Àâòîðñêîå ïðàâî © WWW : Ïåðñîíàëüíûé ñàéò Ðàôèêà Àëèåâà
Ïåðåïóáëèêàöèÿ ìàòåðèàëîâ,âîçìîæíà òîëüêî ñ óñòíîãî èëè ïèñüìåííîãî ðàçðåøåíèÿ Àäìèíèñòðàöèè ñàéòà !
Íàçâàíèå ñòàòüè , Îïóáëèêîâàíî Íîâîñòè » Ïîëèòèêà » Şəfiqə Əfəndizadə yaradıcılığı – keçmişlə gələcəyin vəhdəti
22.02.19 03:08

Azərbaycan qadını tarixən müqəddəsliklə yanaşı, həmçinin müdriklik simvolu olub, iti zəkası, dərin düşüncəsi, geniş dünyagörüşü ilə dövlətçilik işində də,  mədəni və elmi inkişafımızda da müstəsna xidmətlər göstərib.  XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadın təhsili uğrunda mübarizənin geniş yayılmasında, qadın məktəblərinin yaradılmasında, burada təlim-tərbiyə işlərinin təşkilində mütərəqqi qadın pedaqoqların böyük xidmətləri olub. Mühafizəkarlar tərəfindən göstərilən şiddətli təzyiqlərə baxmayaraq, onlar azərbaycanlı qadınların savadlanması uğrunda fədakarcasına çalışıb, pedaqoji və hətta ədəbi-siyasi fəaliyyətlərini də davam etdiriblər. 
Sizə XX əsrdə Azərbaycan qadınları arasında təhsil, maarif və mədəniyyətin yayılması uğrunda fədakarcasına çalışmış həmin maarifpərvər, cəsarətilə, necə deyərlər, çoxlarını  dalana dirəyən qadınlardan biri - Şəfiqə Əfəndizadənın filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın gərgin zəhməti hesabına bu yaxınlarda işıq üzü görmüş “Şəfiqə Əfəndizadə. Seçilmiş əsərləri” (1903-1925) kitabı barədə məlumat vermək istərdim.
Kitabda ilk azərbaycanlı qadın jurnalist və publisist, Zaqafqaziyada birinci Azərbaycan dili müəlliməsi olmuş Şəfiqə Əfəndizadənin hekayələri, “İki yetim, yaxud Kərimin himməti”, “Qapıçı qızı” əsərləri və Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Xatirələr”indən parçalar toplanmışdır. Jurnalistlər, ədəbiyyatşünaslar, Azərbaycan qadınının mübarizə tarixinin təhqiqi ilə məşğul olan mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Şəfiqə xanımın həyatı, puplisistlik və pedaqoji fəaliyyəti barədə ətraflı məlumatlar yer alıb. XX əsrin əvvəllərində müsəlman türk -qadınlarının cəmiyyətdə yeri və rolunu göstərən, qadınlar arasında təhsilin, maarifçiliyin yayılması üçün fədakarlıqla çalışan, onların təşkilatlanmasında, öz hüquqları uğrunda mübarizə aparmasında böyük rol oynayan Şəfiqə xanım Əfəndizadə öz dövrünün taleyüklü problemlərini zərif çiyinlərində daşıyan qadın fədailərimizdəndir.

Dövrünün tanınmış ziyalılarından olan Məmmədəmin Şeyxzadənin ailəsində dünyaya göz açmış Şəfiqə Əfəndizadə özü də dövrünün ən yaxşı təhsil ocaqlarında təhsil almış və gənc yaşlarından etibarən qadın savadsızlığını aradan qaldırmaq uğrunda mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışmağa başlayıb. Hamımıza yaxşı bəllidir ki, həmin dövrdə müsəlman Şərqində qadınların yüksək səviyyədə təhsil almasının təməli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ilk qızlar məktəbi açması ilə qoyulmuşdur. 
Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalsa da, qızının dövlət məktəbində təhsil almadığı üçün, belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə xanım 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönüb rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir. O, cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə ilk dram dərnəyi yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edir. Şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradır. Qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda sərbəst, aydın, savadlı yazmağı da böyük həvəslə öyrədir. Azərbaycan qadınlarının maariflənməsi məsələsini önə çəkən Şəfiqə xanım Əfəndizadə onları təhsilli, savadlı, dünyagörüşlü görmək istəyini "Xanımlarımıza müjdə" sərlövhəli məqaləsində davam etdirir: “Xanım həmşərilərim! Gözünüz aydın olsun. Bir qaç aydan bəri yalvarıb xahiş etdiyiniz, acı-acı ifadələrlə anlatdığınız, sənələrcə yatmış-uyumuş dərdlərimizə dərman olacaqsa, elmdən-tərbiyədən olacağını düşünüb bir çarəsi varsa, o da xanımlar üçün kurslar açılması ilə yana-yakıla söylədiyinizin nəticəsidir ki, həmd olsun! Bu gün maarif nazirliyi tərəfindən qadınlara məxsus kurs üçün izn sadir oldu”.
Şəfiqə Əfəndizadə Azərbaycan dilinin tədrisi ilə məşğul olmuş ilk azərbaycanlı qadın olduğu kimi, həm də ilk azərbaycanlı qadın jurnalist kimi adını tarixə yazdırıb. O, dövri-mətbuatda fəaliyyətinə “Şərqi-rus” qəzetində başlayıb. Şəfiqə xanımın kitabda toplanmış bütün məqalələrindən aydın olur ki, o, qadınları hər zaman maarifə, təhsil almağa çağırırdı. Şəfiqə xanım “Bir çox ümidlərimiz” sərlövhəli məqaləsində yazır: "Ümidlərimiz çox böyükdür... Hər bir rəzalətin səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın dərmanı isə elmdir, maarifdir..." 
Şəfiqə Əfəndizadə yazılarında dövrün ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə işarə edir, qadın hüquqsuzluğu və savadsızlığından, bu savadsızlıq üzündən millətin gələcəyində baş verə biləcək fəlakətlərdən bəhs edir, problemin aradan qaldırılması yollarını axtarır, dövrün ziyalılarını və maarifçilərini həmrəliyə çağırır. Maraqlıdır ki, Şəfiqə xanım öz məqalələrində dövrünün ən aktual mövzularına yer ayırır, bəzən də olmuş hadisələri qələmə alırdı. Məsələn, kitabı oxuyarkən belə bir fakta rast gələcəksiniz ki, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilk dəfə 1916-cı ildə Tağıyev teatrında tamaşaya qoyulanda  Şəfiqə xanım salonda bir qadının ağladığını görərək ona yaxınlaşır. Nə üçün ağladığını soruşanda, qadın “Bu ki mənim həyatımdır, çəkdiyim əzablardır”, - deyə həyəcanla cavab verir. “Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır”, - deyə Şəfiqə xanım onu sakitləşdirir. Hadisədən bərk təsirlənən Şəfiqə xanım “Açıq söz” qəzetində “Ölülər” pyesinin teatr həlli haqqında resenziya və reportaj yazır. 
Kitabda yer almış faktlardan görürük ki, Şəfiqə xanım həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. Birinci Dünya müharibəsi zamanı Azərbaycanda qaçqınlara dəstək olmaq üçün başlanan hərəkatın fəal iştirakçılarından olan Şəfiqə xanım “Xatirələr”ində bu barədə yazır: “1914-cü ildə müharibə başladı. Şəhərimizdə "Nicat" xeyriyyə cəmiyyəti qaçqınlara kömək üçün şöbə açdı. Qadın qayğısı, qadın hərarəti anlayışına əsaslanaraq "Nicat" cəmiyyətinin şöbəsi kimi "Ünas" xeyriyyə cəmiyyəti açılmışdı. Bu cəmiyyətin sədri Liza xanım Muxtarova, onun müavini Rəhilə xanım Hacıbabayeva idi. Katibi mən idim... Cəmiyyətimiz güclü idi... Biz qəzetlərdə ianə sütunları dərc edirdik, xeyriyyə axşamları təşkil edirdik. "Mövlud" cəmiyyəti təşkil etdik, Novruz bayramı şərəfinə şənliklər keçirdik. Bu və digər tədbirlərlə böyük ianələr topladıq. Bununla, müharibədən əziyyət çəkmiş Sarıqamış ətrafına yardım əli uzatdıq”. 
