Àâòîðñêîå ïðàâî © WWW :
Ïåðåïóáëèêàöèÿ ìàòåðèàëîâ,âîçìîæíà òîëüêî ñ óñòíîãî èëè ïèñüìåííîãî ðàçðåøåíèÿ Àäìèíèñòðàöèè ñàéòà !
Íàçâàíèå ñòàòüè , Îïóáëèêîâàíî » Ïîëèòèêà » Dağlıq Qarabağ - 2020
14.01.20 06:24

Bu yaxınlarda ölkəmizin aparıcı siyasətşünasları həm kütləvi informasiya vasitələrində, həm də televiziya proqramlarında 2019-cu ilin yekunlarını geniş formatda müzakirə edib yeni - 2020-ci il üçün bəzi proqnozlar verdilər. Xüsusilə qeyd etmək vacibdir ki, onların tam əksəriyyəti əsas nailiyyətləri sadaladıqdan sonra 2019-cu ili, obyektiv olaraq, xalqımız və ölkəmiz üçün uğurlu il kimi qiymətləndirdi. Əldə olunan nailiyyətlərdən bəhs edərkən ölkədə uzun müddət dayanıqlı sabitliyin qorunub saxlanıldığını, xarici siyasətdə balanslaşdırılmış variantın üstünlük təşkil etdiyini, sosial sahədə bir çox islahatların həyata keçirildiyini, əmək haqlarının, sosial yardımların, pensiyaların bir neçə dəfə artırıldığını, ölkəmizin neft siyasətində plan və layihələrin davam etdirildiyini xüsusilə vurğuladılar. 

Ölkə rəhbərliyinin əhalinin sosial-maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmış ardıcıl siyasət yürütməsi təqdirəlayiq hal kimi qiymətləndirildi. Əlbəttə, aparılan təhlil zamanı dünya siyasətində baş verənlər, böyük və güclü dövlətlərin öz təsir dairələrini genişləndirmək iddiaları və bundan qaynaqlanan gərginliklər də diqqətdən qaçmadı. Sözsüz ki, 20 ildir Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ probleminin həllində əldə edilən bəzi müsbət və oxşar tendensiyaların mövcudluğu da qeyd olundu. Daha sonra yeni il üçün proqnozlar səsləndirildi. Fikir müxtəlifliyinin, demək olar ki, qeyri-mövcudluğu belə bir nəticəyə gəlməyi şərtləndirdi: "Dağlıq Qarabağ probleminin həllində hiss ediləcək dəyişikliklər olmayacaq". Amma həmişə olduğu kimi, "Qarabağ bizim əzəli torpağımızdır və problemin həlli istiqamətində ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində ədalət bərpa olunacaq, torpaqlar geri qaytarılacaq" fikrinə inam ifadə olundu. 

