formalaşmasında biliyin rolu, onun insana güclü bir silah kimi bəxş etdiyi nur, bundan məhrum olanların ömrünün sonuna kimi məzlum həyat tərzi keçirməsi barədə yazdıqları diqqətəlayiq kəlamlardır.
Kitabın “Həqiqət və varlıq haqqında düşüncələrim” adlanan fəsli insan amilinin qaranlıq künc-bucağına işıq salır. Müəllifin qeyd etdiyi: “İnsan yalnız sevmək, sevinmək üçün deyil, həm də əzab çəkmək, qəmlənmək, xəyanətə uğramaq üçün yaradılıb. İnsanın tab gətirdiyi əzablara başqa heç bir canlı varlıq dözə bilməz. Onun çəkdiyi ağrı-acıların sərhədi yoxdur. Dərdlərdən yalnız həyatdan vidalaşarkən xilas oluruq” fikirlərinə etiraz edən bir nəfər belə tapılarmı?! Elə bilirəm ki, bunlardan heç kəs xalı ola bilməz. Həyatı şan-şöhrətlə zəngin olanlar da, böyük dövlət xadimləri də, əzəmətli fatehlər də, sərkərdələr də dərddən, əzabdan xali olmamışlar.
Kitabda elm məbədimiz olan akademiya ilə bağlı fikirləri, ibadətlərə verdiyi dəyərlər, xüsusilə ailə sirrləri barədə dedikləri hər bir ziyalı üçün, ailə başçısı üçün son dərəcə dəyərlidir. Alimin torpağın müqəddəsliyi ilə əlaqədar dediklərini uzun illər torpaqla təmasda işləyən adam kimi alqışlayıram.
Sonda filosofun verdiyi on məsləhətinin hər biri bir əsər dəyərinə malikdir. Birinci məsləhətində insanlara hər zaman özünüzü müsbət enerji ilə yükləmək, auranızı sevinclə, gülərüzlə, təbəssümlə zənginləşdirmək, qəm-qüssəni qəlbinizdən silib atmaq tövsiyə olunur və bunun əməli yolları göstərilir.Bu yerdə bir bədbəxt el şairi (bədbəxtliyi doğma Kəlbəcərindən qopub qaçqın həyatı yaşaması ilə əlaqədar olub) Bəhmən Vətənoğlunun bir şeir bəndi yadıma düşdü:

“Qəlbindən qoy itsin qəm ilim-ilim,
Gəlsin xəyalıma o ilk sevgilim,
Sən nə bacarırsan çal-çağır gülüm,
Mən susum, kiriyim, lal qulaq asım!”

Müəllif ikinci tövsiyəsində insanları Kainatla, təbiətlə ünsiyyətə səsləyib yazır: “Kainatın yardımı olmasa biz istəklərimizə nail ola bilmərik. Məhz Kainatın köməyilə biz öz daxili “mən”imizi yaxşıya və ya pisə doğru dəyişə bilirik”. Bu tövsiyəsində həm də insanları naşükür olmamağa, tələsməməyə, istək və arzularına sərhəd qoymağa çağırır. Müəllif yazır: “...bizim hər birimiz arzularımızın yalnız bir hissəsini gerçəkləşdirə bilirik və çox vaxt bu xoşbəxtliklə qucaqlaşmağımız üçün kifayət edir”.
Üçüncü tövsiyəsində insanları öz hiss və davranışlarında gözəgörünməz qüvvələrin varlığını yaddan çıxarmamağı, həmin qüvvələrin bizə vaxtaşırı xoşbəxtlik, xeyirxahlıq, bəzən də kin, qəzəb, paxıllıq, hətta bizim həyatdan köçmək vaxtımızı da müəyyən etdiyini nəzərə almağı məsləhət görür.