Kitabda Şəfiqə xanımın ictimai xadim kimi gördüyü işlər barədə ətraflı bəhs olunur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Bakıda “İsmailiyyə” binasında keçirilən Qafqaz müsəlmanları qurultayında Azərbaycan qadınlarının təmsilçisi kimi Şəfiqə xanım Əfəndizadə və Sara xanım Vəzirova seçilmişdi. Ş.Əfəndizadənin ölkənin təkcə ictimai deyil, həm də siyasi həyatında fəal iştirakı da Azərbaycan qadını üçün bir yenilik idi. Şamaxı Milli Komitəsinin xahişi ilə Şəfiqə xanım hətta 3 oktyabr 1917-ci ildə Şamaxı şəhərindəki bələdiyyə seçkilərində qadınlara rəhbərlik etmək üçün Bakı Milli Komitəsi tərəfindən bu şəhərə göndərilmişdi.
Şəfiqə xanım vətənin qeydinə qalmaq üçün uşaqları milli ruhda, milli ovqatda bəsləmək, onların beşiyi başında oxunan laylalarla qəlblərinə vətən sevgisi aşılamağın hər bir qadının müqəddəs vəzifəsi olduğunu göstərir: “Halbuki millətimizə yanşıyan şanlı əsgərlər bizim ağuşumuzdan doğmalıdır. Əsgərlərimizi müharibəyə biz təşviq etməliyiz. Kəndimiz çalışmalı, onlara nümunə olmalıyız”. Şəfiqə xanımın bu sözləri deməsindən uzun illər keçməsinə baxmayaraq, həmin fikirlər bu gün də müqəddəs missiya kimi hər bir Azərbaycan qadınının qarşısında durur. Əsas şüarı “Vətənə layiqli övlad yetişdirmək!” olan Şəfiqə Əfəndizadə əsl publisist, jurnalist, maarifpərvər ziyalı və nəhayət Vətənini, xalqını sevən insan kimi xalqın üzləşdiyi çətinlikləri işıqlandırır, onların həlli yollarını axtarırdı. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə yazırdı: “Analar! Qızlarınızı oxudun!” Vətənpərvər xanım hər bir qadının vətənə sadiq, çevik, cəsur, igidlər yetişdirməli olduğunu deyirdi. Onun vətən haqqında, millət haqqında yazdığı məqalələr bu gün də aktuallığını qoruyub saxlayır. “Şəfiqə Əfəndizadə. Seçilmiş əsərləri” kitabını vərəqlədikcə gənclərə örnək ola biləcək şərəfli bir ömür yolu keçdiyinin şahidi olacaqsınız. Kitabda toplanmış məqalələrdə yer alan fakt və hadisələr Azərbaycanın elm, incəsənət və mətbuat tarixinin açılmamış səhifələrini işıqlandırmaqda tədqiqatçılara yardımçı olacaq.
“Şəfiqə Əfəndizadə. Seçilmiş əsərləri” kitabının tərtibatçısı filologiya elmləri doktoru Şəhla Abdullayeva böyük diqqət, səbr və vaxt tələb edən bir işin görülməsində həqiqətən çox zəhmət çəkmiş, minlərlə arxiv materialını, o dövrün mətbuatını nəzərdən keçirmişdir.
Bir il ərzində Şəfiqə xanımın əski əlifba ilə yazdıqlarını hər qəzet və jurnalda axtarıb tapmaq onları müvafiq mövzulara uyğun bölmək, səliqəyə salmaq asan iş deyil. Belə bir işin öhdəsindən gəlib, axtarışları nəfis kitab halınsa salmış Şəhla xanım özü də bir çox maraqlı elmi əsərlərin müəllifidir. Şəhla xanımı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etməyi özümüme borc bilirik. Sizə böyük yaradıcılıq arzulayırıq, Şəhla xanım.

Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor
URL / WWW
http://raliyev.az/news/a-393.html