Son illərdə və aylarda eşitdiklərimizi, oxuduqlarımızı təhlil edərkən belə bir nəticəyə gəldim ki, dünyada, Yaxın və Orta Şərqdə baş verən dəyişiklikləri, Avropa ilə ABŞ arasında yaranmış münaqişələri, iqtisadi sahədə real şəkildə artan inamsızlığı, hərc-mərcliyi, Şimali Atlantik hərbi-siyasi alyansının (NATO) daxilində baş verən və yüksələn xətt üzrə cərəyan edən beynəlxalq qruplaşmalar, kontinentlər arasında həlli getdikcə çətinləşən ziddiyyətləri, İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı ciddi fikir ayrılığından irəli gələn çətinlikləri, Qərb ölkələrində daxili çəkişmələri, miqrant axını ilə bağlı baş verən gözə görünməsi istənilməyən neqativ hadisələrin dünya siyasətinə, beynəlxalq duruma təsirini, yeni geopolitik dəyişiklikləri diqqətdən qaçırmaq olmaz. Əslində, son iki ildə  regionumuzda bizim xeyrimizə çox ciddi müsbət dəyişikliklər baş vermişdir. Onlardan bizim üçün ən vacibləri: Suriyada hərbi-siyasi vəziyyətin Suriya hökumətinin, Rusiya Federasiyasının və onun müttəfiqlərinin köməyilə Suriya hakimiyyətinin xeyrinə dəyişməsidir. Regionda terrorçu qrupların hissə-hissə məhv edilməsi, Yaxın Şərqdən Qərb ölkələrinin tədricən məcburi çıxarılması, bu zonada Rusiya, Türkiyə və İranın birgə səyləri nəticəsində siyasi-hərbi vəziyyətdə köklü şəkildə dəyişikliyin baş verməsidir. Türkiyə-Rusiya-İran üçlüyü təkcə Yaxın Şərqdə deyil, ümumiyyətlə, Avropada və dünyada siyasi-hərbi balansı pozmuş, yeni geopolitik vəziyyət yaranmışdır. Bölgədə ABŞ-ın ənənəvi müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə münasibətlərin soyuqluğu fonunda Səudiyyə Ərəbistanının vəliəhdinin Moskva yönümlü siyasət yürütməsi, Səudiyyə Ərəbistanı ilə Türkiyə və İran arasında gərginliyin dondurulması kimi vacib elementləri təhlildən kənarda saxlamaq əsla mümkün deyil. Deyilənlərdən nəticə çıxarmaq fikrinə düşsək, ilk sual bu ola bilər: Bəs bizim üçün əsas olan nədir?

Yaxın Şərqdə qüvvələr balansı nisbətən müəyyənləşmiş, regionun qarantı roluna adı çəkilən üçlüyün, əslində isə Rusiya Federasiyasının təsiri ciddiləşmiş və ona təzyiq göstərəcək, bu prosesə ciddi mane ola biləcək ikinci ölkə yoxdur.

Ənənəvi olaraq bir-birinə potensial düşmən kimi qiymətləndirilən Rusiya, Türkiyə və İran bu uzunmüddətli statusu dəyişmişdir. Deməli, Rusiyanın regionda forpostu olan Ermənistan iki əsrlik Yaxın Şərqi nəzarətdə saxlamaq kimi çox vacib rolunu, demək olar ki, itirmişdir. Bu, çox əhəmiyyətli hadisədir. Bunu nəzərə almamaq həqiqətən səhv olardı.

Rusiya-Ermənistan arasındakı uzunmüddətli əməkdaşlığın xeyli zəifləməsi, hətta bu əlaqələrin pisləşməsi fonunda Rusiya-Azərbaycan arasında siyasi-hərbi əməkdaşlığın genişlənməsi, dərinləşməsi çox müsbət hadisə kimi qiymətləndirilməlidir. Bundan əlavə, Rusiya və Azərbaycan rəhbərliyi arasında mövcud olan şəxsi dostluq münasibətlərini də nəzərdən qaçırmaq olmaz. Bunun sübutu kimi bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidentinin "Dostluq" ordeni ilə təltif olunmasını, Moskvaya rəsmi səfərini, ən yüksək səviyyədə qarşılanmasını, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə, hökumət başçısı Dmitri Medvedevlə rəsmi görüşləri bir daha göstərdi ki, Azərbaycan bölgədə əsas strateji müttəfiqidir. Növbəti il üçün proqnozlar səsləndirərkən bu məqamları nəzərə almamaq qətiyyən mümkün deyil. Azərbaycan bu gün beynəlxalq görüşlərin, o cümlədən, Rusiya Federasiyasının hərbi rəhbərliyilə ABŞ-ın yüksək rütbəli hərbçilərinin görüş yerinə çevrilmişdir. Bu da Rusiyanın ölkəmizə münasibətinin müsbət istiqamətdə dəyişməsinə dəlalət edir.