Dördüncü tövsiyəsi xoşbəxtlik üçün ilk növbədə paxıllıq, kin kimi iyrənc keyfiyyətləri çalışıb özündən uzaqlaşdırmağı, xeyirlə-şəri eyni vaxtda qəlbdə saxlamağın mümkünsüzlüyünü, ruhu təmizləmədən heç bir uğurun qazanıla bilməməsini yaddan çıxarmamağı məsləhət görür. Xatırladır ki, sahib olduğu sərvəti başqalarının haqqına girərək qazanan heç kəs xoşbəxt ola bilməz.
Beşinci tövsiyəsində Allah, valideyn-övlad məhəbbətinin ülviliyindən bəhs olunur, bunların fəlsəfi, həyati anlayışlarına işıq salınır. Bu tövsiyəsində həm də adət-ənənələrin zamanla tənzim olunmasının vacibliyindən bəhs edilir. Müəllif cəmiyyətdə cərəyan edən adət-ənənələrin toxunulmazlığı fikrinin mövcudluğuna da toxunaraq qeyd edir ki, bunların zamanın hökmü ilə dəyişdirilməsinə faciə kimi baxılmamalıdır. Cəmiyyət kimi adətlər də canlıdır, zamanın tələbinə uyğun olaraq yaranır, yaşayır və nə vaxtsa ölür.
Altıncı tövsiyəsi xüsusilə dərin fəlsəfi anlayışlara, insanın dünya həyatındakı dörd elementlə - ürək, şüur, iman və sevgi ilə bağlı olmasının vəhdətindən bəhs edir. Müəllif qeyd edir ki, “Qəlbində iman və sevgi hissi olan insanın davranışlarını onun şüuru idarə edir. İman, sevgi və şüur sanki bir ailədir. Onların birini itirmək strukturu darmadağın, ruhu müflis edir və tədricən insan deformasiyaya uğrayır”. Heç şübhəsiz, belə bir deformasiya isə müəllifin dediyi kimi insanı həyatın zövqlərindən məhrum edir. İnsan çalışmalıdır ki, bu elementləein tarazlığı pozulmasın.
Müəllifin səkkizinci tövsiyəsi dinin yaranması, fəlsəfi və mənəvi-əxlaqi dəyərlərə həsr olunub. O, insanın varlığı üçün imanı həlledici amil hesab edərək bunun dindarlıqla eyniyyət təşkil etdiyini rədd edir. İman insanın ruhi vəziyyəti, dindarlıq isə tamamilə fərqli məfhumdur. Onun hakimiyyət, cəmiyyət və din üçbucağı adlandırdığı anlayışları xüsusilə maraqlıdır. Burada hakimiyyətə də, cəmiyyətə də, dinin cəmiyyətdəki roluna da qısa şərh verib həm də göstərir ki, bu üçbucaqda ən mürəkkəb element cəmiyyətdir. 
Müəllifin bir tövsiyəsi - uşağın tərbiyəsinə o, hələ ana bətnində olduğu zaman başlanılmalıdır, -fikri çox maraqlıdır. Böyük rus pedaqoqu A.S.Makarenkonun bir fikri də yada düşür. Onun “Valideynlər üçün kitab” əsərində belə bir olay verilmişdir. Bir gün onun yanına gənc bir cütlük gəlib soruşurlar ki, övladımız olub, onun tərbiyəsinə nə vaxtdan başlamalıyıq. Pedaqoq soruşur ki, uşaq nə vaxt doğulub? Deyirlər ki, üç gün əvvəl. Makarenko cavab verir ki, üç gün gecikmisiniz.
Professor Rafiq Əliyev isə daha da irəli gedərək qeyd edir ki, uşağın tərbiyəsinə hələ ana bətnində formalaşdığı zaman başlanılmalıdır və onun şərhi də bu fikrin məntiqinə haqq qazandırır.