İqtisadi sahəyə gəlincə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi də xeyli artmışdır. Bütün bunlar bizə reallığa daha yaxın olan, pozitiv, optimist proqnoz verməyə imkan yaradır. Dilə gətirəcəyim proqnoz 20 ildən çox bir müddətdə ortaya çıxıb və ən çox müzakirə olunan planın reallaşacağına inamdır. Həmin plan problemin iki mərhələli həllidir. Birinci mərhələyə əsasən, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların (söhbət 5 rayondan gedir) azad edilməsi, erməni işğalçılarının hərbi birləşmələrinin zonadan çıxarılması və Dağlıq Qarabağın xüsusi statusu haqda danışıqlar davam etdirilməlidir. Növbəti mərhələdə uyğun olaraq isə münaqişə tərəflərinin hərbçilərinin təmas xəttində Rusiya Federasiyasının hərbçilərinin yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Bu plan hələ 2003-cü ildə geniş müzakirə olunurdu. Yadınızdadırsa, Ermənistan parlamentində terrakt oldu, parlamentin rəhbərliyi güllə-boran edildi. O zaman dövlət başçısı əslən livanlı olan siyasi xadim Levon Ter Petrosyan idi. Bu hadisədən sonra o, vəzifəsindən istefa verdi və hakimiyyətə əslən azərbaycanlı olan (əslən Daşkəsəndəndir) Koçaryan gəldi. Beləcə, erməni-rus əlaqələri yaxşı mənada ciddi surətdə dəyişdi.

Nə isə, problemin 2 etaplı həll planı Türkiyədə Rusiyanın təyyarəsinin vurulmasından 4 gün sonra təxirə salındı. Türkiyənin baş naziri Davudoğlunun amerikalılarla birgə hazırladığı dövlət çevrilişinin ilk qurbanı bəlli oldu. Türkiyəni dəstəklədiyi üçün Azərbaycan Rusiya tərəfindən cəzalandırıldı. Ermənilər hazır müqaviləyə imza atmaqdan imtina etdilər. Beləliklə, tam hazır olan müqavilə indiyədək imzalanmamış qalmaqdadır.

Azərbaycanda son 4-5 ayda baş verən siyasi-iqtisadi dəyişikliklər, kadr korpusundakı yerdəyişmələr, sosial islahatlar, Azərbaycan-Rusiya münasibətlərinin mahiyyət etibarı ilə yenilənməsi, ölkə rəhbərliyinin Avropaya inteqrasiyadan imtina etməsi ölkədaxili siyasi qruplaşmaların zəifləyərək gözləmə mövqeyinə keçməsi və sair bu qəbildən olan dəyişikliklər ondan xəbər verir ki, Rusiya Federasiyası Cənubi Qafqazda strateji müttəfiq kimi Azərbaycanı müəyyənləşdirib. Mənim fikrimcə, Rusiya bunu təkcə sözdə deyil, eyni zamanda, əməldə də nümayiş etdirəcək. Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlardan bir neçəsinin, ola bilsin ki, 5 rayonun işğaldan azad edilməsini təmin edib, təmas xəttində öz hərbi qüvvələrini yerləşdirməklə bölgədə sözü keçən yeganə böyük dövlət statusunu yenidən təsbit edəcək. ABŞ və Fransa, Minsk qrupunun həmsədrləri, demək olar ki, bu proseslərdən kənarda qalacaq.

Bundan əlavə, torpaqların bir hissəsinin müharibəsiz qaytarılması Azərbaycanın siyasi rəhbərliyinin ölkədaxili mövqeyini daha da möhkəmlənməsinə gətirib çıxaracaq və uzunmüddətli siyasi sabitliyi təmin edəcək. Bütün bu vacib dəyişikliklərin 2020-ci ilin ortalarında baş verəcəyini güman edirəm.

Odur ki, oxucuların qarşısında iki, bir-birinə uyğun olmayan proqnoz var. Bunlardan hansının daha çox şanslı olduğunu zaman göstərəcək. 
URL / WWW
http://raliyev.az/news/a-413.html