Müəllifin cəmiyyətdə baş verən istənilən dəyişikliyin hakimiyyətdə öz əksini tapması, ya dinin, ya da hakimiyyətin qurban verilməsi, hakimiyyət və dinin yoxluğu cəmiyyətdə xaotik vəziyyət yaratması barədə dedikləri də çox maraqlıdır və biz tarix boyu bu prosesin aramsız baş verməsinin əksini görmüşük.
Müəllifin səkkizinci tövsiyəsi özünüqiymətləndirmə və qiymətləndirmə anlayışlarına həsr olunmuşdur və onun cəmiyyətin hər bir fərdinin özünəməxsus qiymətinin olması və bununla da onun digər fərdlər və ya toplumlar arasında öz yerini tapmasına dair fikirləri də tam reallıq olduğuna şübhə yoxdur. Tanrının bir-birinə bənzər iki insan yaratmaması, insan nədirsə onun özünə verdiyi qiymətin də o cür olduğu və bu qiymətləndirmədə vicdan məfhumunun həlledici amil olması da danılmazdır.
Müəllifin doqquzuncu məsləhətində insanın mənəvi rahatlığından söhbət açılır və qeyd edir ki, insanın beyni və cismi nə qədər ki, fəaliyyətdədir o, dincliyə qovuşa bilməz. Bu yerdə böyük L.N.Tolstoyun bir kəlamı yada düşür. Ondan soruşurlar: “Lev Nikolayeviç, necə yaşayırsan?” Cavab: “Allaha şükür, narahat”.
Müəllif bu yerdə də insanın ruhuna müraciət edir və göstərir ki, “ruh insana dinclik üçün yox, yaşamaq, həyatda fəaliyyət göstərmək üçün verilib”. ...”Ruhla cismin harmoniyası həyatın mənasını müəyyən edir”.
Müəllif bu tövsiyəsində ruhun varlığı və onun insan üzərindəki təsirlərinə dair geniş söhbət açır və bunlar hər kəs üçün çox maraqlıdır. Müəllifin bir kəlamını xüsusi olaraq qeyd etmək istərdim. “Ruh da mələklər kimi qeyri-adi qüdrətə malik olan pak və müqəddəs varlıqlardan biridir”.
Nəhayət müəllifin onuncu və sonuncu tövsiyəsində o, dialoq üçün niyə məhz Tofiq Köçərlini seçdiniz sualına cavab verir və cavab belədir: “Uzaq dağ kəndində dünyaya gəlmiş, gərgin zəhməti sayəsində elmi biliklərə yiyələnmiş, həyatın enişli-yoxuşlu yollarından keçmiş Tofiq müəllim ruhən mənə çox yaxındır.”
Əziz Rafiq müəllim, sizin hər ikinizi yaxından tanıdığıma görə mən də sizin bu qənaətinizi alqışlayır, sizə Tofiq Köçərli sayağı əbədi həyat arzu edirəm. Və kitabınızın son akkordlarında həyatın çox əsrarəngsiz bir qanunu olan cazibə qanununa toxunmanız isə elə bu qanunun kəşfi ilə özünə ölməzlik qazanmış Böyük Nyutonu da yada salıb üzümü oxuculara tutaraq deyirəm: 
“Əziz oxucu! Əgər özünüzü öyrənmək istəyirsinizsə, bu kitabı tapıb oxuyun, tapmaqda çətinlik çəksəniz, şəhərin mərkəzində olan “İrşad dini araşdırmalar mərkəzi”nə, onun rəhbəri Rafiq Yəhya oğlu Əliyevə müraciət edin.
Sonda Tofiq Köçərlinin ölümündən uzun illər keçdikdən sonra onun xatirəsini yada salıb bu kitabı yazmağa təhrik edən qızı İradə xanıma və qardaşı qızı Nüşabə xanıma əhsən deməyi özümə borc bilirəm.

Sadıq Murtuzayev,
filologiya üzrə fəlsəfə doktoru,
“Qızıl qələm” mükafatı laureatı
URL / WWW
http://raliyev.az/news/a-388.html